Viza müraciətinə imtina səbəbləri barədə

Son yenilənmə tarixi: 14/06/2025

Viza müraciətinə imtina səbəbləri barədəki məqaləmə keçməmişdən əvvəl istərdim ki, müxtəlif ölkələr üçün təhsil vizalarına müraciətlə bağlı məqalələrimə də göz gəzdirəsiniz.

İndi isə demək olar ki, bütün səfirliklərə aid edə biləcəyimiz əsas nüanslara baxaq.

Gec müraciət

Viza üçün vaxtında müraciət etməmək imtina üçün səbəblərdən biri hesab oluna bilər. Şəxsi təcrübəmdən misal çəkim. Polşa səfirliyi tələbəmizin viza müraciətinə təxminən noyabr ayının sonuna yaxın imtina vermişdi. Səfirlik əsas gətirmişdi ki, tələbə dərslərin böyük qismini buraxıb, yəni çox gecikib və onun imtahanda uğur qazanmaq şansı aşağıdır. Bəli, deyə bilərsiniz ki, risk tələbənin üzərinə düşür, lakin bəzi səfirliklər bu məsələdə fərqli düşünürlər.

Sənədlərin düzgün və tam hazırlanması

Səfirliyin viza görüşünə sənədlərin tam hazırlanması dedikdə başa düşülən aydındır: yəni tələb olunan sənədlərdə əskiklik olmamalıdır. Lakin, sevindirici tərəfi budur ki, bir çox səfirlik çatışmayan sənəd üçünü tələbəyə möhlət verə bilir. Tələbə də öz növbəsində ona təyin olunmuş vaxt çərçivəsində çatışmayan sənədini səfirliyə təqdim etməlidir. Təyin olunan vaxtı keçmək və ya tələb olunan sənədi hazırlaya bilməmək imtina üçün səbəb hesab oluna bilər.

Sənədlərin düzgün hazırlanması dedikdə 2 əsas məqam nəzərdə tutulur.

Birincisi, bütün sənədlərdəki məlumatların doğru bəyan olunmasıdır. Məsələn, tələbə ailə həyatı qurubsa və yoldaşı getdiyi ölkədə yaşayırsa (və ya digər bir Avropa ölkəsində) anketdə status “married” kimi işarələnməli. Yəni, tələbə qəti şəkildə düşünməli deyil ki, “yoldaşım həmin ölkədədir və buna görə vizadan imtina gələcək”. Əksinə, yanlış məlumat verilərsə (təbii ki, üstü açılarsa), bu çox ciddi imtina səbəbi hesab olunacaqdır.

İkinci məsələr isə bir qədər texniki səhvlərlə bağlıdır. Məsələn, tələbə doğulduğu ayı günlə səhv salır və ya diqqətsizlik edərək xarici pasport yerinə şəxsiyyət vəsiqəsinin nömrəsini qeyd edir. Çox ciddi problem hesab olunmasa da, maksimum diqqətlə olmaqda fayda var.

Ölkə, şəhər, universitet və ixtisas barədə

İstənilən səfirliyin sənədləri qəbul edən nümayəndəsi (bir çox hallarda konsul), tələbənin gedəcəyi ölkəni, şəhəri, universiteti və ixtisası araşdırmasına (və ya araşdırmamasına) ciddi önəm verir. Buna görə də, bir qayda olaraq, tələbə, yarımbaşlıqda qeyd olunanların ən azı biri barədə verilə biləcək suala hazır olmalıdır. Bu baxımdan,”Getdiyiniz ölkənin qonşu ölkələri hansılardır, ərazisi və əhalisi nə qədərdir?”, “Getdiyiniz ölkənin sizin üçün xüsusi önəmi nədir?”, “Nəyə görə getdiyiniz şəhərində təhsil almaq istəyirsiniz?”, “Seçdiyiniz universitet sizin gələcəyinizə nə qatacaq?”, “Bu universiteti necə tapmısınız?”, “Bu ixtisas üzrə oxumaq sizin üçün niyə vacibdir?” kimi sualları yaxşı-yaxşı araşdırmaqda hər hansı bir ziyan görmürəm. Qeyd olunanlar ilə sualları məhdudlaşdırmamaq lazımdır. “Təhsillə yanaşı getdiyiniz ölkədə hansı planlarınız var?” kimi bir sual da soruşula bilər.

