Xarici ölkələrdəki gözləntilər və reallıq

Xarici ölkələrdəki gözləntilər və reallıq

Son yenilənmə tarixi: 29/04/2025

Xarici ölkələrdəki gözləntilər və reallıq yazısında qeyd etmək istədiyim məsələlər həm xaricdə təhsil almaq istəyən, həm də faktiki olaraq xaricdə təhsil alan tələbələr üçün nəzərdə tutulub. İlk öncə qeyd edim ki, xaricdə təhsil almağın üstünlükləri var, bu dəyişməz faktdır. Yəni, oxuduğunuz bu yazı, heç bir halda digər ölkələrdə təhsil almağı kölgəyə salmağı hədəfləmir. Yazının adındakı gözləntilər dedikdə nəzərdə tutduğum şeyləri günah kimi də qəbul etməyin. Sadəcə, bu yazıda daha çox zamanında etmədiklərimizi və yanlış gözləntilərimizi əhatə etməyə çalışmışam.

Xaricdə hər şey əladır

Ən çox qarşılaşdığım və yanlış hesab etdiyim gözlənti xaricdə, xüsusilə məhz Avropada hər şeyin əla olması ilə bağlıdır. Təbii ki, Avropanın çox üstün cəhətləri var, hansı ki, bunu biz Azərbaycanda görə bilmirik. Amma istənilən halda bu hər şeyin mükəmməlliyi anlamına gəlməməlidir. Öz şəxsi təcrübəmdən deyəcəm. Praqada 250 avro civarında pulum oğurlananda polislər özləri dedilər ki, ərizə yazsanız belə, o pul tapılmayacaqdır. Çünki, 250 avro oğurluğu çex polisi üçün elə də böyük bir hadisə sayılmır. Bir dəfə isə bir litvalı dostum əməliyyata gedirdi. Təsəvvür edin ki, adamın yanında heç kimi yox idi. Xəstəxanada olanda isə gördüklərim daha da təəccübləndirdi məni. Çünki əksər insanlar hətta əməliyyata belə tək gəlmişdilər. Yəni, özünüzə qarşı soyuq bir münasibət görsəniz, təəccüblənməyə ehtiyac yoxdur.

Qayıdan kimi 2,000 manatlıq iş tapacam

Mənə görə yanlışlardan bir digəri isə xarici ölkələrdəki universitetlərin məzunlarının karyera barədə yüksək gözləntiləri ilə bağlıdır. Xüsusilə, söhbət bunun maddi tərəfindən, yəni əmək haqqından gedir. Bəzi hallarda, tələbələr elə anlayır ki, istənilən universiteti, ixtisası bitirib Azərbaycana qayıtmaq yüksək dərəcədə qeyri-adi bir işdir və Azərbaycanda (və ya digər ölkələrdə) karyera qurmaq çox asan və yüksək maaşlı olacaqdır. Əlbəttə ki, çox yaxşı maaşlı bir iş üçün təkcə təhsil kifayət deyil, eyni zamanda müəyyən illərlə yığılan təcrübə də, öz sözünü deyir. Bu baxımdan, orta maaşlı bir işlə karyeraya başlamağı da gözardı etməməkda fayda var.

Təmiz ingiliscə danışacam

Əgər ki, yerli dili ingilisdilli ölkələrdə, yəni İngiltərə, ABŞ, Kanada, Avstraliya kimi ölkələrdə uzun müddət keçirmək planınız varsa, dil biliyinizi çox yüksək səviyyəyə qaldıra bilərsiniz. Amma burada bir neçə mühüm məqam var: çevrə və dilə qarşı sevgi. Hər ikisinin önəmli olmasına dair 2 misal verim. Bir polyak iş yoldaşım işləmək üçün Polşadan İngiltərəyə getdi və 6 aydan çox müddətdə orada yaşadı. Qısamüddətlik Polşaya qayıdanda görüşmək imkanımız oldu. İnanın ki, 6 ay əvvəlki zəif ingilis dil biliyi necə idisə, elə də qalmışdı. Çünki, həmin iş yoldaşımın İngiltərədə belə çevrəsi polyaklar idi. Özü də deyirdi ki, polyakların qaldığı məhəllədə qalıram, işləyirəm və ingiliscəyə ehtiyac olmur. Digər bir nümunə kimi isə, uzun müddət (təhsil və ya iş) Ukrayna, Rusiyada yaşayan azərbaycanlıları göstərmək olar. Əksəriyyəti geri döndükdə rus dilini çox zəif və ya heç bilmədikləri üzə çıxır. Səbəb də, qeyd etdiyim kimi həm dilə qarşı sevgi olmaması, həm də çevrə ilə sıx bağlıdır.

Yerli dilə qarşı maraqsızlıq

Bunu bir qədər gözlənti kimi yox, daha çox səhv qisminda qəbul etməliyik. Əksər hallarda, xarici ölkələrə gedən tələbələr daha çox bildiyi dillərlə (əsasən, ingilis və müəyyən qədər rus) kifayətlənir. Nəticədə, 2-3 və ya 4 illik təhsil müddəti bitdikdən sonra yerli millətin dili 2-ci dərəcəli hesab olunduğu üçün öyrənilmir. Bəs burada səhv hardadır? Birinci növbədə yerli dil ünsiyyət imkanlarını genişləndirir. Yəni, daha çox insan tanımaq və daha çox sosiallaşma şanslarını verir. İkinci növbədə isə təhsildən sonra karyera fürsətlərinə müsbət mənada birbaşa ciddi təsir göstərir. Öz təcrübəmdən deyim ki, Litvada təhsilimi bitirdikdən sonra Litva dilini öyrənə bilmədiyim üçün çox sayda iş imkanlarından yararlana bilmədim.

Yekun

Xarici ölkələrdəki gözləntilər və reallıq yazımda yekun olaraq bildirmək istərdim ki, xarici ölkəyə üz tutarkən “filankəsin oğlu ordan Aya uçdu”, “filankəsin qızı atom bombasını kəşf etdi” və ya “qaqa, sən bilet al gəl, qalanı mənniydi” kimi sözlərin təsiri altına düşməyin. Ümumiyyətlə, gözləntiləri minimuma, inkişaf tempini isə maksimuma çatdırmaq lazımdır. Gözləntilərinizi minimuma endirmək deyəndə, həvəsdən düşməyinizi və ya arzularınızdan uzaqlaşmağınızı nəzərdə tutmuram. Sadəcə, istərdim ki, hər hansı bir xoşagəlməz davranışa və ya hadisəyə bacardığınız qədər hazır olasınız.

Scroll to Top