Son yenilənmə tarixi: 29/04/2025
Xaricdə təhsil almaq üçün nə qədər pul lazımdır? Həm təhsil haqqı, həm də bir aylıq yaşayış xərclərinin qarşılanması üçün tələb olunan büdcəyə bir yerdə baxaq. Yazımın əsas məqsədi budur ki, xaricdə təhsil almaq istəyən tələbələr əvvəlcədən xərclərini bilə bilsinlər və hansısa bir ölkəyə getdikdən sonra sürprizlə qarşılaşmasınlar.
Xaricdə təhsil xərcləri
Ümumiyyətlə, həm təhsil, həm də həyatdakı bir çox məsələyə məntiqlə baxmaq lazımdır. Yəni, sadəcə hisslərə qapılıb “Allah kərimdir” deyərək xaricdə təhsil planları qurmaq, nəticədə, sizi incidə bilər. Bu baxımdan, tələbə olmaq istəyən şəxs, ailəsi və ya özünün maddi durumunu nəzərə almalıdır. Talantlı tələbələrin təqaüd proqramlarında ciddi şansları olmasına baxmayaraq, hər kəsin şansı eyni deyil və hər kəs təqaüdü qazanmır. Ən məntiqli yol isə alternativ bir variantları da hazır etmək və bunu büdcəyə uyğun düzgün hesablamaqdır.
Aylıq xərclər
Əgər ki, bir ailə övladının təhsili üçün aylıq maksimum 1.000 manata (≈535 avro) qədər pul ayıra bilərsə, ABŞ, Kanada, Almaniya, Norveç, İsveç, Finlandiya, Danimarka, Niderland, Fransa və s. bu kimi ölkələri hədəfləmək yanlış olacaqdır. Bu kimi ölkələrdəki minimal maaşlar, yəni insanların fundamental xərclərini qarşılamaq üçün tələb olunan rəqəm, qeyd olunan və təhsil üçün ayrıla biləcək ailə büdcəsindən 2-3 dəfə çoxdur. Eyni zamanda bu kimi ölkələrdə miqrantlar çox və iş (fiziki işlər xaric) tələbləri rəqabətli olduğundan, təkcə ingilis dili bilən və təcrübəsi olmayan bir tələbənin (ABŞ və Kanada istisna) iş tapma ehtimalı da çox zəifdir. Məsələn, təsəvvür edin ki, yerli dili bilməyən və xüsusilə, İT sahəsində təcrübəsi olmayan xarici bir tələbə Azərbaycanda işləmək işləyir. Razıyam ki, Azərbaycanda yerli dili və digər dilləri bilən kifayət qədər təcrübəli adamlar var ki, haqsız rəqabətə görə işsizdirlər. Yuxarıda qeyd olunan ölkələrdə şəffaf rəqabət olduğu halda komfortlu işlər üçün rəqabət yüksək olur. Bu baxımdan, tövsiyə edirəm ki, tələbə olmaq istəyən yoldaşlar aylıq xərcləri təxmin etmək üçün Expatistan və Numbeo kimi saytlara nəzər salsınlar.
Əlbəttə ki, aylıq xərclərdəki ən önəmli məqam şəxsin həyat tərzi ilə birbaşa asılılıqda olmasıdır. Məsələn, paytaxt, turistik ya 2-ci dərəcəli şəhər, yataqxanada (1-2 nəfərlə birlikdə) ya ayrı bir evdə yaşamaq, evi mərkəzdə kirayələmək ya bir qədər uzaqda, hər gün restoranda yemək yoxsa özün bişirmək arasındakı seçimlər ümumi aylıq xərclərdə mütləq fərqlər yaradacaqdır. Aylıq xərcləri necə azaltmaqla bağlı əvvəlki məqaləmə nəzər salaraq hansı ölkədə, şəhərdə olmağınızdan asılı olmayaraq, xərcləri bir qədər azalda bilərsiniz.
Təhsil haqları
Bəzi hallarda, tələbələr “0 (sıfır)” xərclə olduğuna görə Almaniya və Norveç barədə soruşduqları üçün Almaniyada ödənişsiz təhsil və Norveçdə pulsuz təhsil məqalələrimdə bir sıra incə detallar barədə ətraflı yazmağa çalışmışam. Bu paraqrafda isə bir qədər uyğun büdcəli hesab olunan ölkələrdən söz açaq. Mənə görə, Slovakiya, Çexiya, Polşa və Latviya Avropada hələki ən uyğun şərtlərlə (qəbul şərtləri, təhsil haqqı, viza və s.) təhsil təklif edən ölkələrdir. Məsələn, illik təhsil haqları Polşa universitetlərində 1.000-5.000, Çexiya universitetlərində 700-5.500, Latviyada 2.100-6.500 və Slovakiya universitetlərində isə 1.000-3.500 avro arasında dəyişir. Nəzərə alın ki, buraya Əczaçılıq və ya Tibb kimi sahələr daxil deyil.
Təhsil haqlarının adətən birinci il üçün bütöv olaraq ödənilməsi tələb olunur. İstisna olaraq, Polşa universitetləri və bir sıra hallarda çex və eston universitetləri yarı-yarıya ödənişi də qəbul edir. İkinci il üçün isə universitetlər, təhsil haqqının bir neçə dəfəyə ödənilməsində adətən hər hansı bir sıxıntı yaratmırlar. Əsas məsələ budur ki, qışda və yaydakı imtahanlara qədər həmin semestr üçün nəzərdə tutulmuş təhsil haqqı tamamən ödənilməlidir.
“Xaricdə təhsil almaq üçün nə qədər pul lazımdır?” sualının cavabını ümumi olaraq yekunlaşdırsaq, aylıq 500-600, təhsil haqlarında illik 5.000 avroya qədər büdcə varsa, Polşa, Çexiya, Macarıstan, Slovakiya, Sloveniya, Xorvatiya, Latviya, Litva, Estoniya və s. bu kimi ölkələrdən seçim etmək olar. Əgər tələbə, aylıq xərclər üçün 1.000, illik təhsil haqqı üçün 8.000-dən çox büdcə ayıra bilirsə, seçimləri Finlandiya, İsveç, Niderland, Danimarka kimi ölkələrdən də etmək olar.
Yekun
Bir sıra məqalələrimin yekun hissəsində bildirdiyim kimi, hər şeyi bir yazı ilə öyrənməklə məhdudlaşdırmaq faydasız olacaqdır. Yəni, müxtəlif təcrübələrə sahib insanlardan da fərqli fikirləri öyrənərək ölkə, şəhər, ixtisas seçimində maksimum faydalı qərar vermək əsas hədəf olmalıdır. Son olaraq, bayat çörəyin (dünəndən qalma) daha dadlı olmasını bizə kim öyrədib ki? Demək olar ki, özümüz dadına baxa-baxa sevmişik. Dolayısıyla, bir çox şeyləri siz özünüz yaşayaraq, görərək, analiz edərək öyrənəcəksiniz.