Ucuz təyyarə biletləri və saytları

Son yenilənmə tarixi: 27/04/2025

Ucuz təyyarə biletləri və saytları haqqında məlumatlar bizə adətən birinci dəfə uçuş öncəsi lazım olur.

Şübhəsiz ki, səyahət öncəsi hamımız biletin haradan alınması və qiyməti barədə düşünürük. Bakıda olan bir sıra agentliklər bileti bir qədər baha qiymətə satır ki, bu da Azərbaycan biznesi üçün adi haldır. Bu yazıda bir neçə sayt qeyd olunacaq ki, həmin saytlardan ucuz bilet almaq mümkündür.

İlk öncə qeyd etmək istərdim ki, əgər gedişin dəqiq vaxtını artıq bilirsinizsə, o zaman bileti bir ay və daha tez almaq lazımdır. Eyni zamanda biletlərin gediş-gəlişinin bir yerdə alınması ən sərfəli seçimdir. Məsələn, mən özüm Vilnüs-Bakı-Vilnüs reysini daha ucuz almışam ki, nəinki, iki bileti ayrı-ayrılıqda.

Onlayn bilet satışı ilə məşğul olan kompaniyaların hamısı inandırıcı təsir bağışlamır. Yəni, bəzən olur ki, sayt bileti sizə satır və hava limanında məlum olur ki, sizin bileti hava şirkəti qeydiyyata almayıb. Məsələn hər hansı bir saytdan bilet alırsınız, lakin tutaq ki, Türk Hava Yolları bildirir ki, biz sizin üçün yer ayırmamışıq.

Yazını çox uzatmadan birbaşa keçid alaq saytların siyahısına. Maksimum qədər çalışacağam ki, saytlar haqqında daha qısa və dolğun məlumat yerləşdirə bilim:

1. Onetwotrip

Mənim ən çox güvəndiyim onlayn bilet satışı saytıdır. Saytda e-mail vasitəsilə ilk öncə qeydiyyatdan keçin, daha sonra bilet axtarışını edin. Sayt sizin üçün ilk öncə bileti bron (rezerv) edir və sizə ödəniş üçün 40 dəqiqə vaxt verir. Bu vaxt ərzində ödəniş olunmazsa, sayt bronunuzu ləğv edir. Qeyd edim ki, Onetwotrip-də eyni zamanda bronu bir günlük saxlamaq da mümkündür ki, bunun üçün öncədən 4-5 avro ödəniş tələb olunur. Bir şeyi yadda saxlamaq lazımdır ki, bron etdiyiniz qiymət sonradan dəyişilə bilər. Yəni qiymət əgər qalxırsa bu zaman siz axtarışı yenidən etməli və bileti yeni qiymətə almalısınız. Saytın bir üstün cəhəti ondadır ki, buradan bir neçə istiqamətdə bileti eyni vaxtda almaq olur ki, bu da sizə yekunda çox sərfəli olur. Məsələn, Bakı-Tbilisi-İstanbul-Bakı kimi oxşar axtarışlar edə bilərsiniz. Sayt eyni zamanda hər bilet alışına görə sizə bonus da verir ki, bu bonus 50 avro olduqdan sonra yeni bilet alınmasında istifadə oluna bilər.

2. Skyscanner

Sayt özündə daha çox müxtəlif onlayn bilet satışı kompaniyalarını birləşdirir. Çox az hallarda olur ki, Skyscanner özü birbaşa bilet satışını həyata keçirdir. Məsələn, əgər siz Skyscanner vasitəsilə axtarış etsəniz, bu zaman tapılan nəticələrin hər hansı birinin üstündə kliklədikdə, sayt sizi başqa müxtəlif saytlara yönləndirəcək ki, həmin saytlar özü birbaşa bilet satışı ilə məşğul olur. Skyscanner-in sizə bildiriş göndərmək özəlliyi var. Məsələn, siz e-mail vasitəsilə biletin qiymətinin dəyişməyi barədə məlumatı anında ala bilərsiniz.

3. Aviasales

Rusların yaratdığı bu şirkət də eynilə Skyscanner-in prinsipini özündə cəmləşdirir. Yəni bu sayt da, bir neçə bilet satışı ilə məşğul olan saytların biletlərini axtarış vaxtı sizə göstərir. Bəzən olur ki, Onetwotrip-də eyni günə eyni vaxtda olan bileti siz Aviasales-də daha ucuz tapa bilərsiniz. Bu halda, Aviasales sizi Onetwotrip-ə sizi yönləndirəcək ki, bundan narahat olmağa dəyməz. Əgər siz bileti Aviasales-dən Onetwotrip saytına yönləndirilərək alırsınızsa, bu halda sadəcə siz bonusu itirmiş olursunuz. Başqa heç bir fərq yoxdur.

Bir çoxları üçün mümkün olmasa da, bildirmək istərdim ki, ən gözəl seçimlərdən biri məhz Avropa ölkələrinə Gürcüstandan getməkdir. Gürcüstanın Kutaisi şəhərində olan hava limanından qat-qat ucuz bilet tapmaq olar. Məsələn, mən Bakı-Vilnüs və Kutaisi-Vilniüs reyslərinə eyni vaxtda eyni hava şirkətləri üçün baxdım, fərq iki dəfə çoxdur. Təyyarə üçün yanacaq (kerosin JET-A1) istehsal olunan ölkədə qiymətin iki dəfə baha olması sadəcə utancverici bir haldır.

Yazı bütün saytları əhatə etmir, çünki onlayn bilet satışı ilə məşğul olan saytlar onlarladır. Bu sadəcə mənim ən çox istifadə etdiyim saytlardır. Hər üç saytda siz biletin qiymətini avro, dollar və müxtəlif valyutalarla görə bilərsiniz.

Əlbəttə ki, ucuz təyyarə biletləri alarkən müəyyən neqativ hallarla da üzləşə bilərik. Yeni yazıda isə siz ucuz biletləri satan aviaşirkətlərin mənfi cəhətləri barədə məlumat ala bilərsiniz.

Scroll to Top