Xarici diplomlar niyə tanınmır?

Xarici diplomlar niyə tanınmır?

Son yenilənmə tarixi: 21/05/2025

Xarici diplomlar niyə tanınmır?

Bu sualın cavablandırılması üçün (yəni, necə edək ki, diplom tanınsın) bir sıra nüansları aydınlaşdırmaq məqsədilə əvvəl bir məqalə yazmışdım. Həmin məqalədə qeyd etmişdim ki, hansı şərtlər yerinə yetirilərsə, xarici diplomlar Azərbaycanda rahat şəkildə tanınacaqdır. Bu məqaləmin məqsədi isə tanınmayan diplomların səbəblərini izah etməkdir. Təbii ki, kiminsə diplom tanınmasında istisna hal ola bilər, amma ki, mən əsas məqamlara toxunmaq istərdim.

Statistik hesabat

Təhsildə Keyfiyyət Təminatı Agentliyi 2021-ci ilin 1-ci rübü (1 rüb 3 aydır) və 2-ci rübü üzrə vətəndaşlar tərəfindən daxil olmuş müraciətlərin statistikasını yayımlayıb. Hər iki hesabatı (2021-ci ilin ilk 6 ayı üçün) birləşdirdikdə ortaya çıxan müraciətin rəqəmləri aşağıdakı kimi olacaqdır:

Daxil olan ümumi müraciət sayı: 1,390

Müsbət qərar verilmiş say: 1,009

Mənfi qərar verilmiş say: 381

Bu o deməkdir ki, xaricdə təhsil alan tələbələrin 27%-nin diplomu Azərbaycanda tanınmayıb. Həmin şəxslər Azərbaycanda növbəti təhsil pilləsinə qəbul ola bilməzlər və rəsmi vəzifələrə (vəzifə tələbi kimi dərəcə tələb olunarsa) təyinat ala bilməzlər.

İndi isə əsas məsələ hesab etdiyim, səbəblərə baxaq. 2021-ci ilin ilk 6 ayında diplom tanınmasında 381 imtinanın səbəbinə aşağıdakılar aiddir:

  1. Tədris dilinin qənaətbəxş olmaması: 213
  2. Tədris aldığı ölkənin ərazisində kifayət qədər yaşamamaq: 138
  3. Digər: 19
  4. Qeyri-ənənəvi təhsil formasının seçilməsi: 11

Diplom tanınmamasının əsas səbəbləri

Göründüyü kimi məzunların diplom tanınmasında çətinlik çəkdiyi 2 əsas səbəb var. Birinci səbəbin kökündə duran məsələ qəbul olunan universitetlərdə təhsilə ciddi önəm verilməməsi və/və ya həmin təhsil müəssisələrindəki rüşvət halları ilə sıx bağlıdır. Yəni, tələbə heç bir dil biliyi olmadan, hansısa bir vasitə ilə universitetə qəbul olur, dil öyrənib, təhsil almaq əvəzinə hansısa bir variantla (əsasən rüşvətlə) qiymət alır və diplom tanınma prosesində məlum olur ki, məzun olan şəxs təhsil aldığı dildə heç sadə suallara belə cavab verə bilmir.

Yeni qaydalara əsasən müsahibə tələbi olunmadığı üçün artıq imtahan/müsahibə mərhələsi aktual hesab olunmur. Lakin, digər qanunvericilik tələbləri hələ də keçərlidir.

İkinci məqamı isə fərqli səbəblərə (şəxsi məsələlər, maddi durum və s.) bağlamaq olar. Məsələn, tələbə maddi durumuna görə ölkəyə qayıdır, əyani təhsil formasında oxuduğu halda, imtahandan-imtahana həmin ölkəyə gedir və sonda diplomunu əldə edir. Son nəticədə isə, diplom əldə edilsə də, həmin ölkədə minimum tələb olunan vaxt keçirilmədiyinə görə diplom tanınmasına imtina cavabı verilir. Tövsiyə olunur ki, dövlət səviyyəsində qəbul olunmuş force majeure halları istisna olmaqla, əyani təhsil forması zamanı, tələbə həmin ölkədə kifayət qədər yaşasın.

