Uğurlu motivasiya məktubu necə yazılır?

Uğurlu motivasiya məktubu necə yazılır?

Son yenilənmə tarixi: 29/04/2025

Uğurlu motivasiya məktubu necə yazılır? Uğurlu motivasiya məktubunun necə yazılması barədə verilən sualı xaricdə təhsil almaq istəyən tələbələrin (bundan sonra tələbə) ən çox düşündüyü suallardan hesab edirəm. Nəzərə alanda ki, məktubun yazılmasının özü də asan bir iş deyil, bu məqaləm bir neçə aspektə toxunacaqdır. Ümid edirəm ki, yazı bir qədər də olsa, çətinliyin aradan qaldırılmasına və sizin düzgün istiqamətlənməyinizə yardımçı olacaqdır.

Motivasiya məktubu nədir?

Motivasiya məktubu adətən xarici universitetlər üçün yazılır və adından göründüyü kimi tələbə olmaq istəyən hər kəsin motivasiyasını, yəni səbəblərini, arzularını ifadə edir. Bunu bir qədər şans kimi də başa düşmək olar. Çünki, tələbə motivasiya məktubunu yazarkən özünü universitetə təqdim edir və müraciət etdiyi ixtisasa qəbul olunması üçün (səbəbləri izah edərək) şans istəyir. Əlbəttə ki, universitet tələbənin düzgün dəyərləndirilməsi və ona qəbul şansı vermək üçün, motivasiya məktubunun hər bir xırda detalına belə fikir verir. Bu baxımdan, uğurlu motivasiya məktubunda tələbə, “nəyə görə sizi seçməli?”, “nəyə görə bizim universitet?”, “nəyə görə bu ixtisas?” və “təhsildən gözləntiləriniz nədir?” kimi suallara aydın cavab verə bilməlidir.

Motivasiya məktubuna hazırlıq

Motivasiya məktubuna hazırlıq mərhələsini 2 mənada anlamaq lazımdır. Birinci mənada tələbənin yaxşı bir universitetə qəbulu üçün özünün fərd kimi hazırlaması ilə bağlıdır. Məsələn, tələbə öz boş zamanını ixtisasına uyğun beynəlxaq sertifikatlara, seminarlara, müəyyən təcrübə proqramlarına və şəxsi inkişafına ayırır. Belə olan halda, tələbənin motivasiya məktubunda yazmağa, necə deyərlər, bir sözü olur. Əks halda, universitet üçün bu hazırlığı görməyən tələbə sıradan biri kimi görünəcək və qəbul şanslarını azaldacaqdır.

İkinci mənada isə, motivasiya məktubunun özünün yazılmasına sərf edilən vaxtı və araşdırmanı nəzərdə tuturam. Məktubu yazmamışdan öncə, universitet, onun reytinqi, məzunları barədə araşdırma aparmaq və ixtisas haqqında məlumatlı olmaq lazımdır. Yaxşı olar ki, həmin universitetin müraciət olunan ixtisasının proqramı da araşdırılsın. Bir çox hallarda proqramın nəticəsi, yəni ixtisası bitirdikdən sonra tələbənin nələrə nail ola və hansı istiqamətdə karyera qura bilməsi kimi məsələlər həmin proqram haqqında (Məsələn, Masarik Universitetinin bu ixtisası) açıq-aydın qeyd olunur. Bu məlumatları rahat şəkildə məktubu yazarkən istifadə etmək də olar.

Birinci və ikinci hazırlıq mərhələsini keçən tələbə, məktubu ilk öncə cızma-qara olaraq yazmağa başlamalıdır. Bu zaman ağla gələn hər bir şeyi yazmaqda fayda var. Hətta, hobbi olaraq gördüyünüz işi belə bu etapda yazmaq olar. Daha sonra isə, məktubun daha effektiv yazılması ilə bağlı əsas nüanslara baxacağıq.

Məktubun düzgün və effektiv yazılması

Tövsiyə olunur ki, tələbə, müraciət etməzdən öncə motivasiya məktubunun hansı məzmunda yazılacağı, hansı suallara cavab verilməli olduğu ilə bağlı məlumatları əcvvəlcədən öyrənsin. Məsələn, Almaniyanın DAAD təqaüd proqramlarına müraciət zamanı yazılmalı olan motivasiya məktubuna dair öz tələblərini açıq-aydın qeyd edir.

Məktubu yazarkən, birinci növbədə dilin qrammatik qaydaları, daha sonra axıcılıq və sözlərdən yerində istifadə mütləq qorunmalıdır. Tələbə, bu qaydalara riayət edərək əvvəlki təhsili, təcrübə proqramı, könüllü fəaliyyəti, beynəlxalq sertifikatları və seminarları barədə də qısa məlumat verə bilər. Yadda saxlamaq lazımdır ki, adını çəkdiyim bu nüansları qeyd edərkən, onun daha çox ixtisas və karyeraya yaxınlığı nəzərə alınmalıdır. Daha sonra isə, ixtisas və universiteti araşdıran tələbə, öz gözləntilərini qeyd edir və nəyə görə özünün uyğun bir namizəd olduğunu əsaslandırır. Başa düşürəm ki, nümunə olmadan bu şərtləri tamamən qavramaq çətindir və buna görə də, 2 motivasiya məktubunu bu məqaləmdə qeyd edəcəm. Birincisi uğursuz, ikincisi isə uğurlu hesab etdiyim motivasiya məktubu olacaqdır.

