Xarici universitetlər üçün referans və tövsiyə məktubu

Xarici universitetlər üçün referans və tövsiyə məktubu

Son yenilənmə tarixi: 25/08/2021

Xarici universitetlər üçün referans və tövsiyə məktubu çox reytinqli universitetlərə qəbul almaq və xüsusən, təqaüd qazanmaq üçün ən önəmli hesab etdiyim sənədlərdəndir. Əlbəttə ki, tövsiyə və referans məktubları tələbənin yaxşı qiymətlərindən (GPA), dil biliklərindən, motivasiya məktubundan və mümkün müsahibədəki özünü ifadədən dəhşətli dərəcədə önəmli deyil. Lakin, bu o demək deyil ki, bu növ məktubları, ələlxüsus da tələb olunduğu halda gözardı etmək olar. Bu baxımdan, bu məktubların düzgün qaydada necə yazıla biləcəyinə baxaq.

[lwptoc]

Referans və tövsiyə məktubu arasında fərq varmı?

Bir çox ölkələrdə və eləcə də bizdə, referans və tövsiyə məktublarını çox adam eyni cürə qəbul edir və eyni formada yazır. Dərinliyə getdikcə isə görünən budur ki, aralarında bir sıra incə fərqlər var. Bu baxımdan istərdim ki, öncə referans və tövsiyə məktubları (reference and recommendation letters) arasındakı fərqləri anlayaq.

Məzmun fərqi

indeed şirkətinin Redaksiya komandası referans məktublarının məzmununu şəxsin ümumi xarakteristikası, iş etikası və qabiliyyəti ilə əlaqələndirərək izah edir. Araşdırdığım digər saytlardan və forumlardan çıxarda bildiyim nəticə budur ki, referans məktubları namizədin şəxsi keyfiyyətləri ilə daha sıx bağlıdır və ümumi formada şəxsi analiz etməyə hədəflənir. Bu bir növ məktəb illərində direktor və ya sinif rəhbərimizin verdiyi xasiyyətnamə ilə eynilik təşkil edir.

Tövsiyə məktubları (recommendation letter) isə ümumi formadan çıxır və daha çox spesifik bir hədəfə (müraciətin tələblərinə) yönəlir. Deyək ki, bir tələbə Kimya ixtisası üzrə magistratura proqramına müraciət edir. Universitet isə öz növbəsində tələbədən referans yox,  tövsiyə məktubu tələb edir. Universitetin tələbənin məktubunda görmək istədiyi şeylər daha çox Kimya fənni (və ya dərəcəsi) ilə bağlı olacaqdır. Yəni, adamlar bu məktubda bilmək istəyirlər ki, tələbə öz sahəsini nə qədər yaxşı bilir, nələr əldə edib və nələr əldə etməyi planlaşdırır.

Kimin yazması

Yuxarıdakı fərqləri daha yaxşı anlamağımız üçün bu məktubları kimin yaza biləcəyi və ya kimin yazmalı olduğu məsələsinə baxaq. Referans məktubu adətən tələbənin şəxsi keyfiyyətlərinə bələd olan şəxs tərəfindən yazılır. İncə məqam budur ki, həmin şəxsin tələbəni tanıması üçün bir səbəb, mühit və zaman olmalıdır. Məsələn, hansısa 1 aylıq layihədə iştirak edən tələbənin supervayzeri onu çalışqan, digərlərinə kömək edən biri kimi analiz edib, öz referans məktubunu tələb olunan yerə təqdim edə bilər.

Tövsiyə məktubu isə spesifikliyinə və daha çox akademik nailiyyətlərə kökləndiyi üçün, onun tələbənin müəllimi tərəfindən yazılmağı daha çox məsləhətlidir. Çünki, müəllim, tələbənin bu sahədə nə qədər dərin biliyə malik olmasını və onun digər akademik nailiyyətləri əldə etməsini, gələcək təhsil pilləsi üçün nə qədər uyğun bir namizəd olduğunu daha rahat (akademik çərçivə) analiz edə bilər.

