Son yenilənmə tarixi: 27/04/2025
Uzunmüddətli səyahətə hazırlıq zamanı nələrə diqqət etməliyik? Ən lazımlı əşyalar nələr ola bilər? Səfər planşlaşdırırsınızsa, bu yazının oxumaq sizin üçün faydalı ola bilər. İstərdim ki, bir neçə suala cavab verməklə uzunmüddətli bir səhayətə hazırlığınıza bir qədər köməklik göstərə bilim.
Qadağan olan məhsullar
Əgər təyyarənin salonuna əl çantası (və ya bel çantası) aparacaqsınızsa, bu zaman bir sıra məhdudiyyətlərlə üzləşəcəksiniz. Birinci növbədə kəsici-deşici (məsələn, qayçı) alətləri əl çantasına qoymayın. İkinci növbədə 100 ml-dən artıq maye halında olan bir şeyləri (məsələn, ətir və s.) də əl və ya bel çantasında götürməyin. Bəzi hava limanlarında əl/bel çantaları içərisində hazır yeməklərin keçirilməsinə icazə olsa da, bəzilərində isə təyyarəyə yemək və ya içki keçirmək qadağan olunur.
Ümumiyyətlə, yemək-içmək məsələlərindən çalışın ki, uzaq durun. Tövsiyə olunur ki, xüsusilə ət və ya ət məhsullarını (bişmiş və ya çiy) Şengen ölkələrinə aparmayasınız. Yəni yoxlama olsa, böyük ehtimalla, o məhsulları atmalı olacaqsınız. Amma təcrübəm göstərir ki, bir çox hallarda tələbələrə hava limanlarının təhlükəsizlik xidmət işçiləri güzəşt edirlər və baqajlarını yoxlamırlar.
İstərdim ki, bütün məhdudiyyətlər və qadağan olunan əşyalar haqqında AZAL-ın rəsmi saytından daha geniş məlumat əldə edəsiniz.
Ən azı 2 fərqli bank kartı aparın
Səfərə çıxmazdan öncə, xüsusən də, bu səyahət uzun müddət üçün nəzərdə tutulursa, mütləq ən azı iki bank kartı götürün. Bir kart xarab olarsa (xarab olma ehtimalı var) əgər, ikinci kart sizə çox yardımçı olacaq. Eyni zamanda, bu kartları fərqli banklarda açdırın. Əgər bir bankın sistemində texniki problem yaranarsa, digər bankdan rahatlıqla pul qəbul edə və xərcləyə biləsiniz.
Ölkə haqqında məlumatlı olun
Təbii ki, söhbət burada tarixi keçmişdən getmir. Geniş məlumat dedikdə, avtobusların, qatarların dəqiq vaxtları, şəhərdaxili dayancaqlar, ucuz marketlər və restoranlar ola bilər. Hal-hazırda smartfonlar üçün hazırlanmış proqramlar var ki, həmin proqramların köməyi ilə siz bu məlumatları çox asanlıqla əldə edə bilərsiniz. Eyni zamanda, gedəcəyiniz ölkənin pul vahidini dəqiqləşdirin. Avropa Birliyinin üzvü olan bütün ölkələrdə avro yeganə pul vahidi deyil. Məsələn, Polşa Avropa Birliyinin üzvü olsa da, Avrozonanın üzvü olmadığına görə, ölkənin pul vahidi zlot hesab olunur. Əgər sizdə olan valyuta yerli valyutadan fərqlidirsə, o zaman siz hava limanlarında pulu yerli valyutaya dəyişdirə bilərsiniz. Sadəcə yadda saxlamaq lazımdır ki, lazımı qədər pul dəyişdirin, çünki çox hallarda hava limanlarında avro ya dollar müəyyən qədər ucuz alınır. Əgər çox pul aparmaq fikrindəsinizsə, bu halda çalışın pulun çox hissəsini bank kartınızda saxlayın. Çünki, heç fikirləşmədən hər hansı xoşagəlməz hadisə ilə rastlaşa bilərsiniz və bunun üçün böyük riskə girmək lazım deyil.
Ağrıkəsici və gigiyenik ləvazimatlar
Çalışın ki, baqajınızda müəyyən ağrılar üçün ya ümumən ağrıkəsici olsun. Çünki iqlimin dəyişməsi sağlamlığınıza mənfi mənada ciddi təsir edə bilər. Bu kimi hallara hazır olmaqda, həqiqətən də fayda var. Əgər bədəninizin allergik bir problemi varsa, bu zaman özünüzlə lazımi qədər istifadə edə bildiyiniz şampun və sabun aparın. Diş pastası, fırçası və dəsmallar da yadınızdan çıxmasın. Çünki, uçuşdan sonra ilk istədiyiniz şey, çimib, yatmaq olacaq.
Yekun
Son olaraq, sağlığınıza aid olan hər bir şeyə fikir verin. Qışı sərt keçən bir ölkəyə gedirsinizsə, özünüzlə isti paltarlar götürə biləsiniz. Eyni zamanda, fikirləşməyin ki, gedib rus ya ingilis dilini bilən kimisə tapıb dərdimi deyə bilərəm: yerli dildə bir neçə cümlə öyrənsəniz, pis olmaz.