Son yenilənmə tarixi: 29/04/2025
Şengen və Avrozona haqqında olan məqalənin nüansları Avropa İttifaqı, Şengen zonaya üzv olan ölkələr və Avrozona ilə bağlı olacaqdır. Məqalədə bir sıra tarixi məsələlərə də toxunmaq istərdim, maksium dərəcədə qaranlıq bir məqama yer verməyək.
Avropa İttifaqı
Şuman deklarasiyasına əsasən 1951-ci ilin 18 aprel tarixində Avropa Kömür və Polad Birliyi yaradılır. Bu tarix, bu gün özündə 27 ölkəni birləşdirən Avropa İttifaqının (bundan sonra Aİ) əsasını qoymuş olur. Daha sonra isə müxtəlif illərdə Aİ öz üzv sayını artırır və genişlənməyə başlayır. 2013-cü ildə Xorvatiya Aİ-ə qəbul olunduqdan sonra isə, üzv ölkələrinin sayı 27-ə çatmış olur. Hal-hazırda, Aİ-nin üzv ölkələrinə Belçika, Almaniya, Fransa, İtaliya, Lüksemburq, Niderland (1951), Danimarka, İrlandiya (1973), Yunanıstan (1981), İspaniya, Portuqaliya (1986), Avstriya, Finlandiya, İsveç (1995), Çexiya, Estoniya, Kipr, Latviya, Litva, Macarıstan, Malta, Polşa, Sloveniya, Slovakiya (2004), Bolqarıstan, Rumıniya (2007) və Xorvatiya (2013) aiddir.
Avropa İttifaqının Şengen zonası
Lüksemburqun kiçik bir kəndi olan Şengendə 1985-ci ildə vahid sərhədin yaradılması haqqında Razılaşma imzalanır və ilk dəfə 1995-ci ildə 7 Aİ üzv ölkəsi öz aralarında sərhədləri ləğv edir. Hal-hazırda Şengen zonanın 26 üzvü var və siyahıya Avstriya, Belçika, Çexiya, Danimarka, Estoniya, Finlandiya, Fransa, Almaniya, Yunanıstan, Macarıstan, İslandiya, İtaliya, Latviya, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Niderland, Norveç, Polşa, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveç və İsveçrə kimi ölkələr daxildir. Eyni zamanda, Andorra, San Marino, Vatikan və Monako kimi mikro ölkələr də Şengen zonanın tərkib hissəsi hesab olunurlar. Bu ölkələr arasında sərhəd yoxlaması olmadığına (fövqəladə hallar istisna olmaqla) görə hansısa bir Şengen üzv ölkəsinin vizası ilə digər ölkələrə səyahət etmək və həmin ölkədə 90 gün yaşamaq olar. 90 gündən artıq yaşamaq üçün isə ölkənin müvafiq qurumuna (adətən, miqrasiya və əcnəbilərlə iş) müraciət etmək lazım olur.
Aşağıdakı xəritədən göründüyü kimi bütün Aİ üzvləri Şengen zonanın üzvü deyil və ya bütün Şengen üzv ölkələr Aİ-na üzv deyil. Məsələn, Norveç Şengen zonaya daxil olsa da, Aİ-na üzv deyil və ya Xorvatiya Aİ üzvü olsa da, Şengen zonaya daxil deyil.

Avropanın pul vahidi – Avro
Son olaraq, bir qədər də Avro haqqında danışaq. Avro 1999-cu ilin yanvarın 1-i yaradılsa da, yalnız 2002-ci ilin yanvar ayının 1-dən 12 ölkədə kağız və qəpik kimi praktiki istifadə olunmağa başladı. Hal-hazırda Aİ-nin 27 üzv ölkəsinin 19-da Avro rəsmi valyuta hesab olunur. Amma bu o demək deyil ki, bütün Aİ ölkələrində Avro ilə nəsə almaq mümkündür. Məsələn, Polşa hələ də öz valyutası hesab olunan Zlotı, Çexiya isə Krondan istifadə edir. Baxmayaraq ki, Polşa da, Çexiya da həm Aİ-ə, həm də Şengen zonaya üzvdürlər.
Şengen və Avrozona haqqında və eləcə də, Avropa İttifaqı barədə yekun və əsas nüansları sonda bir cədvəldə təqdim etmək istərdim ki, yuxarıda yazılanlar daha anlaşılan olsun.
Say | Ölkə | Aİ üzvlüyü | Şengen zona | Avrozona |
1. | Almaniya | ✓ | ✓ | ✓ |
2. | Andorra | ✖ | ✓ | ✓ |
3. | Avstriya | ✓ | ✓ | ✓ |
4. | Belçika | ✓ | ✓ | ✓ |
5. | Bolqarıstan | ✓ | ✖ | ✖ |
6. | Çexiya | ✓ | ✓ | ✖ |
7. | Danimarka | ✓ | ✓ | ✖ |
8. | Estoniya | ✓ | ✓ | ✓ |
9. | Finlandiya | ✓ | ✓ | ✓ |
10. | Fransa | ✓ | ✓ | ✓ |
11. | İrlandiya | ✓ | ✖ | ✓ |
12. | İslandiya | ✖ | ✓ | ✖ |
13. | İspaniya | ✓ | ✓ | ✓ |
14. | İsveç | ✓ | ✓ | ✖ |
15. | İsveçrə | ✖ | ✓ | ✖ |
16. | İtaliya | ✓ | ✓ | ✓ |
17. | Kipr | ✓ | ✖ | ✓ |
18. | Latviya | ✓ | ✓ | ✓ |
19. | Litva | ✓ | ✓ | ✓ |
20. | Lixtenşteyn | ✖ | ✓ | ✖ |
21. | Lüksemburq | ✓ | ✓ | ✓ |
22. | Macarıstan | ✓ | ✓ | ✖ |
23. | Malta | ✓ | ✓ | ✓ |
24. | Monako | ✖ | ✓ | ✓ |
25. | Niderland | ✓ | ✓ | ✓ |
26. | Norveç | ✖ | ✓ | ✖ |
27. | Polşa | ✓ | ✓ | ✖ |
28. | Portuqaliya | ✓ | ✓ | ✓ |
29. | Rumıniya | ✓ | ✖ | ✖ |
30. | San Marino | ✖ | ✓ | ✓ |
31. | Slovakiya | ✓ | ✓ | ✓ |
32. | Sloveniya | ✓ | ✓ | ✓ |
33. | Vatikan | ✖ | ✓ | ✓ |
34. | Xorvatiya | ✓ | ✖ | ✖ |
35. | Yunanıstan | ✓ | ✓ | ✓ |