TOEFL yoxsa IELTS?

TOEFL yoxsa IELTS?

Son yenilənmə tarixi: 29/04/2025

TOEFL yoxsa IELTS? Xaricdə təhsil almağı arzulayan tələbələr üçün digər suallardan biri isə beynəlxalq ingilis dili sertifikatının seçilməsi və xüsusilə TOEFL yoxsa IELTS imtahanlarının hansına hazırlaşmaqla bağlıdır.

TOEFL

TOEFL ABŞ-ın ETS (Educational Testing Service) şirkəti tərəfindən yaradılan və Xarici Dil olaraq İngilis dili Testi (Test of English as a Foreign Language) mənasına gələn bir imtahan və sertifikatlaşdırma formasıdır. TOEFL 150-dən çox ölkədə 11,000-dən çox universitet və institut tərəfindən qəbul olunur. ABŞ-a məxsus sertifikat olmasına baxmayaraq, TOEFL-u Avstraliya və Yeni Zellandiyanın bütün, Birləşmiş Krallığın 98% universiteti qəbul edir.

TOEFL imtahan forması

TOEFL yarandığı gündən PBT, CBT və iBT formasında keçirilməsinə baxmayaraq, hal-hazırda əsasən iBT formasında təklif olunur. TOEFL iBT 4 hissədən ibarətdir: Oxuma, Dinləmə, Danışıq və Yazı. İmtahan forması aşağıdakı cədvəldəki kimi təşkil olunur.

Hissə Vaxt limiti
(dəqiqə)
Suallar Tapşırıqlar
Oxuma 54-72 30-40 sual Akademik mətnlərdən 3 və ya 4 paraqraf oxuyub suallara cavab vermək.
Dinləmə 41-57 28-39 sual Mühazirələrə, sinif müzakirələrinə və danışıqlara qulaq asıb, suallara cavab vermək.
Fasilə 10
Danışıq 17 4 tapşırıq Tanış bir mövzuya münasibət bildirmək; Oxuma və dinləmə tapşırıqlarına əsaslanaraq danışmaq.
Yazı 50 2 tapşırıq Oxuma və dinləmə tapşırıqlarına əsasən esse cavablarını yazmaq; bir rəyi yazılı olaraq dəstəkləmək.

TOEFL iBT üçün maksimal bal hər hissədən 30 olmaqla 120-dir.

İmtahan üçün qeydiyyat və rüsum

TOEFL imtahanına giriş qiyməti 180 ABŞ dollarıdır. İmtahan getməmişdən öncə uyğun vaxtı seçib qeydiyyatdan keçmək tələb olunur. Bir qayda olaraq, imtahan hər həftənin 6-cı günü keçirilir. Çox az sayda isə həftənin bazar günü də keçirilə bilər.

TOEFL imtahanı üçün qeydiyyat linki: http://tiny.cc/f3agjz

IELTS

IELTS British Council, IDP: IELTS Australia və Cambridge Assessment English təşkilatlarına aid olan və Beynəlxalq İngilis Dili Test Sistemi (International English Language Testing System) mənasını verən imtahan və sertifikatlaşdırma formasıdır. IELTS 10,000-dən çox təşkilat, universitet və digər qurumlar tərəfindən rəsmi şəkildə tanınır və qəbul olunur.

IELTS imtahan forması

IELTS də eyni zamanda 4 hissədən ibarətdir: Oxuma, Dinləmə, Danışıq və Yazı. IELTS “Paper-based” və “Computer-delivered” olmaqla 2 formada təklif olunur. “Paper-based” formasında imtahanın Oxuma, Dinləmə və Yazı hissələri kağız üzərində, “Computer-delivered” formada isə kompüterdə verilir. İmtahan forması aşağıdakı cədvəldəki kimi təşkil olunur.