Məktublardakı ən ciddi səhvlər

Referans və tövsiyə məktublarında buraxılan səhvləri aşağıda yazılanlarla ümumiləşdirə bilərik:

Səhv məktub formasının seçilməsi

Burada qəsd etdiyim məna referans və tövsiyə məktubunun bir-birinə qarışdırılması və eyni zamanda səhv müəllimin seçilməsidir. Məsələn, bir şagird orta məktəbi bitirərək, universitetdə fizika üzrə bakalavr proqramı oxumaq istəyir. Universitetin tələbində isə 2 ədəd tövsiyə məktubu var. Belə olanda halda, şagirdin bir tövsiyə məktubunu Fizika, digərini isə Riyaziyyat müəllimindən alması ideal bir seçim olacaq. Şərti tam anlamayan və fərqi bilməyən şagird isə tövsiyə əvəzinə referans məktubu (yəni, bildiyimiz xasiyyatnamə) alır: birini Tarix, digərini isə Əmək müəllimindən.

Dəyişməyən məzmun

Bəzən, tələbə kiminsə məktubundan istifadə edir (əslində, bu məktub tələbə tərəfindən yazılmamalı olsa da, reallıq budur) və universitet, müəllim və ya digərinin adını hansısa bir cümlədə dəyişməyi yadından çıxardır. Xatırlayıram ki, bir dəfə tələbələrdən biri referans məktubundakı cümlələrin birində əvvəlki tələbənin adını dəyişməyi unutmuşdu. Nəticəsi isə ağır oldu. Yəni universitet referans məktubunun düzgün adla yazılmadığını əsas gətirib, tələbəyə imtina vermişdi.

Qüsursuz tələbə problemi

İstər şagird, istərsə də, tələbə referans və ya tövsiyə məktubunda özlərinin çatışmayan tərəflərinin göstərilməsini sevmirlər (hələ, çatışmayan tərəflərin qeyd olunduğu məktub görməmişəm) və müəllim, şagird/tələbəni ideal bir şəxs kimi göstərir. Bir də görürsən ki, tələbənin yekun bal ortalaması (CGPA) 55-60 civarındadır və tövsiyə məktubunu aldığı müəllimin fənnindən 61 bal alıb. Məktubu oxuyanda isə beyində tamamən fərqli bir tələbə canlanır: qısa müddət ərzində elmə yenilik verə biləcək və Nobel mükafatını Azərbaycana gətirə biləcək bir şəxs. Olmaz belə! Referans və tövsiyə məktubunun məğzi budur ki, mən bu tələbəni tanıyıram, nə etdiyini bilirəm və potensialına bələdəm. Əgər ki, müəllim tələbənin çatışmayan tərəfini yaza bilmirsə, deməli, o tələbəni yaxşı tanımır. Son nəticə isə budur ki, referans və ya tövsiyə məktubu effektiv olmayacaqdır, çünki real əsaslarla yazılmayıb.

Referans və tövsiyə məktubu üçün nümunələr

İndi isə gələk, məqaləmin əsas və ən xoşuma gələn hissəsinə. Motivasiya məktubuna aid əvvəlki məqaləmdə nümunə verməyin necə önəmli olduğunu qeyd etmişdim. Bu məqalədə də eyni prinsipə əməl etmək istəyirəm.

Uğurlu hesab etdiyim referans məktubu

Hörmətli Cənab və ya Xanım,

Mən, Samil Niftalıyevi Bakı Dövlət Universitetinin Beynəlxalq münasibətlər ixtisasının tələbəsi qismində 2008-2009 akademik ilində tanımışam. O, mənim tədrisi 1 semestr nəzərdə tutulmuş Diplomatik protokol fənnində iştirak edən tələbələrimdən biri olmuşdur.

