Son yenilənmə tarixi: 29/04/2025
Xaricdə doktorantura təhsili almaq üçün müraciət Azərbaycanda olduğu kimi magistratura dərəcəsi əldə olunduqdan sonra həyata keçirilir. İstisna hallarda, tələbə bakalavrdan sonra birbaşa doktorluğa başlaya bilsə də, bu tarixdə nadirən görülmüş hallardan hesab olunur. Doktorantura qəbulu almaq xaricdə bakalavr və ya magistratura qəbulu kimi sadə şərtlərlə baş vermir. Bunun üçün kifayət qədər hazırlıqı olmaq lazımdır. Bəs bu hazırlıqlar özündə nəyi ehtiva edir?
“Research proposal” hazırlığı
Xaricdə doktorantura təhsili planlarlarındakı tədqiqat təklifi, yəni research proposal ən mühüm sənəd hesab olunur və adətən doktoranturaya müraciət edən şəxsin akademik bilikləri və/və ya ixtisasına uyğun təcrübəsi ilə əlaqəli olur. Adəti üzrə, 10-15 səhifədən ibarət olur, lakin bəzi hallarda universitet 30-35 səhifəlik bir proposal da tələb edə bilər. Research proposal-un digər özünəməxsus bir neçə xüsusiyyətinə aşağıdakıları da əlavə etmək olar:
- Mövzunun adı tədqiqat təklifində dəqiqliklə qeyd olunmalıdır. Universitet, mövzunun adının ona görə bilmək istəyir ki, həmin mövzuya uyğun elmi rəhbərin olub-olmamasını bilə bilsin. İstisna hal budur ki, universitet özü mövzunu müəyyən edir və həmin mövzu üzrə tədqiqat aparmaq istəyən tələbələrin müraciətlərini qəbul edir. Bu halda, tələbədən mövzunun adını dəqiqləşdirmək tələb olunmur.
- Tədqiqat metodologiyası təklifin əsas komponentlərindən hesab olunur. Metodologiya tədqiqat təklifinin ən çətin yazılan hissəsidir. Çünki, tələbə bu mövzu üzrə kifayət qədər elmi biliklərə sahib olmalıdır, araşdırma etməlidir və əvvəlki elmi işlərin hansı metodologiya ilə yazıldığını, hansı nəticəyə gəlindiyini bilməlidir. Mövzunun əvvəlki nəticələrini və metodologiyasını bilmək tələbənin yeni bir yanaşma təklif etməsinə çox böyük müsbət təsir edir, əks halda eyni metodologiya təklif oluna və universitetdən imtina cavabı gələ bilər. Tədqiqat metodologiyası adətən quantitative və qualitative olmaqla 2 hissəyə ayrılır. Mövzu iqtisadiyyata və ya riyazi elmlərə aiddirsə, adətən quantitative, sosial elmlərə aiddirsə, qualitative metodundan istifadə oluna bilər.
- Tədqiqat sualları tədqiqat təklifi yazılan zaman hərtəfli qeyd olunmalıdır. Diplom işlərinin yazılma qaydaları haqqındakı yazımda qeyd etmişdim ki, suallar elə seçilməlidir ki, bu suallar ətrafında bir elmi nəticəyə gəlmək mümkün olsun. Məsələn, “Uşaqların evdə yıxılmasına ən çox təsir edən nədir?” kimi bir sualı elmi cavablandırmaq mümkün olmayacaq. Çünki, tədqiqat aparılması üçün tələbə evlərdə və ailədaxili mühitdə müşahidə aparmalıdır, hansı ki, qeyri-mümkündür. Və yaxud da elə sual qoyula bilər ki, bu, elmi kontingentə məlum olan tədqiqat etikasına zidd olsun. Bu baxımdan, sualların etikaya zidd olmayan və nəticənin əldə oluna biləcəyinə yol açan şəkildə seçilməsi önəmlidir.