Hissə Vaxt limiti
(dəqiqə)
Suallar Tapşırıqlar
Dinləmə 30 40 4 səs yazısına qulab asıb daha sonra verilən sulları cavablandırmaq.
Oxuma 60 40 3 esseni oxuyub sualları cavablandırmaq.
Yazı 60 2 tapşırıq 1-ci tapşırıqda vizual bir məlumatı (diaqram, cədvəl və ya qrafik) 20 dəqiqə ərzində 150 sözlə təsvir etmək. 2-ci tapşırıqda isə 40 dəqiqə ərzində 250 sözlə mübahisəyə, problemə fikir bildirmək.
Danışıq 11-14 3 hissə 1-ci hissədə özünüz, maraq dairəsi haqqında danışmaq. 2-ci hissədə təsadüfən verilmiş bir mövzü üzərində fikir söyləmək. 3-cü hissədə isə əlavə suallarla 2-ci hissədəki mövzudan danışmaq.

IELTS imtahan balları hər hissə üçün 0-9 şkalası ilə ölçülür və daha sonra rəqəmlər toplanır və 4-ə bölünür (məs.: 4,5+5,5+6,0+7,0=23/4=5,75≈6,0).

İmtahan üçün qeydiyyat və rüsum

TOEFL iBT imtahanından fərqli olaraq, IELTS imtahanı bir qədər baha, 350 AZN manatdır. İmtahan vaxtı kimi isə həftənin bir neçə gününü seçmək şansı vardır.

IELTS imtahanı üçün qeydiyyat linki: http://tiny.cc/hwjgjz

TOEFL yoxsa IELTS: fərqləri

Bu sualın cavabını bir neçə prizmadan baxaraq açıqlaya bilərik. Həmin əsas baxış mövqelərinə aşağıdakıları aid etmək olar.

İmtahan forması (Danışıq)

TOEFL iBT imtahanın Danışıq (Speaking) hissəsi kompüterdə səsyazma vasitəsilə ilə verilir. Yəni, imtahan verən şəxs sualı oxuduqdan sonra birbaşa olaraq mikrafona danışır. IELTS-də isə Danışıq hissəsi canlı ünsiyyətlə baş verir. Əgər insan canlı ünsiyyət zamanı özünü rahat hiss etmirsə, bu zaman TOEFL üstünlük qazanır. Canlı ünsiyyətdə daha rahat olan şəxs isə IELTS-ə üstünlük verə bilər. Digər bir məsələ budur ki, IELTS imtahanının Danışıq hissəsi 1 həftədən sonra da götürülə bilər.

İmtahan forması (Yazı)

TOEFL iBT üçün Yazı (Writing) hissəsi yalnız bir formada, kompüter ilə mümkündür. Yəni, kompüterdə rahat yaza bilməyən şəxs bir qədər çətinlik çəkərək IELTS-in təklif etdiyi kağız (paper-based) imtahan formasına üstünlük verə bilər.

İmtahan üçün vaxt

TOEFL yuxarıda qeyd olunan linkdə göründüyü kimi adətən həftədə bir dəfə keçirilir. IELTS imtahanı üçün isə British Council Azerbaijan (ən çox tövsiyə olunan) həftədə ən azı 3 imtahan vaxtı təklif edir.

Universitetlər üçün

Xaricdə təhsil üçün universitet seçimləri zamanı TOEFL və IELTS üçün ən çox yayılmış mif isə onun birinin digərindən daha çox üstün və ya keçərli olmasıdır. Dünyanın demək olar ki, bütün ölkələrində hər iki imtahanın nəticəsi keçərlidir və biri digərinə nisbətən mütləq üstünlük təşkil etmir. İstisna bir hal kimi Türkiyə universitetləri (bir neçə universitet xaric) yalnız TOEFL sertifikatını qəbul edir.

Yekun

İngilis dilini öyrənmək istəyən və qarşısına yüksək bir nəticə qoymuş şəxs üçün iki imtahan və ya sertifikat arasında ciddi bir fərq olduğunu düşünmürəm. Təcrübə göstərir ki, məsələn IELTS imtahanında 6,0, yəni B2 nəticəsini göstərmiş bir şəxs TOEFL imtahanında 110 yəni C2 nəticəsini çətin əldə etsin. Məqsədli və ciddi şəkildə imtahanlara hazırlıq ilə hər iki sertifikatdan yüksək nəticələr əldə etmək mümkündür. Bu baxımdan, imtahan forması düzgün seçilməli və “biri asan, digəri çətindir” kimi fikirləri kənaraq qoymaqda fayda vardır.

Scroll to Top