Xarici universitet seçimi

Son yenilənmə tarixi: 27/04/2025

Xarici universitet seçimi yazısında mən çalışmışam ki, gələcəkdə xaricdə təhsil almaq istəyən həmvətənlərimizə bir sıra məsələlərdə kömək ola bilim.

İmkanların düzgün qiymətləndirilməsi

Bu başlığı boş-boşuna seçməmişəm. Demək istədiyim şey budur ki, xaricdə təhsil almaq üçün ölkə, şəhər, universitet və ixtisas seçərkən öz imkanlarınızı düzgün qiymətləndirməlisiniz. Buraya həm akademik göstəricilər, həm maddi imkanlar daxildir.

Maddi imkanlar

Birinci başlayaq, maddi imkanlardan. Məsələn, Almaniyada ödənişsiz təhsil ala bilərsiniz, bəli, bu mümkündür. Əmma budur ki, Almaniya hökuməti viza verilməsi üçün tələbədən 11904 avro illik depozit tələb edir. Yəni, orta gəlirli bir Azərbaycan ailəsi Almaniyanın dövlət universitetlərində tələb olunan illik contribution fee-ni (adətən, 300-800 avro arası) ödəyə bilər, lakin 12000 avroya yaxın məbləği birbaşa banka mədaxil etmək sual altındadır.

Yaxud, ailə öz gəlir və xərclərini düzgün hesablamır və övladını Türkiyənin illik təhsil haqqı 600-700 manat olan bir təhsil müəssisəsinə göndərir. Bir neçə aydan sonra məlum olur ki, tələbənin aylıq xərcləri universitetin bir illik təhsil haqqı ilə eynidir. Bu kimi hallar digər ölkələr üçün də keçərlidir. Məsələn, Polşada elə universitetlər var ki, illik təhsil haqqı 2000 avroya qədərdir, lakin aylıq xərclər ortalama 500-600 avro civarındadır. Dolayısıyla, illik təhsil büdcəsini hesablayarkən, təhsil haqqı və 10 aylıq xərc (üstünə gələk, bilet, viza, sığorta və gözlənilməyən xərclər) nəzərə alınmalıdır.

Akademik imkanlar

Tələbənin akademik imkanlarını nəzərə almayaraq, belə bir yanlış hesablamaya baxaq. Alman dövlət universitetlərinə qəbul üçün adətən yüksək orta qiymət göstəriciləri (CGPA) və dil bilikləri (IELTS 6,5-7,0) tələb olunur. Əgər tələbə bakalavriatı 70-80% ortalama ilə bitiribsə və dil bilikləri B2 səviyyəsindədirsə (IELTS 5,5-6,0) və kəskin şəkildə Almaniyanı hədəf qoyursa, demək ki, ölkə seçimi yanlışdır. Bu halda, alternativ olaraq digər ölkələrin universitetlərinə və ya Almaniyanın özəl təhsil müəssisələrinə də müraciət etmək lazımdır. Yaxud valideyn, kimya, biologiya, riyaziyyat və fizikanı zəif bilən (hətta, nifrət edən) və heç bir imtahan nəticəsi olmayan övladını tibb təhsili üçün hansısa bir variantla universitetə qəbul etdirir. Bir müddətdən sonra isə imtahanların hamısından və ya çoxundan kəsilən tələbə məcburən aidiyyatı olmayan bir ixtisasa transfer olunur. Necə deyərlər, it də getdi, ip də.

Bir dəfə tələbə olmaq istəyən bir yoldaşla konsultasiya edirdik. Mənə dedi ki, isti ölkələri istəyirəm, çünki revmatizm olduğu üçün soyuq havada ayaqlarım ağrıyır. Tələbə özü də bilirdi ki, Norveç, İsveç, Finlandiya kimi ölkələrdə əla təhsil ala bilər, lakin Portuqaliya, İtaliya, İspaniya kimi ölkələri hədəfləyirdi, çünki iqlimi də nəzərə alır. Ölkə seçimində iqlim faktoru da nəzərə alınmalıdır ki, təhsil müddəti boyunca tələbə əziyyət çəkməsin.

