Son yenilənmə tarixi: 29/04/2025
Xaricdə təhsil almaq yoxsa işləmək kimi bir seçim, xaricdə təhsil almaq istəyən əksər tələbələr üçün demək olar ki, hər zaman aktual olur. Tələbə kimi işləmək planları qurularkən bir sıra məqamlar nəzərdən qaçmalı deyil. İstərdim ki, məqaləm təhsil alarkən işləmək, təhsil almaq və sadəcə işləmək kimi seçimlərdə qaranlıq qalan məsələlərə bir qədər aydınlıq gətirsin.
Təməl prinsiplər
Təməl prinsipləri aşkara çıxarmadan xaricdə təhsil haqqında düşünmək, təhsil alaraq işləmək və ya bunu planlaşdırmaq demək olar ki, mümkün deyil. Mümkün olsa belə, kor-koranə şəkildə və hədəfsiz olacaqdır. Nəticə etibarı ilə burada qəsd etdiyim məna, insanın öz-özlüyündə 3 nüansı aydınlaşdırmasıdır. Tələbə xaricə getməyinin əsas məqsədini əvvəlcədən bilməli və seçimlərini də (ölkə, şəhər və s.) buna uyğun hesablamalıdır. Ən çox rastlaşdığım və qeyd etdiyim 3 varianta baxaq:
- Sırf təhsil almaq;
- Təhsil alarkən işləmək;
- Təhsil adı ilə ancaq işləmək.
Gəlin, bu 3 variantdan birinin seçilməsi zamanı nəzərə alınmalı məsələlər barədə ayrı-ayrılıqda danışaq.
Xaricdə sırf təhsil
Şəxsən, düşünürəm ki, bu seçim, yəni xarici bir ölkədə ancaq təhsilə fokuslanmaq ən ideal variantdır. Çünki, insanın gələcəkdəki maddi rahatlığı və azadlığı (məsələn, istənilən zamanda digər bir ölkəyə gedə bilmək azadlığı və s.) bu illər ərzindəki əldə etdiklərindən ciddi şəkildə asılıdır. Əlbəttə ki, hər şeyi bu 4 ilə qədər müddətin üstünə yıxmaq da düzgün səslənməz. Məsələn, bir tələbə güclə və həvəssiz şəkildə ancaq müəllimlərinin verdiyi tapşırıqları edirsə, digər bir tələbə isə az qala müəllimi qədər bilməyə can atırsa, təhsil müddəti ərzindəki fərq getdikcə dərinləşmiş olur. Dolayı yolla, yuxarıda qeyd etdiyim iki nüans (rahatlıq və azadlıq) birinci növ tələbə üçün bir qədər müşkül məsələyə çevrilir. Riskləri azaltmaq naminə tələbə, təhsil alarkən maksimum dərəcədə yeniliklərə açıq olmalı və öz sahəsi üzrə maksimum dərəcədə praktiki nailiyyət (xüsusilə, beynəlxalq sertifikatlı) əldə etməlidir.
Bu variant üçün ən əsas məsələlərdən biri ailə büdcəsinin düzgün götür-qoy edilməsi ilə bağlıdır. Əgər büdcə genişdirsə, ABŞ, Kanada, Avstraliya, Sinqapur, büdcə məhdudiyyəti varsa, Polşa və Çexiya kimi ölkələrdən seçim etməyi daha uyğun hesab edirəm. Ölkə seçimi edildikən sonra universitetin reytinqini araşdırmaq lazım olacaqdır. QS Dünya Universitetləri Reytinqi, THE Dünya Reytinqi və Shanghai Reytinqi universitetləri araşdırmaq üçün ilk referans saytları olacaqdır. İxtisaslara gəlincə, birincisi bu seçim tələbənin özünə maraqlı, ikincisi isə gələcək üçün tələbatlı hesab olunmalıdır. Əgər ikinci nüansı nəzərə alsaq, Tibb, İnformasiya Texnologiyaları (xüsusilə, Süni intellekt və Maşın öyrənməsi), Bitexnologiya, Biotibbi texnologiyalar mühəndisliyi, Marketinq, Davamlı inkişaf və s. kimi sahələr öz rəqabətliliyə davamlılığını qoruyacaqdır. Bu arada, ixtisası elə seçmək də lazımdır ki, hədəf Azərbaycana qayıtmaq olarsa, işləmək də mümkün olsun. Məsələn, İnsan hüquqları və s. kimi bir ixtisasın Azərbaycanda potensialı olmadığına görə, bu kimi ixtisasları seçən tələbələr hüquq sistemi daha şəffaf işləyən ölkələrdə karyera qurmaqlarını əvvəlcədən əsas hədəf kimi qoymalıdırlar.