Uğursuz motivasiya məktubu nümunəsi

Salam,

Mən, sizin universitetdə Kompüter mühəndisliyi üzrə magistratura proqramının olduğunu eşitmişəm. Mənim, hər zaman arzum olub ki, Avropada bir universitetdə təhsil alım. Buna görə də, qərara aldım ki, yuxarıda dediyim ixtisasa müraciət üçün öz sənədlərimi sizə göndərim.

Mən, çox çalışqan tələbə olmuşam. Universitetin təşkil etdiyi bütün layihələrdə və əlavə seminarlarda iştirak etmişəm. Hətta, elə olub ki, mənə maraqsız olan dərslərə getməyib, kompüterə aid dərsdən kənar bir seminarda da iştirak etmişəm. Mənim, şəxsi keyfiyyətlərim də yüksək səviyyədədir. Qrup yoldaşlarım və dostlarım ilə hər zaman mehriban olmuşam və mübahisələri sakit yolla həll etməyə nail olmuşam. Mikrosoft Ofis proqramlarını, internetdə istifadəni mükəmməl şəkildə bilirəm və düşünürəm ki, bu kimi üstünlüklər mənim müraciətimə müsbət təsir edəcəkdir.

Uğurlar,

Samil

Uğurluəsaslara söykənən motivasiya məktubu

Hörmətli Cənab və ya Xanım,

Mən, Süni intellektin insan həyatında hansı rollara malik olduğunu praktiki və nəzəri tərəfdən anlayaraq, London İmperiya Kollecində Süni intellekt üzrə magistratura proqramına müraciət etmək istərdim.

Mənim, süni intellektin insan həyatına olan təsirlərinə qarşı yaranan marağım Kompüter elmləri üzrə bakalavr təhsilim zamanı özünü göstərməyə başlamışdır. Bu marağımın nəticəsi kimi, süni intellektlə birbaşa və dolayısı ilə bağlı olan 7 fənnin hamısından 91+ nəticə əldə etmişəm. Bu marağım təkcə təhsil ilə çərçivələnmədiyi üçün, Google AI sertifikatını əldə etmişəm. Bundan əlavə, öz CV-də qeyd etdiyim kimi, sahəmə aid müxtəlif seminar və layihələrdə də iştirak etmişəm. 2020-ci ilə keçirilən “Universitetlərarası süni intellekt” yarışmasında komandamızın kapitanı qismində 27 universitet arasında 2-ci yerə layiq görülmüşük. Mən, öz üzərimdə yüksək templə və daxili motivasiya ilə çalışaraq hər zaman məqsədlərimə bir addım da yaxınlaşmağı hədəfləyirəm. Nümunə üçün qeyd edim ki, ingilis dil biliyimi 3 ay ərzində inkişaf etdirərək, IELTS 5,5 səviyyəsindən IELTS 7,5 səviyyəsinə qaldırmağa nail olmuşam.

Hal-hazırda, supervayzerim ilə “Süni intellektin COVİD-19 pandemiya travmaları üçün tətbiqi” mövzusu ilə diplom işi üzərində çalışıram və istərdim ki, bu layihəmi London İmperiya Kollecində magistratura pilləsi üzrə də davam etdirim. London İmperiya Kollecində çalışan Dr. Aldo Faysalın tədqiqat sahəsi mənim planlaşdırdığım mövzu ilə yaxından əlaqəli olduğu üçün, çox böyük həvəslə onun dərslərində yaxından iştirak etmək istərdim. Sizdən müsbət cavab alacağım halda, Dr. Faysalın mənim supervayzerim olmasına da çox sevinərdim. Məzun olduqdan sonra, hədəfim IBM-in Süni intellekt komandasına qatılmaq və təcrübəmi dərinləşdirməkdir. Dünyada ən yaxşı 10 universitetdən biri olan London İmperiya Kollecindən gözləntilərim isə inkişaf etmiş ölkələrin tələblərinə uyğun yüksək keyfiyyətli təhsil, çoxmillətli mühitdə akademik fikir mübadiləsi və tamamən sağlam rəqabətdir. Əldə etdiyim nailiyyət və gələcək hədəflərim sizin komanda tərəfindən müsbət qiymətləndirilməsi məni çox məmun edəcəkdir.

Hörmətlə,

Samil Niftalıyev

Yekun

Motivasiya məktubu yazarkən maksimum dərəcədə plagiarizmdən uzaq olmaq lazımdır. Bəzi hallarda  tələbə B2 səviyyəsində (məsələn, IELTS 6.0) ingilis dil biliyi olsa da, yanlış qərar verərək motivasiya məktubunu hansısa bir şirkətə (və ya şəxsə) C1 ingilis dili səviyyəsində yazdırır. Eyni zamanda, tələbə yazdırdığı motivasiya məktubumun məzmunu ilə tanış olmur və mümkün müsahibə zamanı suallara məktubdakı kimi aydın və səlis cavab verə bilmir. Əlbəttə ki, bu kimi məsələlər universitetin heyəti tərəfindən müsbət qarşılanmır. Bu baxımdan, məktubu imkanlarınız daxilində özününküləşdirmək və səmimi formada yazmaqda hər zaman fayda vardır.

Scroll to Top