Reytinqli universitet olsun!

Ən çox valideynləri (bəzən, tələbələri) narahat edən məqamlardan biri də universitetin reytinqi ilə bağlıdır. Dünya reytinqdə Azərbaycan universitetləri haqqında bir məqaləmdə reytinqin metodologiyası haqqında ətraflı məlumat vermişəm. Qısa olaraq qeyd edim ki, ən reytinqli universitet ən yaxşı seçim demək deyil! Niyəsini izah edim.

Təəssüf ki, Azərbaycanın orta və ali təhsil müəssisələri tələbələrin araşdırma, müzakirə və analitik düşüncə qabiliyyətlərini inkişaf etmiş ölkələrin tələbələri (və ya orta məktəb şagirdləri) qədər inkişaf etdirə bilmir. Bu başqa bir mövzu olduğu üçün ətraflı toxunmuram. Bəzi reytinqli universitetlər də var ki (məsələn, Belçikanın KU Leuven və ya Çexiyanın Charles), həmin universitetlərə SAT və IELTS nəticəsi ilə rahat qəbul almaq olur. Lakin, həm təcrübəm, həm də eşitdiklərim sübut edir ki, bizim orta məktəb məzunları üçün o reytinqdə olan universitetləri oxumaq çox çətindir. Nəticədə tələbə imtahanda minimal krediti yığa bilmir və universitetdən kənarlaşdırıldığı üçün digər bir təhsil müəssisəsinə transfer olunmaq məcburiyyətində qalır. Yəni, seçim edərkən reytinqə fokuslanmaqla yanaşı tələbənin potensialı, imtahanların ağırlığı, universitetindən kənarlaşdırılmanın şərtlərini də öyrənməyin ziyanı yoxdur.

Dövlət və özəl universitet

Tələbələri çox da maraqlandırmasa da, valideynlərin əksəriyyəti dövlət universitetlərinə üstünlük verir. Başa düşürəm ki, bu yanaşma sovetlərdən qalma yadigardır (hər şey dövlətə aiddir) və universitetin dövlət olması valideynə əlavə bir güvən hissi verir. Eynilə, bizim ölkədə bağlanmış (lisenziyası alınmış) özəl universitetlər valideynləri xaici diplomun tanınması məsələsində narahat edir. Xarici diplomların tanınmasına aid məqaləmdə də qeyd etmişdim ki, ümumiyyətlə universitetin dövlət və özəl olması diplom tanınma prosesinə təsir etmir. Bu baxımdan, xarici universitet seçimi zamanı təkcə dövlət universitetlərinə fokuslanmaq yanlışdır və bəzən özəl universitet daha yaxşı seçim olar, nəinki dövlət. Gəlin, bu istiqamətdən baxaq.

Özəl təhsil oacaqları bəzi hallarda dövlət universitetlərindən daha bahalı olur. Niyə? Çünki, həmin universitetlərin bir çoxunun daha yaxşı infrastrukturu (kitabxana, laboratoriya və s.) və güclü akademik heyəti olur. Bu infrastukturu yaratmaq və heyəti saxlamaq daha baha başa gəlir. Dolayısı ilə, bəzi hallarda özəl univeristetdə təhsil alan tələbə daha keyfiyyətli və üstün imkanlarla təmin olunur və seçim zamanı özəl universitetlər yaratdığı imkanlara görə gözardı edilməməlidir.

Dil biliyim yoxdur, nə edim?

Bəzən tələbənin ölkə, şəhər, universitet və ixtisas seçimi düzgün olur, lakin dil bilikləri kifayət etmir ki, birbaşa ixtisas təhsilinə başlaya bilsin. Araşdırmanı tam etməyən tələbə məcburən seçimini dəyişməli olur. Lakin, tələbə bilməlidir ki, bir sıra universitetlər hazırlıq kursları təklif edirlər ki, bu tələbəni bakalavr yaxud magistr təhsili öncəsi tam hazırlaya bilir. Yəni tələb olunan səviyyədə olmayan dil biliyi tələbənin xarici universitet seçimini məhdudlaşdırmalı deyil. Qorxmaq lazım deyil ki, “görəsən, məni qəbul edərlər?”. Zatən, bu dil kurslarının məqsədi tələbənin dil biliklərini inkişaf etdirmək və onu ixtisas təhsilinə hazırlamaqdır.