Təhsil alarkən işləmək
Tələbə ancaq ingilis dilini bilirsə, humanitar/sosial elmlərə aid ixtisası Norveç, İtaliya (nümunə üçün) kimi ölkələrdə işləyərək oxumaq istəyirsə, burada düzgün olmayan nəsə var. Demək istədiyim budur ki, Norveç, İtaliya (və bir sıra digər) kimi ölkələrdə humanitar sahədə ixtisaslaşan və yalnız ingilis dilini bilən adamın iş tapmaq ehtimalı zəifdir. Demirəm ki, mümkün deyil. Mümkündür, amma şans çox azdır. Bu kimi ölkələrin seçilməsində əsas məqsəd yaxşı təhsil alaraq Azərbaycana qayıtmaq və ya xaricilər üçün iş imkanları daha yaxşı olan digər bir ölkəyə immiqrasiya etmək olmalıdır.
Adətən Avropa ölkələrində tələbələr üçün işləmək icazəsi tələb olunmur. Tələbə bir çox ölkələrdə leqal olaraq həftədə 20 saata qədər işləyə bilər. Məsələn, İsveçrədə bu limi həftəlik 15 saata qədər olduğu və iş icazəsi tələb edildiyi halda, Polşada iş icazəsi olmadan da işləmək mümkündür. Nəticə etibarı ilə, seçiləcək ölkədə aşağıdakı nüanslar nəzərə alınmalıdır:
- tələbənin işləməsi üçün dövlətin qanunverciliyi;
- ölkə və şəhərin iş imkanları;
- tələbənin dil bilikləri və əvvəlki təcrübəsi (və təcrübənin rəqabətli olması);
- tələbənin iş üçün məhdudiyyətləri (fiziki işlər, restoranda təmizlik işləri və s.);
- dərslərin və imtahanların ağırlıq dərəcəsi.
Təhsil adı ilə ancaq işləmək
Son variant kimi ancaq işləmək (yəni, təhsilə vaxt ayırmamaq) həm oxuyub, həm işləmək variantından daha çox risklidir. Burada eyni zamanda 2 risk var. Tələbə hər şeyi şansa buraxırsa və iş tapacağı ümidi ilə hansısa bir ölkəyə gedirsə (lakin ailə büdcəsi məhduddursa) və qısa zamanda işlə təmin oluna bilmirsə, ora qədər çəkilən xərclər də təhlükə altına düşmüş olur. İkinci variantda isə, tələbə iş tapır və loru dildə desək, təhsilin başını buraxaraq özünü işə-gücə verir. İmtahanlardan keçərsə, nə gözəl. Amma universitetlə bağlı problem yaranarsa, yəni adam tələbə statusunu itirərsə, vizası (və ya yaşamaq icazəsi) ləğv olunur. Belə olan halda (rəsmi olaraq bir işə başlaya və ya yeni bir universitetdən qəbul ala bilmərsə) deportasiya riski qaçınılmazdır.
Ola bilər ki, tanıdığınız adamlardan və ya tanıdığınız adamların heç vaxt tanıya bilməyəcəyiniz dostu, tanışı illərdir ki, hansısa bir ölkədə deport qərarı olsa da, yaşayır və işləyir. Lakin, gəlin belə bir variantı təsəvvür edək. İlleqal yaşayan adam öz adına bank kartı aça bilməz, təhsil ala bilməz, leqal işləyə bilməz, problemi olanda polisə və məhkəməyə müraciət edə bilməz, səhiyyə xidməti ala bilməz, bilməz, bilməz və bilməz. Son nəticə olaraq, demək istədiyim budur ki, illeqal yaşamaq və işləmək hardasa öz sonunu tapacaqdır və bu riskləri tələbə əvvəlcədən qəbul etməlidir.