Son yenilənmə tarixi: 29/04/2025
Xarici universitetlərdən transfer qaydalarına dair məqaləm müəyyən səbəblərə görə təhsilini xarici ölkənin hər hansı bir təhsil müəssisəsində dayandıraraq, Azərbaycanda davam etdirmək istəyən (transfer olunmaq) tələbələrimiz üçün nəzərdə tutulub.
Məqalə xarici universitetlərdən transfer qaydalarına aid olsa da, ölkə daxilində də köçürülmə (məs., Gəncə Dövlət Universitetindən Bakı Dövlət Universitetinə və s.) mümkündür.
Köçürülmə üçün tələblər
Xarici ölkənin hər hansısa bir təhsil müəssisəsindən Azərbaycana köçürülmə (transfer) zamanı bir neçə nüans nəzərə alınır. Həmin nüanslar barədə qısaca danışaq.
Akademik tələblər
Akademik tələb dedikdə, tələbənin xarici universitetə qəbul aldığı zaman istifadə etdiyi sənəd (DİM nəticəsi, beynəlxalq imtahan nəticələri, digər dövlətin milli imtahan nəticələri, təkcə attestatla), təhsil aldığı zaman yığdığı kreditlər, təhsilalma forması (əyani, qiyabi) və tələbənin hal-hazırkı statusu (dondurulmuş və ya aktiv) nəzərə alınır.
Akademik tələbi bir qədər aydınlaşdırmaq naminə əlavələri edim. Deməli, tələbənin transfer müraciəti zamanı aşağıdakı qeyd etdiyim hər hansı bir sənəddən istifadə edə bilər, yəni:
- DİM nəticəsi
- Tələbə xarici universitetdə oxumağa başladığı ildə Dövlət İmtahan Mərkəzinin keçdirdiyi imtahanların blok hissəsində (yəni, yerli təhsil müəssisələrinə qəbul üçün) iştirak etmiş olmalıdır;
- Tələbə DİM tərəfindən keçirilən imtahanda köçürülmək istədiyi universitetin ixtisası üçün həmin il qeydə alınan minimal, yəni keçid balını yığmış olmalıdır. Məsələn, tələbə 2021-ci ildə məzun olur və həmin ildə xarici bir universitetdə Hüquq üzrə bakalavr təhsilinə başlayır. Transfer olunmaq istəyən tələbə, BDU-nun Hüquq ixtisası üçün həmin ildəki (2021-ci il) keçid balını yığmış olmalıdır.
Bax: sənədin nümunə forması (Dövlət İmtahan Mərkəzinin müvafiq balın yığılması ilə bağlı);
- Beynəlxalq imtahan və digər ölkənin milli qəbul imtahanları ilə
- DİM imtahanında iştirak etməmiş tələbələr isə Dövlət İmtahan Mərkəzinə müraciət edib, imtahanda iştirak etməməkləri ilə bağlı arayış almalıdırlar;
- Yuxarıdakı sənədlə birlikdə beynəlxalq imtahan nəticələrini də (SAT-dən ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, ALevel – C və ya B, ACT – 27 bal) hazırlamalıdırlar.
Bax: sənədin nümunə forması (Dövlət İmtahan Mərkəzinin imtahanlarında iştirak etməməklə bağlı arayışı)
- Digər tələblər
- Tələbənin təhsil aldığı təhsil müəssisəsi akkreditə olunmuş (yəni, öz ölkəsində tanınan) təhsil müəssisəsi olmalıdır;
- Tələbə əyani və ya qiyabi təhsilalma formasının birində təhsil almalı və həmin ixtisas Azərbaycanda da eyni formada tədris oluna bilinməlidir;
- Tələbə sonuncu təhsil ilində (son kursda) olmamalıdır;
- Tələbə təhsil müddəti boyunca nəzərdə tutulan tədris yükünün ən azı ikidə bir hissəsini (məsələn, 60 kreditlik 1 illik təhsil yükünün ən azı 30 kreditini) tamamlamış olmalıdır;
Sənədləşmə tələbləri
Yuxarıda qeyd etdiyim akademik meyarları yerinə yetirən tələbələr aşağıda qeyd etdiyim sənədləri hazırlamalıdır.
- Arayış
Tələbənin xarici universitetdə oxumağı ilə bağlı arayış həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırılmalı (apostil olunmalı), azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.
- Akademik transkript
Keçirilmiş bütün fənlərin qiymətləri və kreditlərini özündə əks etdirən akademik transkript (qiymət cədvəli) də həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırılmalı (apostil olunmalı), azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.
- Təhsil haqqına görə borcun olmaması
Tələbə, faktiki təhsil aldığı xarici universitetdən universitetə təhsil haqqı borcunun olmaması ilə bağlı arayış almalı, həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırmalı (apostil etməli), azərbaycan dilinə tərcümə və notarial təsdiq etməlidir. Eyni zamanda, tələbə təhsil haqqının ödənişləri barədə qəbzləri də hazırlamalıdır.
Bax: sənədin nümunə forması.