İxtisasları hardan tapım?

Nəzərə alanda ki, Avropada universitetlərin sayı həddindən artıq çoxdur, saatlarla vaxt sərf edib internetdə araşdırma aparmaq çox çətin məsələ olacaqdır. Bu səbəbdən də düzgün mənbələrdən istifadə edib, universiteti və ixtisası araşdırmaq lazımdır. Bir neçə sayt bölüşmək istərdim ki, oradan istifadə edib, ixtisaslar barədə ilkin məlumatı toplamaq olar.

Təhsil pilləsi üzrə portallar

Bakalavr ixtisasları portalı: https://www.bachelorsportal.com/

Magistratura ixtisasları portalı: https://www.mastersportal.com/

Doktorantura ixtisasları portalı: https://www.phdportal.com/

Bu saytları açan kimi 2 dənə sadə suala cavab vermək lazımdır: ixtsas və ölkə. Həm ixtisas, həm ölkə seçiləndə saytlarda seçilmiş ölkə üzrə mümkün variantlar göstərilir. Lakin, təkcə ixtisas seçilirsə (yəni ölkə hissəsi boş buraxılarsa), həmin ixtisas üzrə bazada olan bütün seçimlərlə tanış olmaq mümkündür. Saytların əsas mənfisi budur ki, bəzi hallarda göstərilən illik təhsil haqları universitetin öz saytındakı qiymətlərə eyni olmaya bilir. Səbəbi budur ki, yuxarıdakı saytlarda yazılan təhsil haqları, müəyyən hallarda yerli və ya Avropa İttifaqı (Aİ) vətəndaşları üçün nəzərdə tutulur.

Ölkələr üzrə portallar

İndi isə ölkələr üzrə tapa bildiyim təhsil portalları bölüşürəm ki, yuxarıda qeyd olunan bu saytlar üçün də aşağı-yuxarı eynidir.

1. Niderland https://www.studyinnl.org/dutch-education/studies
2. Almaniya https://www2.daad.de/deutschland/studienangebote/international-programmes/en/
3. Danimarka https://studyindenmark.dk/portal
4. İsveç https://www.universityadmissions.se/intl/start
5. Norveç https://www.studyinnorway.no/study-opportunities
6. Finlandiya https://opintopolku.fi/konfo/en/haku/?opetuskieli=oppilaitoksenopetuskieli_4&order=desc&size=20&sort=score
7. Türkiyə https://yokatlas.yok.gov.tr/lisans-anasayfa.php
8. Avstriya https://www.studienwahl.at/en
9. Çexiya https://portal.studyin.cz/en/
10. Belçika https://www.studyinbelgium.be/en/our-formations
11. Polşa https://study.gov.pl/studyfinder?field_area_tid=All&field_level_tid=All&field_language_tid=All
12. İsveçrə https://studyinginswitzerland.com/study/
13. Litva https://studyin.lt/program-search/?program_name=
14. Latviya https://studyinlatvia.lv/studies
15. Estoniya https://www.studyinestonia.ee/study/programmes
16. Macarıstan http://studyinhungary.hu/study-in-hungary/menu/find-a-study-programme/study-finder.html
17. İspaniya https://programs.studying-in-spain.com/
18. Birləşmiş Krallıq https://study-uk.britishcouncil.org/
19. Kanada https://w05.educanada.ca/index.aspx?action=programsearch-rechercheprogramme&lang=eng

Yekun

Yekun olaraq bildirmək istəyirəm ki, xarici universitet seçimi ciddi məsələdir və xüsusilə, tələbəni (və ya ailəni) yanlış istiqamətdə yönləndirəndə ciddi fəsadları olur. Bu baxımdan, şübhəli olan bütün məqamları dəqiqləşdirməkdə (güvəndiyiniz konsultantla, xaricdə təhsil alan dost-qohumla, universitetin rəsmisi ilə) hər zaman fayda görürəm.

Scroll to Top