Xarici universitetlərdən köçürülmə qaydaları

Xarici universitetlərdən köçürülmə qaydaları

Son yenilənmə tarixi: 27/06/2025

Xarici universitetlərdən köçürülmə qaydalarına dair məqaləm müəyyən səbəblərə görə təhsilini xarici ölkənin hər hansı bir təhsil müəssisəsində dayandıraraq, Azərbaycanda davam etdirmək istəyən (köçürülmək istəyən) tələbələrimiz üçün nəzərdə tutulub.

Ümumi olaraq qeyd edim ki, məqalə xarici universitetlərdən transfer qaydalarına aid olsa da, ölkə daxilində də köçürülmə (məs., Gəncə Dövlət Universitetindən Bakı Dövlət Universitetinə və s.) mümkündür.

Köçürülmə üçün tələblər

Xarici ölkənin hər hansısa bir təhsil müəssisəsindən Azərbaycana köçürülmə (transfer) zamanı iki əsas nüans nəzərə alınır. Həmin nüanslar barədə qısaca danışaq.

Akademik tələblər

Xaricdə təhsil alan tələbənin Azərbaycana köçürülməsi üçün ilk meyar akademik tələblərdir. Yəni:

  1. Tələbə dünyada ən yaxşı 500 təhsil müəssisəsindən birində təhsil almalı və ya beynəlxalq imtahan və ya digər dövlətin milli imtahan nəticəsinə (SAT-dən ən azı 1200 bal (riyaziyyat üzrə ən azı 650 bal), YÖS imtahanlarında ən azı 75 faiz, ЕГЭ imtahanlarında 300 bal (hər fənn üzrə minimum 75 bal), AP – 3 və ya 4, İB diplom – 25-35, ALevel – C və ya B, ACT – 27 bal) malik olmalıdır;
  2. İndiyə qədər keçdiyi fənlərin imtahanından ən azı 50% müsbət nəticə əldə etməlidir, yəni kəsrlərinin sayı ümumi fənlərin yarısından çox olmamalıdır.

Sənədləşmə tələbləri

Yuxarıda qeyd etdiyim akademik meyarları yerinə yetirən tələbələr aşağıda qeyd etdiyim sənədləri hazırlamalıdır.

  1. Arayış

Tələbənin xarici universitetdə oxumağı ilə bağlı arayış həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırılmalı (apostil olunmalı), azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.

  1. Akademik transkript

Keçirilmiş bütün fənlərin qiymətləri və kreditlərini özündə əks etdirən akademik transkript (qiymət cədvəli) də həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırılmalı (apostil olunmalı), azərbaycan dilinə tərcümə və notarial təsdiq olunmalıdır.

  1. Təhsil haqqına görə borcun olmaması

Tələbə, faktiki təhsil aldığı xarici universitetdən universitetə təhsil haqqı borcunun olmaması ilə bağlı arayış almalı, həmin dövlətin qanunvericiliyinə uyğun qaydada leqallaşdırmalı (apostil etməli), azərbaycan dilinə tərcümə və notarial təsdiq etməlidir. Belə bir arayış almaq mümkün deyilsə, tələbə təhsil haqqının ödənişlərini sübut edən ödəniş qəbzlərini hazırlaya bilər.

  1. Qismən tanınma şəhadətnaməsi

2024-cü ilin iyun ayında edilmiş dəyişikliyə əsasən xarici universitetdə təhsil alan tələbə əvvəlcə TKTA-nın qismən tanınma şəhadətnaməsini əldə etməlidir. Şəhadətnaməninin əldə olunması üçün tələb olunan sənədlər (xarici pasportun əsas (şəkil olan) və ölkəyə giriş-çıxış, viza səhifələrinin (əgər varsa) skanı, şəxsiyyət vəsiqəsinin hər iki üzünün skanı, kişi tələbələr üçün hərbi biletin (və ya ilkin hərbi qeydiyyat) skanı və yuxarıda qeyd olunan sənədlərin skan versiyası) https://apply.enic.edu.az/ keçidi vasitəsilə portala yüklənməli, 250 AZN dövlət rüsumu ödənilərək rəsmi qaydada (elektron şəkildə) müraciət olunmalıdır.

Qeyd:

Qismən tanınma haqqında şəhadətnamə olmadan transfer üçün müraciət mümkün deyil. Qismən tanınma şəhadətnaməsi üçün ilboyu müraciət etmək mümkündür.

Müraciət qaydası

Tələbə https://portal.edu.az/ keçidi üzərindən ilkin qeydiyyatını tamamlamalı və şəxsi məlumatlarını qeyd etməlidir. Daha sonra isə açılan pəncərədə müraciət üçün əsas hesab olunan variant seçilməlidir. Nəzərə almaq lazımdır ki, müraciət üçün yalnız bir variant seçilə bilər.

Bu pəncərədəki məlumatlar tamamlandıqdan sonra, növbəti pəncərədə sənədləri portala yükləmək və müraciəti təsdiq etmək lazımdır.

