Son yenilənmə tarixi: 29/04/2025
Xaricdə yaşamaq xərclərini necə azaltmalı məqaləmin əsas məqsədi bir sıra nüanaslara diqqət yetirərək, büdcənin idarəolunması ilə bağlıdır. Düşünürəm ki, xərcləri azaltmaq və ya düzgün yolla qənaət etmək həm xaricdə yaşamağı planlaşdıran və eyni zamanda yaşayan kəsləri maraqlandıra bilər. Ən mühüm məsələlərə aydınlıq gətirərək və şəxsi təcrübəmi də ortaya qoyaraq məqaləyə başlayaq.
Avropada minimal xərclər
Bu başlığın özü belə problemlidir. Səbəb isə Avropanın bir dənə kiçik ölkə olmaması və tərkibində (Birlik kimi qəbul etsək) 27 dövlətin birləşməsidir. Belə olanda halda, biri çıxıb desə ki, “350 avroya Avropada yaşamaq olar”, bu, düzgün yanaşma olmayacaqdır. Buna görə də, Avropa deyəndə birinci növbədə onun hansı hissəsi və ya hansı ölkələr qrupu haqqında danışmağımızı aydınlaşdırmaq önəmlidir. Baltikətrafı, Şərqi və Mərkəzi Avropa ölkələrində yaşam xərcləri aşağı-yuxarı eyni olduğu halda, Sürix, Bern, Oslo, Paris, Milan, Berlin, Amsterdam, Stokholm, Kopenhagen kimi şəhərlərlə müqayisədə böyük fərqlər yaranır. Bu baxımdan, ölkə və şəhərlərə görə minimal xərclər dəyişsə də, biz bu xərclərə necə qənaət edə bilərik, ondan danışacağıq.
Yaşayış yeri
Bəzi hallarda, şəxsilik (ing.cə privacy) baxımından xaricdə yaşayanlar adətən evə üstünlük verirlər. Əlbəttə ki, evdə yaşamağın gigiyena və rahatlıq tərəfindən faydaları çoxdur. Faydası çox olduğu qədər də, xərclərə də təsiri böyükdür. Buna görə də, tələbə yataqxanasında qalmaq həm xərc, həm də sosiallaşmaq baxımından daha əlverişlidir. Məsələn, 2015-ci ildə Litvada 2 otaqlı ev üçün ödədiyimiz pul 200 avro+ kommunal xərclər olduğu halda, yataqxanada stabil aylıq xərcimiz cəmi 70 avro civarında idi. Şəxsliyi üstün tutan şəxslər heç olmasa, ilk semestrini yataqxanada keçirtsin ki, xərcləri tam oturuşduqdan sonra, evə çıxmağa rahat qərar verə bilsinlər.
Aylıq nəqliyyat kartı
Aylıq ictimai nəqliyyat kartı demək olar ki, Avropanın bütün ölkələrində var. Əgər, bir adamın universiteti və ya iş yeri uzaqdadırsa və gündəlik nəqliyyatdan çox istifadə edirsə, bu zaman bu kart xərcə ciddi şəkildə təsir edir. Üstəgəl, tələbələr üçün də əlavə güzəştlər (50% civarında) nəzərdə tutulur. Buna görə də, ilk iş bu kartı əldə etmək və statusa görə maksimum dərəcədə faydalanmaqdır. Nəqliyyat kartı adətən bir şəhər üçün keçərli olsa da, tələbə statusunun endirimi bütün ölkədaxilində keçərlidir. Məsələn, tələbələr Litvanın ölkədaxili bütün nəqliyyat vasitələrində (təyyarə xaric) 50% endirimdən yararlana bilərlər.
Qida xərcləri
Necə deyərlər, ağzımızın dadını bilirik və yemək-içmək bizim üçün (ən azı mənim üçün :D) önəmlidir. Bu kimi nüansları da nəzər alıb, istərdim ki, qida xərclərində də qənaətə baxaq. Tələbələr, beynəlxalq ISIC kartı əldə etməklə, hətta restoranlarda belə endirimlərdən yararlana bilərlər. Eyni zamanda, bır sıra restoranlarda “günün yeməyi” və ya “günün supu” kimi endirimli yeməklər olur ki, bundan da yararlanmaq olar.
Ciddi qənaət isə ev və ya yataqxanada yemək bişirməklə alınır. Marketlərin sayt və telefon üçün proqramlarında gündəlik olaraq endirimli məhsullar yeniləndiyi üçün, alış-veriş olunan marketlərin endirimlərini daima izləməkdə fayda var. İlk öncə, xırda endirim (bəzən 50-60 sent) kimi gəlsə də, ayın sonunda bu, ümumi rəqəmə də öz təsirini göstərir. Hə, bir da çalışmaq lazımdır ki, alış-verişə ac getməyəsiniz, yoxsa o qədər lazım olmayan şey alacaqsınız ki, gətirməyi belə çətin olacaq.
Bank kartından istifadə
Azərbaycanın bank kartından istifadə xarici ölkədə əlavə xərc deməkdir. Tələbə olan vaxtı, biz bu xərci azaltmaq üçün adətən 3 variantdan istifadə edirdik. Birinci variant: bütün ödənişlərimizi kartla edirdik. Pis tərəfi budur ki, bəzi hallarda nağd pula ehtiyac olur və bu, problem yaradırdı. Digər variantları isə adətən nağd pul lazım olanda edirdik. Bir sıra hallarda, kartdakı pulu birdəfəyə tamamən çıxarırdıq. Məsələn, 600 avronu birdəfəlik çıxaranda daha az faiz ödəyirdik, nəinki 6 dəfə 100 avro. Üçüncü variantda isə, bir dostumuzun xərcini kartla ödəyib, daha sonra ondan nağd şəklində alırdıq. Beləcə, bu variantlarla bank xərclərimizi azaldırdıq ya da bu xərclərdən tamamən azad olurduq.
Yekun
Yuxarıda yazılanların sırasında qeyd etməsəm də, yekun olaraq bildirim ki, xərclərin azaldılması və büdcəyə qənaət insanın vərdiş və şəxsi keyfiyyətlərindən kəskin dərəcədə asılıdır. Məsələn, İtaliyada siqaretlərin qiyməti 4,50-6,00 avro arasında dəyişir. Gün ərzində 1 qutu siqarət çəkən insan üçün aylıq xərcə 135-160 avro əlavə olacaqdır. Eynilə, tez-tez yeni geyim almaq, yeni model telefona sahiblənmək, daha çox restoranlarda yemək, qısa məsafə olsa belə taksidən istifadə etmək və bu kimi digər vərdişlərin nəticəsində aylıq xərclərdə də böyük fərqlər yaranacaqdır.