Xarici diplomlar niyə tanınmır_İmtina səbəbi
İmtina səbəbi: kifayət qədər ölkə xaricində yaşamamaq və saat miqdarının az olması

4-cü sıradakı səbəb isə tələbənin yanlış, xüsusilə distant təhsil formasını seçməsi ilə bağlıdır. Hal-hazırda Azərbaycanda distant təhsil forması mövcud olmadığı üçün həmin forma ilə qazanılmış diplom da ölkə ərazisində tanına bilmir.

Qanunverilicik nə deyir?

Gəlin, indi isə qanunvericiliyin tələblərinə baxaq. “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması QAYDALARI“-nın 4.1-ci yarımbəndində qeyd olunan tələblər yerinə yetirilmədikdə diplomların tanınmasına mənfi rəy verilir. Qısa olaraq aşağıdakı şərtlər yerinə yetirilmirsə, tələbənin diplomu Azərbaycan ərazisində tanınmır:

1. Ərizəçinin müraciət etdiyi kvalifikasiya ilə Azərbaycan Respublikasında mövcud olan uyğun kvalifikasiya arasında əhəmiyyətli fərq aşkar olunduqda və ya həmin kvalifikasiya Azərbaycan Respublikasında mövcud olmadıqda və qismən, şərti və ya alternativ tanınma mümkün olmadıqda (3.10.2-ci abzas);

Məsələn, hansısa bir ölkədə tədris olunan əyani təhsil müddəti ilə (və ya kredit sayı ilə) Azərbaycandakı tədrisdə ciddi fərq varsa;

2. Təhsil müəssisinin öz ölkəsi tərəfindən akkreditasiyadan keçməməsi və dövlət lisenziyasının olmaması (4.1.1-ci abzas);

Məsələn, hansısa bir universitetin öz dövləti tərəfindən olaraq tanınmaması (hətta tələbə qəbul edib, diplom versə belə).

3. Təqdim olunan diplomun həqiqi olmaması, yəni saxta olması (4.1.2-ci abzas);

4. Müvafiq kvalifikasiyanın verildiyi ölkənin kvalifikasiyalar çərçivəsində yerinin göstərilməməsi (4.1.3-cü abzas);

Məsələn, bir ölkədə verilən diplomun adı həmin ölkənin qanunvericiliyinə uyğun gəlmir.

5. Tələbənin təhsil müddətinin yarıdan çoxunu xarici ölkə ərazisində yaşamaması (tibb istiqaməti istisna) (4.1.4-cü abzas);

Məsələn, tələbə akademik il ərzində cəmi 1 ay ölkə xaricində yaşayıb.

6. Tələbənin təhsil formasının düzgün seçilməməsi (4.1.5-ci abzas).

Məsələn, tələbə distant təhsil alıb.

Qeyd

Tələbə fors-major hallarına əsaslanaraq (məsələn, təbiət hadisələri, dövlətlər arası münaqişələr və s.) əyani formadakı təhsilini distant formada alırsa (davam edirsə), bu zaman ölkə xaricində yaşamaq tələbi qüvvəsini itirir. Məsələn, pandemiya zamanı xarici ölkədə təhsil alan tələbələr məcburi şəkildə təhsillərini Azərbaycanda onlayn şəkildə davam etdirdiklərinə baxmayaraq, onların diplomları dövlət tərəfindən rəsmi olaraq tanınmışdır.

İstinadlar

1. Diplomları tanınmayan və ən çox imtina alan ali təhsil müəssisələri barədə. Keçid: https://tkta.edu.az/p/news/c/diplomlari-taninmayan-ve-en-cox-imtina-alan-ali-tehsil-muessiseleri

2. Ən çox imtina alan universitetlərin siyahısı. Keçid: https://tkta.edu.az/p/en-cox-imtina-alan-universitetlerin-siyahisi

3. Diplomları tanınmayan universitetlərin siyahısı. Keçid: https://tkta.edu.az/p/news/c/diplomlari-taninmayan-ve-en-cox-imtina-alan-ali-tehsil-muessiseleri

4. Xaricdə təhsil almaq istəyənlər üçün vacib məqamlar. Keçid: https://tkta.edu.az/p/news/c/xaricde-tehsil-almaq-isteyenler-ucun-vacib-meqamlar

5. Diplomları tanınmayan universitetlərin siyahısı. Keçid: https://tkta.edu.az/p/diplomlari-taninmayan-universitetlerin-siyahisi

Scroll to Top