Bu hissədə tövsiyə olunur ki, aşağıdakı qeyd etdiyim nüanslara diqqət yetirilsin:

  1. “Qəbul imtahanlarında qazandığı nəticələr” hissəsinə bütün imtahan nəticələri (DİM, YÖS, SAT və s.) birləşdirilərək tək PDF şəklində yüklənilsin;
  2. “Akademik arayış” hissəsinə arayışın, transkriptin apostilli əslinin və azərbaycan dilinə notarial tərcümə olunmuş versiyalarının skanı birləşdirilərək tək PDF şəklində yüklənilsin;
  3. “Təhsil haqqı borcunun olmaması barədə sənəd” hissəsinə isə universitetdən əldə olunan arayışın apostilli əsli, azərbaycan dilinə notarial tərcümə olunmuş variantı və ya ödəniş qəbzlərinin skanı birləşdirilərək tək PDF şəklində yüklənilsin.

Transfer üçün müraciətlər cari ilin (yəni, Azərbaycanda təhsilə başlanılan il) adətən iyun-iyul aylarında qəbul edilir.

İmtina səbəbləri

Tələbənin köçürülmə müraciətinə imtina nəticəsi aşağıdakı səbəblərdən qaynaqlana bilər:

  1. Tələbənin qəbul imtahanı zamanı istifadə etdiyi beynəlxalq imtahan nəticsənin balı köçürülmə üçün tələb olunan keçid balından aşağıdır;
  2. Tələbənin təhsil aldığı təhsil müəssisəsi akkreditə olunmayıb, yəni, öz ölkəsində tanınmır;
  3. Tələbə təhsilalma forması (məsələn, distant) Azərbaycanda mövcud deyil və ya təhsil aldığı ixtisas Azərbaycanda fərqli formada tədris olunur;
  4. Tələbə sonuncu kursda təhsil alır;
  5. Tələbə təhsil aldığı müddət boyunca keçdiyi ümumi fənlərin imtahanlarının yarıdan çoxunu keçə bilməyib, yəni kəsilib;
  6. Tələbə hazırkı universitetindən kənarlaşdırılıb və ya təhsilini müvəqqəti dondurub;

Xüsusi qeydlər

Xüsusilə qeyd edim ki, müraciət ərzində qeyd olunan sənədlərdən əlavə sənədlər tələb oluna bilər. Eyni zamanda müraciətin düzgün aparılması (tələb olunan sənədlərin tam şəkildə və düzgün qaydada hazırlanması) transfer müraciətinin müsbət cavablandırılacağına təminat vermir, yəni transfer istəyi mənfi nəticələnə bilər.

Tələbənin köçürülmə müraciətinə müsbət cavab verilərsə, lakin tələbə sonradan fikrini dəyişərsə, həmin tələbənin məcburi şəkildə Azərbaycana köçürülməsi kimi bir öhdəliyi yoxdur. Yəni, tələbə istəsə, xarici təhsil müəssisəsində öz təhsilini davam etdirə bilər.

Son olaraq onu da qeyd edim ki, transfer müraciəti müsbət qərarlandırılmış tələbə həmin qərardan imtina edərsə və növbəti ilə Azərbaycanda yerləşən təhsil müəssisəsinə transfer olunmaq istəyərsə, transfer üçün növbəti il yenidən müraciət etməlidir.

İstinadlar:

  1. Bu gündən tələbələrin köçürülməsinə başlanılır, 25.07.2024. Keçid: https://edu.gov.az/az/news-and-updates/21303-1
  2. Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam, 22.07.2024. Keçid: https://tkta.edu.az/p/news/c/telebelerin-kocurulmesi-transferi-ile-bagli-vacib-meqam-861
  3. Tələbələrin köçürülməsi prosesinə başlanılır, 19.07.2024. Keçid: https://edu.gov.az/az/news-and-updates/21303-1
  4. Tələbələrin köçürülməsi (transferi) ilə bağlı vacib məqam, 21.06.2024. Keçid: https://tkta.edu.az/p/news/c/telebelerin-kocurulmesi-transferi-ile-bagli-vacib-meqam
  5. Qismən tanınma nədir?, 12.06.2024. Keçid: https://tkta.edu.az/p/news/c/qismen-taninma-nedir
  6. Tələbələrin köçürülməsi üçün tələb olunan sənədlər. Keçid: https://edu.gov.az/uploads/Ali-tehsil/senendler/kocurulme-ucun-teleb-ounan-senedler.pdf
  7. Ali təhsil müəssisələrinin tələbələrinin köçürülməsinə dair ən çox soruşulansuallar və onların cavabları. Keçid: https://edu.gov.az/uploads/Ali-tehsil/2024/Transfer-ali-tehsil-sual-cavab.pdf
  8. AZƏRBAYCAN RESPUBLİKASI ELM VƏ TƏHSİL NAZİRLİYİNİNKOLLEGİYASININ QƏRARI. Keçid: https://e-qanun.az/framework/56513
Scroll to Top