Təyyarədə əşyalarınız yaddan çıxarsa

Son yenilənmə tarixi: 27/04/2025

Təyyarədə əşyalarınız yaddan çıxarsa, həyəcanlanmağa və tələm-tələsik nələrisə edib vaxt itirməyə dəyməz. Sadəcə bu yazını oxuyaraq daha hazırlıqlı ola bilərsiniz.

Hava limanlarında “Lost and Found” şöbəsi

Təyyarə eniş zolağına düşdü və dayandı. Mən tələm-tələsik təyyarədən çıxdım, qaça-qaça şəhərə gedən avtobuslara yaxınlaşdım, çünki həmin şəhərdən başqa bir şəhərə artıq qatar biletini almışdım. Qatar biletinin qiyməti də yetərincə baha idi və bu biletimi korlamaq istəmirdim. Qatara çata bildiyimdən, öz yerimə əyləşdim. Qatarın hərəkət etməyə başlamasından hardasa 15-20 dəqiqə keçmişdi. Kompüterimdə yarımçıq qalan yazımı davam etmək istəyirdim. Nə qədər axtarsam da, bel çantama qoyduğum kompüterimi tapa bilmədim. Kompüter yadımdan çıxıb təyyarədə qalmışdı. Həmin günü gəldiyim aviaşirkətlə əlaqə saxlamaq istəsəm də, alınmadı. Bir sıra saytlardan oxuduğum məlumatlara əsasən, bu halda, mütləq siz hava limanına geri qayıtmalı və “İtmiş və tapılmış” (ing. “Lost and Found”) sözü yazılan xidmət pəncərəsinə yaxınlaşmalısınız. Sizdən xarici pasport və uçuş biletinizi istəyəcəklər, buna görə də, biletinizi təyyarədən düşən kimi atmağa tələsməyin. Əmin olun ki, sizin bütün əşyalarınız yerindədir. Çünki, istənilən başqa halda bilet sizə lazım ola bilər. Növbəti gün hava limanına geri qayıtdım. Yaxınlaşan kimi özüm, gəldiyim reys, oturacaq və itmiş əşya haqqında məlumat verdim. Cəmi bir neçə dəqiqə gözləməklə öz kompüterimi əldə etmiş oldum. Tez əldə etməyimin səbəbi, məhz, qısa zamanda müraciətimlə bağlı idi.

Özüm gəlmişəm, baqajım hələ gəlməyib. Nə edim?

İkinci hadisə isə itmiş baqajla bağlıdır. Yəni birinci halda olduğu kimi təyyarədə yadımdan heç nə çıxarmamışdım. Təyyarədən enmiş və artıq pasport nəzarətini belə keçmişdim. İki baqajla gəlmişdim, birini götürə bildim, lakin ikincisini nə qədər gözləsəm də, görə bilmədim. Bakı beynəlxalq hava limanında “İtmiş baqaj” xidmətinə yaxınlaşdım və ərizə doldurdum. Bildirdilər ki, sabah sizinlə əlaqə saxlanılacaq. Səhərisi gün axşama qədər  gözləsəm də, heç bir zəng gəlmədi. Türk Hava Yollarının Bakı ofisinə zəng etsəm də, kobud rəftardan başqa heç nə görə bilmədim. Baxmayaraq ki, sizin baqajınız itibsə, bu baqaj sizin ünvana gətirilməlidir, amma mən normal rəftar və məsuliyyət belə hiss etmədim. Yaxşı ki, tanıdığım adamlardan biri ilə qarşılaşdım və Bakı hava limanında itmiş baqajlara “baxdığını” dedi. Onun köməkliyi ilə həmin gün baqajımı tapa bildim.

Scroll to Top