Fənnin əsas tələblərindən biri olaraq, Samil həm komanda, həm də fərdi şəkildə qarşıya qoyulmuş tapşırıqları yerinə yetirə bilmişdir. Dərslərin gedişatında onun öz qrup yoldaşlarına qarşı anlayışlı davranışı, onlara ehtiyac duyulduğunda kömək etməsini də gözdən qaçmayan məqamlardan hesab edirəm. Xasiyyətcə şən olmasına baxmayaraq, Samil imtahanlar üçün şərtlər və son tarix məsələlərinə ciddi yanaşmışdır.

Diplomatik protokol fənnindən 100 üzərindən 71 bal almasının səbəbini isə, onun bəzi hallarda, fikrinin tez dağılması ilə əlaqələndirirəm. Bu baxımdan, bu kimi çatışmayan tərəfin sizin universitetiniz qəbul komandası tərəfindən anlayışla qarşılanacağına inanıram. İnanıram ki, sizin də dəstəyiniz ilə Samil həm daha yaxşı təhsilə, həm də üstün şəxsi keyfiyyətlərə nail olacaqdır.

Əlavə suallarınızı və qaranlıq qalan məqamları aydınlaşdırmaq mənim üçün böyük zövq olardı.

Hörmətlə,

Ad və soyad.

Uğurlu hesab etdiyim tövsiyə məktubu

Hörmətli Cənab və ya Xanım,

Mənim Samil Niftalıyevlə tanışlığım onun Vytautas Magnus Universitetində tədris etdiyim Diplomatik və konsulluq hüququ fənnində iştirak etməsinə təsadüf edir. O, 2013-2014 akademik ilində bu fənnin tələbəsi kimi mənim dərslərimdə iştirak etmişdir.

Samilin hüquq məsələlərinə, xüsusilə diplomatik hüququn verdiyi mütləq üstünlüklərə qarşı kritik yanaşmasını ən diqqətimi çəkən tərəflərindən biri kimi qəbul etmişdim. Onun final təqdimatı isə 8 tələbəmin içərisində ən çox bəyəndiyim 2-ci təqdimat olmuşdur. Bu və digər səbəblərə əsasən o, yekun qiymət kimi 10 üzərindən 9 əldə etmişdir.

Samil universiteti bitirdikən sonra, söhbətimiz əsnasında məlum olmuşdur ki, o, diplomatik hüquq sahəsində 3 akademik tədqiqat işi yazmışdır. Fərqli və kritik üslubda yazdığı 2-ci tədqiqatı isə 2016-cı ildə universitetimizin xarici tələbələr tərəfindən yazılan ən yaxşı məqalələrindən biri seçilmişdir.

Bu baxımdan, Samil Niftalıyevi Bolonya Universitetinin Diplomatik hüquq üzrə PhD proqramına ən yaxşı namizədlərdən biri kimi hesab edirəm.Əlavə suallarınız cavablandırılması mənim üçün böyük məmnuniyyət olardı.

Hörmətlə,

Ad və soyad

Yekun fikirlər

Sonda isə xarici universitetlər üçün referans və tövsiyə məktubu haqqında yekun fikirlərimi bildirmək istərdim. Bu kimi məktublar çoxsaylı universitetlər tərəfindən tələb olunmur və ya tələb olunsa da, qeyri-ciddi yanaşıla bilir. Məsələn, Polşa universitetlərinin əksəriyyəti referans/tövsiyə məktubları tələb etməsə də, eyni şeyləri alman universitetlərinə aid etmək olmur. Xüsusilə, top universitetlər və təqaüd proqramları üçün tələb olunun bu kimi məktublar maksimum dərəcədə real əsaslara söykənərək və düzgün şəxs tərəfindən yazılmalıdır. Qeyri-ciddi nəzərə alınaraq və başdansovdu formada yazılmış referans/tövsiyə məktubları müraciətin ümumi çəkisinə daha çox ziyan gətirə bilər.

Scroll to Top