Son yenilənmə tarixi: 24/05/2025
Slovakiya iş vizasına müraciət qaydaları haqqındakı məqalə Slovakiyada işləmək istəyən və işləmək dəvətnaməsini alan şəxslərin viza prosesinə müraciəti ilə bağlıdır.
İlk öncə sənədlər, daha sonra isə qaydalarına baxaq.
Slovakiya iş vizası üçün lazım olan sənədlər
İş vizasına müraciət üçün aşağıdakı qeyd olunan sənədlər hazırlanmalıdır.
1. Xarici pasport
Pasportun əsli ilə yanaşı əvvəlki vizalarının və ölkəyə giriş-çıxış ştampları olan səhifələrinin (əgər, viza və giriş-çıxış ştampı varsa) də surəti çıxarılmalıdır.
2. Anket
Anket ingiliscə və əl yazısı ilə doldurulmalıdır. Anketin boş formasını bu link üzərindən yükləmək olar.
3. Şəkil
Şəkil biometrik olmalı, 6 aydan köhnə olmamalı və 3×3.5 ölçüdə olmalıdır.
4. Əmək müqaviləsi
Əmək müqaviləsinin həm əsli, həm də 1 ədəd surəti hazırlanmalıdır.
Əsas sənədləri bölüşdükdən sonra istərdim ki, əlavə sənədlər barədə də məlumatları bölüşüm. Əlavə sənədləri ona görə yazıram ki, səfirlik hər zaman əlavə sənədləri tələb edə bilər. Bu baxımdan bu sənədləri də hazırlanıb verilsə, ziyanı yoxdur.
5. Şəxsiyyət vəsiqəsi
Sadəcə surəti hazırlanmalıdır.
6. Sığorta
İş müqaviləsində sığorta qeyd olunmayıbsa, işçi minimum 1 illik sığorta almalıdır. Əks halda isə, 1 aylıq sığorta kifayət edir.
7. Bank hesabından arayış
Bu arayış ingiliscə, Slovakiya səfirliyinə təqdim olunması üçün yazılmalıdır. Bank hesabında pulu ona görə göstərmək məntiqlidir ki, adətən işçi maaşı ayın axırında alır və ayın sonuna qədər özünü maliyyələşdirmək üçün vəsaiti sübut etsə, yaxşı olar.
8. Digər sənədlər
Tövsiyə edirəm ki, vizaya müraciət edən şəxs iş təcrübəsi və ya təhsillə bağlı (diplom, sertifikat və s.) olan sənədlərini də viza sənədlərinə əlavə etsin.
Müraciət qaydası
İşçi vizasına müraciət yalnız BLS şirkəti (Slovakiyanın viza mərkəzi) tərəfindən qəbul olunur. Lakin, ilk öncə https://software.blsslovakiavisa.com/appointments/login keçidi üzərindən qeydiyyat aparmaq və portala giriş edərək mümkün görüş gününü və saatını seçib təsdiqləmək lazımdır. Görüş günü təsdiqləndikdən sonra portalda olan sənədi, e-maila gələn bildirişi (görüş gününün təyini ilə bağlı) çap etmək tələb olunur. Bu sənədlər mütləq şəkildə çap olunmalı və yuxarıda qeyd etdiyim sənədlərə əlavə olunmalıdır.
Əlavə qeydlər
* Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
* Vizanın cavablandırılması üçün müddət təxminən 1 həftədir;
* Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır, yəni vizaya müraciət olunduqda ərizəçi pasportunu geri götürə bilməz;
* Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
* Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.