Visegrad təqaüdü

Visegrad təqaüdü

Son yenilənmə tarixi: 29/04/2025

Visegrad təqaüdü Mərkəzi Avropa ölkələri üçün nəzərdə tutulmuş təqaüd proqramlarından biridir. Bu Avropa ölkələrinə Çexiya, Polşa, Macarıstan və Slovakiya daxildir. Bu kimi ölkələr Qərbi Avropa ölkələrinə nisbətən daha əlverişli yaşam və təhsil xərcləri təklif etdiyi üçün təqaüd məsələlərində daha məhdud imkanlara sahibdirlər. Yazımın əsas məqsədi isə Visegrad təqaüdü haqqında müəyyən əsas məsələlərə toxunmaqdan ibarətdir.

Azərbaycan vətəndaşları yalnız magistratura və post-magistratura (doktorantura və ya post-doktorantura) proqramlarına müraciət edə bilər. Təqaüd maksimum 2 semestr üçün (1 illik) verilir. Növbəti semestr və ya il üçün də yenidən müraciət oluna bilər.

Təqaüd nəyi əhatə edir?

Visegrad təqaüdü təhsil haqqının tamamilə əhatə etmir. Buna baxmayaraq, hər tələbə üçün universitetə 1,500 avroya qədər semestr üzrə təhsil haqqı ödənişi olunur. Əgər, semestr təhsil haqqı 1,500 avrodan çox olarsa, qalıq hissə tələbə tərəfindən ödənilməlidir. Bu baxımdan, məsləhət olunur ki, universitet və ixtisas seçimi edərkən təhsil haqlarına da diqqət yetirilsin. Eyni zamanda tələbə, hər semestr üçün 3,000 avro olmaqla stipendiya alır. Bu stipendiya yalnız universitetdə qeydiyyatdan sonra və həmin ölkədə açılacaq avro hesabına birdəfəlik transfer olunur. 3,000 avro sentyabr/oktyabr aylarında ödənildiyi üçün ilk ayda müəyyən xərcləri tələbə özü qarşılamalıdır. Əgər tələbənin faktiki yaşadığı ölkə ilə gedəcəyi universitet arasındakı məsafə 1,500 km-dən çoxdursa, bu zaman səyahət qrantına da müraciət etmək olar. Amma bu qrantın verilməsi sığorta olunmur, yəni verilməyə də bilər.

Visegrad təqaüdü üçün sənədlər

Visegrad təqaüdünə müraciət etmək üçün universitetə qəbul sənədi (ing. pre-Acceptance letter) kifayət edir. Şərt o deyil ki, tələbə, universitetin birinci ilinin xərclərini tamamilə ödəyib, qəbul sənədini alsın. Yəni, bu məqamda ilkin və ya şərti qəbul sənədi (ing. Conditional offer letter) kifayət edir. Qəbul sənədini almaq mümkün olmursa (məsələn, universitetin qəbul cavabı təqaüdə son müraciət tarixindən sonra açıqlanırsa), bu zaman universitetə müraciətlə bağlı hər hansı bir sənəd sistemə əlavə oluna bilər. İkinci sənəd xarici pasportun skanıdır.

İngilis dil sertifikatı tələb olunurmu?

Visegrad öz rəsmi saytında bildirir ki, tələbə, ingilis dilində təhsil almaya da bilər. Və eyni zamanda tələbənin dil biliyini göstərən sertifikat təqdim etməsi tələb olunmur. Yəni, tələbə ingilis dilindən başqa digər dillərdə də təhsil almaq üçün Visegrad təqaüdünə müraciət etmək hüququna malikdir. Dolayısıyla, əsas məsələ universitetin qəbul və ya müraciət sənədi ilə bağlıdır.

Visegrad təqaüdü hansı universitetlər üçündür?

Visegrad təqaüdü üçün universitet siyahısı yoxdur. Rəsmi sayta istinadən, Çexiya, Polşa, Macarıstan və Slovakiyanin bütün akkreditə olunan ali təhsil institutları Visegrad təqaüdünə müraciət üçün keçərli hesab olunur. Yəni, universitetin dövlət və ya özəl olmasının bir önəmi yoxdur. Eyni zamanda ixtisas məsələsi də Visegrad üçün önəmli deyil. Bu baxımdan, bir ixtisas digər ixtisasa nisbətən üstünlük təşkil etmir.

Visegrad təqaüdünə nə zaman və necə müraciət edim?

Visegrad təqaüdü üçün müraciət adətən 2023-cü il üçün martın 1-dən aprelin 15-nə qədər davam edəcək. May ayında isə nəticələr elan olunması planlaşdırılır. Yuxarıda deyildiyi kimi sentyabr/oktyabr aylarında isə təqaüdün birinci semestr üçün olan hissəsi tələbənin hesabına köçürülür.

Müraciət üçün tələb olunan sənədlər hazır olduqdan sonra http://my.visegradfund.org/scholarships linki üzərindən qeydiyyatdan keçmək və daha sonra şəxsi və təhsil məlumatlarını doldurmaq lazımdır. Daha sonra isə sistemə qəbul (və ya ilkin qəbul) sənədini və pasportu əlavə etmək və son olaraq, müraciəti təsdiqləmək tələb olunur.

Daha ətraflı məlumat üçün keçidlər aşağıdadır:

Eyni zamanda, bir sıra məqamlara aydınlıq üçün Visegrad təqüdü haqqında belə bir videoçarxa da baxa bilərsiniz:

 

Scroll to Top