Elmi rəhbərin seçilməsi
Tələbə yuxarıdakı sənədi, yəni tədqiqat təklifini tam hazır etdikdən sonra növbəti addım elmi rəhbərin seçilməsi ilə bağlıdır. Qeyd etdiyim kimi əgər universitet mövzu seçimində tələbəyə sərbəstlik verirsə, bu zaman elmi rəhbəri tələbə özü tapmalıdır. Deyək ki, XYZ Universitetinin Siyasi Elmlər departamenti X ixtisası üzrə doktoranturaya qəbul elan edir və mövzunu qeyd etmir. Bu halda, birinci iş həmin departamentdə olan professorların ixtisaslaşdığı sahəni müəyyən etməkdir. Daha sonra isə tələbə öz mövzusuna uyğun olan professora yazır ki, onunla bu mövzu üzərində işləmək istəyir və ondan elmi rəhbərliyə razı olub-olmayacağını müəyyənləşdirir. Əgər, professor elmi rəhbərliyə razı olursa, bu zaman tələbə bütün tələb olunan sənədlərlə birlikdə universitetə müraciət edir. Yadda saxlamaq lazımdır ki, bəzi hallarda universitet professorun elmi rəhbərlik haqqında razılıq sənədini də tələb edir. Belə olan halda, professor həmin sənədi tələbəyə göndərməlidir.
Xarici dil biliyi
Doktoranturaya müraciət edən zaman xarici dil biliyi (bu yazıda ingilis dil biliyi) əsas şərtlərdən hesab olunur. Aydın məsələdir ki, IELTS/TOEFL sertifikatı ingilis dil biliyini sübut edir. Doktorantura üçün adətən, IELTS 6.0-6.5 kifayət edir. İstisna hal kimi, hüquq və filologiya sahəsidir ki, burada daha mükəmməl dil bilikləri tələb olunur. Bəs sertifikatsız hansı variantlar mümkündür? Universitet tələbənin ingilis dil biliyini müəyyənləşdirməkdən ötrü bir neçə variantdan istifadə edə bilər. Bir variant budur ki, tələbə intervyu olunur, həm mövzunun necə işləyəcəyi barədə ətraflı müzakirə aparır, həm də ingilis dil biliyi ölçülür. İkinci variant isə budur ki, tələbənin hansısas nüfuzlu bir mənbədə (əsasən xarici elmi jurnallar) yazıları çap olunur və həmin yazıların keyfiyyətinə əsasən universitet tələbənin dil biliyini müəyyənləşdirə bilir. Üçüncü variant isə, tələbə magistratura təhsilini (və ya bakalavr+magistratura) Avropanın hansısa bir reytinqli universitetində alır və əvvəlki təhsil tələbəni sertifikat şərtindən azad edir. Dördüncü variant isə, universitet GRE və ya GMAT kimi sertifikat tələb edir, hansı ki həmin sertifikatlar üzrə əldə olunacaq müəyyən baldan sonra IELTS/TOEFL tələb olunmur. Məsələn, universitet deyə bilər ki, GRE sertifikatının Analitik yazı hissəsindən 4+ varsa, dil sertifikatına ehtiyac yoxdur.
Prosedur nümunəsi: Varşava Universiteti
Məsələn, bir tələbə qərar verir ki, Varşava Universitetində İqtisadiyyat və Maliyyə üzrə doktorantura təhsili almaq istəyir. Qeyd etdiyim linki açan kimi əsas tələblər və qəbul prosesinin vaxtlarını görmək olar. Birinci etapda tələbə aşağıda qeyd olunan sənədləri hazırlayır və may 5-dən iyunun 28-nə kimi həmin sənədləri sistemə yükləyir:
- sistemin verdiyi müraciət forması.
- magistratura diplomunun (və ya bitirəcəyi ilə bağlı arayış) skanı
- 14,000 simvoldan çox olmayan “research proposal“.
- CV (elmi fəaliyyətlə bağlı olan).