- Qismən tanınma şəhadətnaməsi
2024-cü ilin iyun ayında edilmiş dəyişikliyə əsasən xarici universitetdə təhsil alan tələbə əvvəlcə TKTA-nın qismən tanınma şəhadətnaməsini əldə etməlidir. Şəhadətnaməninin əldə olunması üçün tələb olunan sənədlər (xarici pasportun əsas (şəkil olan) və ölkəyə giriş-çıxış, viza səhifələrinin (əgər varsa) skanı, şəxsiyyət vəsiqəsinin hər iki üzünün skanı, kişi tələbələr üçün hərbi biletin (və ya ilkin hərbi qeydiyyat) skanı və yuxarıda qeyd olunan sənədlərin skan versiyası) https://apply.enic.edu.az/ keçidi vasitəsilə portala yüklənməli, 250 AZN dövlət rüsumu ödənilərək rəsmi qaydada (elektron şəkildə) müraciət olunmalıdır.
Qeyd: Qismən tanınma haqqında şəhadətnamə olmadan transfer üçün müraciət mümkün deyil. Qismən tanınma şəhadətnaməsi üçün ilboyu müraciət etmək mümkündür.
Müraciət qaydası
Tələbə https://portal.edu.az/ keçidi üzərindən ilkin qeydiyyatını tamamlamalı və şəxsi məlumatlarını qeyd etməlidir. Daha sonra isə açılan pəncərədə müraciət üçün əsas hesab olunan variant seçilməlidir. Nəzərə almaq lazımdır ki, müraciət üçün yalnız bir variant seçilə bilər.
Bu pəncərədəki məlumatlar tamamlandıqdan sonra, növbəti pəncərədə sənədləri portala yükləmək və müraciəti təsdiq etmək lazımdır.
Bu hissədə tövsiyə olunur ki, aşağıdakı qeyd etdiyim nüanslara diqqət yetirilsin:
- “Qəbul imtahanlarında qazandığı nəticələr” hissəsinə bütün imtahan nəticələri (DİM, YÖS, SAT və s.) birləşdirilərək tək PDF şəklində yüklənilsin;
- “Akademik arayış” hissəsinə arayışın, transkriptin apostilli əslinin və azərbaycan dilinə notarial tərcümə olunmuş versiyalarının skanı birləşdirilərək tək PDF şəklində yüklənilsin;
- “Təhsil haqqı borcunun olmaması barədə sənəd” hissəsinə isə universitetdən əldə olunan arayışın apostilli əsli, azərbaycan dilinə notarial tərcümə olunmuş variantı və ya ödəniş qəbzlərinin skanı birləşdirilərək tək PDF şəklində yüklənilsin.
Transfer üçün müraciətlər cari ilin (yəni, Azərbaycanda təhsilə başlanılan il) adətən yanvar-fevral və iyun-iyul aylarında qəbul edilir. Bəzi hallarda, qış üçün transfer müraciəti açılmaya da bilər.
İmtina səbəbləri
Tələbənin təhsil forması Azərbaycan ərazisində tanınmırsa, faktiki təhsil aldığı universitet akkreditə olunmayıbsa (yəni, öz ölkəsində tanınmırsa), tələbənin kəsrləri bütün fənlərin 50%-dən çoxunu əhatə edirsə, köçürülmə mümkün olmayacaqdır.
Xüsusi qeydlər
Xüsusilə qeyd edim ki, müraciət ərzində qeyd olunan sənədlərdən əlavə sənədlər tələb oluna bilər. Eyni zamanda müraciətin düzgün aparılması (tələb olunan sənədlərin tamlığı və düzgün qaydada hazırlanması) transfer müraciətinin müsbət cavablandırılacağına təminat vermir, yəni transfer istəyi mənfi cavabla da nəticələnə bilər.
Tələbənin transfer müraciətinə müsbət cavab verilərsə və tələbə sonradan fikrini dəyişərsə, həmin tələbənin məcburi şəkildə Azərbaycana köçürülmə kimi bir öhdəliyi yoxdur. Yəni, tələbə istəsə, xarici təhsil müəssisəsində öz təhsilini davam etdirə bilər.
Son olaraq onu da qeyd edim ki, transfer müraciəti müsbət qərarlandırılmış tələbə həmin qərardan imtina edərsə və növbəti ilə Azərbaycanda yerləşən təhsil müəssisəsinə transfer olunmaq istəyərsə, transfer üçün növbəti il yenidən müraciət etməlidir.
İstinadlar:
- Bu gündən tələbələrin köçürülməsinə başlanılır, 25.07.2024. Keçid: https://edu.gov.az/az/news-and-updates/21303-1
- Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam, 22.07.2024. Keçid: https://tkta.edu.az/p/news/c/telebelerin-kocurulmesi-transferi-ile-bagli-vacib-meqam-861
- Tələbələrin köçürülməsi prosesinə başlanılır, 19.07.2024. Keçid: https://edu.gov.az/az/news-and-updates/21303-1
- Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam, 21.06.2024. Keçid: https://tkta.edu.az/p/news/c/telebelerin-kocurulmesi-transferi-ile-bagli-vacib-meqam
- Qismən tanınma nədir?, 12.06.2024. Keçid: https://tkta.edu.az/p/news/c/qismen-taninma-nedir
- Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlər. Keçid: https://edu.gov.az/uploads/Ali-tehsil/senendler/kocurulme-ucun-teleb-ounan-senedler.pdf
- Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulansuallar və onların cavabları. Keçid: https://edu.gov.az/uploads/Ali-tehsil/2024/Transfer-ali-tehsil-sual-cavab.pdf
- AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİNKOLLEGİYASININ QƏRARI. Keçid: https://e-qanun.az/framework/56513