Ucuz aviaşirkətlərin minusları: Ryanair və Wizzair

Ucuz aviaşirkətlərin minusları: Ryanair və Wizzair

Son yenilənmə tarixi: 27/04/2025

Ucuz aviaşirkətlərin minusları Wizzair Ryanair şirkətləri üzərində fokuslandığı yazı sırf Avropadaxili uçuşların minuslarını əhatə edir. Əvvəlki yazımda ucuz biletlərin necə əldə olunması barədə yazmışdım. Bu aviaşirkətlərin müsbət cəhətlərindən biri odur ki, qiymətləri olduqca sərfəlidir. Elə də olur ki, cəmi 10 avroya ikitərəfli bilet almaq olur. Lakin bu yaxınlarda hər iki aviaşirkətlə bağlı olan problemlər onların ucuz qiymətlə yanaşı minuslarını da göstərir.

1. Biletinizi çap edin.

Əgər biletinizi çap etməmisinizsə, bu halda hava limanında qeydiyyat olunarkən (Check-in) sizdən Wizzair 10 avro, Ryanair isə 15 avro cərimə pulu alacaq.

2. Uçuş vaxtını, yerini tam dəqiqləşdirin.

Deyək ki, uçuşunuzu müəyyən səbəblərlə bağlı ləğv etmək istəyirsiniz. Wizzairdə bu xidmət üçün siz 60 avro ödəniş etməlisiniz. Biletləri çox ucuz olan aviaşirkətlərdə digər xidmətlərin bu qədər baha olması onların birmənalı şəkildə ən böyük minuslarıdır. Bu baxımdan, uçuş üçün vaxtı və şəhəri tamamilə dəqiqləşdirmək lazımdır.

3. Müştəri xidmətləri ilə əlaqə

Ən böyük problemlərdən biri də bu şirkətlərin müştəri xidmətləri ilə əlaqə saxlamaqdır. Wizzairin saytına əsasən, danışıq üçün siz bir dəqiqəyə 1 avro ödəməlisiniz. Bəxtiniz gətirsə, Wizzair yaxud da Ryanairin sizin ölkədə nümayəndəliyi olacaq və danışıq daha ucuz başa gələcəkdir. E-mail xidməti isə demək olar ki, çox ləng işləyir. Bəzən günlərlə cavab gözləməli olursunuz.

4. Bron olunmamış yer

Müəyyən məqamlarda mənə bu xidmət avtobusda gedişi xatırladır. Yəni sizin biletinizdə bir sıra hallarda yer yazılmır. Bu o deməkdir ki, istənilən yerdə otura bilərsiniz. Çox adam da yer üçün təyyarəyə qaçmalı olur ki, bu da mənə qəribə görünür. Amma istənilən halda, təyyarədə oturacaq sayı biletlərin sayından az ola bilməz.

5. Yeriniz yazılsa belə check-in

Ucuz aviaşirkətlərin minuslarıdan yazarkan onu qeyd etmək lazımdır ki, Wizzair və Ryanair şirkətlərindən bilet alanda müəyyən zamanlarda əvvəlcədən check-in etmək olur. Biletiniz hazır, yeriniz hazır və sizə bir dənə lazım olan şey hava limanının security check-in-dən keçməkdir (əgər bagajınız yoxdursa). Lakin EU və EU-dan olmayan vətəndaşlar üçün check-in məsələsi fərqlidir. EU vətəndaşının biletində yeri yazılıbsa, o bir-başa olaraq security check-inə gedir və təyyarəyə keçməyi gözləyir. EU vətəndaşlığı olmayan isə mütləq check-indən keçməlidir, onlayn check-in edib yer alsa belə.

Bu mənim gördüyüm minuslardır. Amma bu o demək deyil ki, mən bu aviaşirkətlərdən istifadə etməmişəm yaxud da etməyəcəm. Qiymətləri büdcəmə sərfəli olduğu üçün hər zaman Avropdaxili uçuşlar olanda, ilk növbədə bu şirkətlərin saytına baxıram.

Scroll to Top