- Çap olunmuş akademik materialların (onlayn, kitab və ya kitab fəsli və s.) skan versiyası.
- İngilis dil biliyinin deklarasiyası.
- Supervayzerin tələbəyə elmi rəhbərlik edəcəyi ilə bağlı deklarasiyası.
- 1 ədəd şəkil.
- Əgər tələbə digər bir yerdə doktorantura təhsili alıbsa və ya alırsa, bu barədə sənəd (birinci dəfə doktorantura üçün lazım deyil).
- İnzibati Prosessual Məcəllənin 40-cı maddəsi və 41-ci maddəsi ilə tanışlıq deklarasiyası.
Bu sənədlər hazır olandan sonra müraciət olunur və daha sonra qiymətləndirmə aparılır. Qiymətləndirmə kriteriyası və metodu isə belədir:
Tədqiqat layihəsi (maksimum bal sayı : 40)
- tədqiqat probleminin tərifi, məs., tədqiqat sualları və obyektivi, fərziyyələr (0-10 bal).
- təklif olunan metodların uyğunluğu (0-10 bal).
- layihənin mövcud tədqiqat və ədəbiyyat bilikləri kontekstində qurulması (0-10 bal).
- təklif olunan məsələlərin orijinallığı və metodologiyası (0-10 bal).
Namizədin elmi fəaliyyəti (maksimum bal sayı: 20)
- elmi konfranslarda fəal iştirak, məsələn, təqdimat olunması və s. (0-4 bal).
- tədqiqat layihələrində iştirak (0-5 bal).
- elmi və populyar elmi nəşrlər (0-6 bal).
- elmlə əlaqəli təşkilati fəaliyyətlər, məs. elmi assosiasiyalarda iştirak, konfransların təşkili (0-2 bal).
- akademik təcrübə, təqaüd, elmi fəaliyyətlə əlaqədar alınan mükafatlar (0-3 bal).
Müsahibə (maksimum bal sayı: 40)
- tədqiqat layihəsi müzakirəsinin keyfiyyətinin qiymətləndirilməsi (0-20 bal);
- mövzu ilə bağlı bilik, linqvistik düzgünlük və təhsilin veriləcəyi fənə uyğun elmi dildə istifadə etmək bacarığı (0-20 bal).
Göründüyü kimi, bu bu şərtlər və prosedur Varşava Universitetində İqtisadiyyat və Maliyyə ixtisas üzrə doktorantura pilləsinə müraciət zamanı yerinə yetirilir. Yadda saxlamaq lazımdır ki, prosedur və sənədlər universitetlər və ixtisaslara görə dəyişə bilər.
Digər məqamlar
Doktoranturaya qəbul məsələlərində bir neçə digər məqama da diqqət etməkdə fayda var. Birinci əsas məqam budur ki, universitetin tələblərini nəzərdən keçirmək lazımdır. Aydın olmayan bir şey varsa, tam əmin olmadan hazırlaşmaq əvəzinə, soruşmaq və dəqiqləşdirmək lazımdır. Məsələn, Tallinn Universiteti doktorantura üçün bakalavr və magistratura diplomlarını və transkriptləri tələb etsə də, Tartu Universiteti yalnız magistratura təhsilini əsas götürür. Digər bir məqam isə, doktorantura təhsilinin illik ödənişləri ilə bağlıdır. Nümunə üçün qeyd edim ki, Estoniyada doktorantura təhsili ödənişsizdir və əlavə 660 avro aylıq maaş verilir. Amma eyni şərt Litva üçün keçərli deyil. Məsələn, Vytautas Magnus Universitetində illik təhsil haqqı 10,646 avrodur. Və yaxud, Almaniyanın dövlət universitetlərində doktorantura təhsili ödənişsiz olsa da, viza üçün 10,332 avro depozit tələb olunur. Bu baxımdan, xarici ölkədə təhsil almaq üçün bütün məqamlar diqqətlə nəzərdən keçirilməlidir.