Gözləmədiyiniz suallar

Hə, indi gəlib çıxdıq, işin ən maraqlı tərəfinə.

“Sonuncu hansı kitabı oxumusunuz və/və ya filmə baxmısınız və nə deyə bilərsiniz?”, “Hansı növ musiqini və musiqiçini bəyənirsiniz?”, “Gedəcəyiniz ölkədə (məs., İsveç) tanıdığınız adam (dost və ya qohum) varmı?”, “Viza anketini özünüz doldurmusunuz ya kimsə kömək edib?”, “Hal-hazırda harada və kimlə yaşayırsınız?”, “Mobil nömrəniz neçədir?”, “Təhsil xərclərinizi kim qarşılayacaq?”, “Təhsili bitirəndən sonra planınız nədir?”, “Yaxşı bir iş təklifi gələrsə, gedəcəyiniz ölkədə qalmaq istəyərsinizmi?” kimi təhsilə birbaşa aid olmayan suallara da hazırlaşmaq sizin xeyrinizə olacaqdır. Çalışın ki, bu suallara şəffaf cavab verəsiniz. Məsələn, əgər ki, tələbənin xaricdə təhsil işlərinə hansısa bir konsultant (və ya dostu, qohumu) dəstək olubsa, bunu açıq şəkildə demək sıxıntı deyil. Amma sıxıntı bu olur ki, tələbənin, necə deyərlər, dünya-aləmdən xəbəri olmur. Bu baxımdan, tövsiyə edirəm ki, hər bir tələbə, işini konsultanta həvalə etsə belə, müəyyən qədər bu kimi məsələlər ilə maraqlansın. İşlə maraqlananda həm yalan danışmaq məcburiyyəti olmur, həm də suallara daha rahat cavab vermək üçün zəmin yaranır.

Viza müraciəti zamanı tez-tez verilən suallar

Digər nüanslar

Yazının son paraqrafı olmasına və səfirlikdə verilən suallar qismindən kənara çıxmasına baxmayaraq, bu hissədə də əsas məqamlara toxunmaq istərdim.

Çalışın ki, viza görüşü üçün təyin olunan vaxtdan azı 15 dəqiqə əvvəlcədən təyin olunan yerdə olasınız. Bütün sənədlərinizi səliqəli şəkildə fayl və ya qovluqda aparın ki, həm qarışmasın, həm də əzilməsin. Konsul (və ya digər səfirlik nümayəndəsi) tərəfindən verilən suallara tələsmədən və qısa cavab vermək lazımdır. Geyiminizi, saç düzümünüzü maksimum dərəcədə səliqəyə salın: səfirlik qeyri-ciddi qurum deyil və qarşınızda olan kəs sizin davranışlarınıza belə diqqət yetirir. Səfirlikdə avro ilə ödəniş olunarsa (məs., Polşa səfirliyi nağd formada avro tələb edir), əskinasların qüsursuz (əzik, cırıqsız və s.) olmadığına əmin olun: bir dəfə bir tələbəmin sənədlərini buna görə qəbul etməmişdilər.

Son olaraq qeyd etməliyəm ki, bir yazı ilə bütün şərtləri və sualları əhatə etmək qeyri-mümkündür. Sadəcə bunu bilmək önəmlidir: tələbə, suallara (burada qeyd olunmayanlara belə) səlis, məntiqli şəkildə cavab verirsə, gedəcəyi ölkə, şəhər, universitet və ixtisasa bələddirsə, sənədləri tam qaydasındadırsa, davranış qaydalarına riayət edə bilirsə, onun viza müraciətinə müsbət cavab gəlmə etimalı həddindən artıq realdır.

Scroll to Top