Polşada Stefan Banak təqaüdlü təhsil

Polşada Stefan Banak təqaüdlü təhsil

Son yenilənmə tarixi: 29/04/2025

Polşada Stefan Banak təqaüdlü təhsil haqqındakı məqalədə proqrama müraciət zamanı tələb olunan sənədlər, müraciət qaydaları və önəmli nüanslar haqqında məlumat əldə edəcəksiniz. Başlamışdan öncə qeyd edim ki, Polşada təqaüdlə magistratura təhsili almağı hədəfləyən tələbələr eyni zamanda Visegrad təqaüd proqramına da gözə gəzdirə bilərlər.

Polşada Stefan Banak təqaüdlü təhsilin təminatçısı NAWA (polyakca, Narodowa Agencja Wymiany Akademickiej) hesab olunur. Doğma dilimizə tərcümədə isə Akademik Mübadilə üzrə Milli Agentlik mənasını verir.

Təqaüdə kimlər müraciət edə bilər?

Stefan Banak təqaüdünə Azərbaycan vətəndaşları da müraciət edə bilər. Nəzərdə saxlayın ki, təqaüd yalnız magistratura proqramına müraciət üçün keçərlidir və tədris dili ingilis və ya polyak dilində olmalıdır. Magistratura proqramı mühəndislik və texniki elmlər, kənd təsərrüfatı elmləri, habelə dəqiq və təbiət elmlərindən birini əhatə etməlidir. Azərbaycan vətəndaşları sosial və humanitar elmlər üzrə də müraciət edə bilərlər. Ən önəmli birinci məsələ budur ki, Filologiya üzrə təqaüdə müraciət edənlər yalnız polyak dilində təhsil almalıdır. Digər ixtisaslar üzrə isə yuxarıda qeyd etdiyim hər iki dildə təhsil almaq olar. İkinci nüans isə, universiteti ən gec halda 2 il əvvəl bitirməklə bağlıdır. Yəni, 2024-cü il üçün 2022-dən əvvəlki (2021, 2020 və s.) məzunlar bu proqrama müraciət edə bilməz.

Təqaüdün büdcəsi

Stefan Banak təqaüdünü qazanan tələbələr təhsil haqqından azad olurlar. Amma bu, yalnız dövlət universitetlərin aiddir. Özəl universitetlərdə isə təhsil haqqından azad olmaq məsələsini universitetin özü müəyyənləşdirir. Proqram daxilində təhsil müddəti boyunca (maksimum 12 ay) tələbələrə 1,800 zlotı aylıq stipendiya verilir. Azərbaycan vətəndaşları üçün səyahət xərci kimi 3,000 zlotı birdəfəlik əlavə qrant veriləcəkdir.

Tələb olunan sənədlər

Stefan Banak təqaüdünə müraciət üçün tələb olunan sənədlərə aşağıdakıları aiddir:

1. Qəbul/ilkin qəbul/qeydiyyat sənədi

2024-cü ildə edilmiş dəyişikliyə əsasən tələbə artıq portala müraciət zamanı universitetin qəbul məsələsinə aid hər hansı bir sənədi yükləməlidir. Bu sənəd ilkin, tam qəbul sənədi də ola bilər, sistemdə qeydiyyat sənədi də, eynilə universitetlərin bəziləri (məsələn, Varşava) tərəfindən verilən uyğunluq sənədi də. Son sənəddə universitet qeyd edir ki, tələbə bizə müraciət edib, qəbulla maraqlanıb və uyğun olarsa, ona tam qəbul sənədi verilə bilər.

Bax: Varşava Universitetin mümkün qəbul sənədi

Bax: Yagellon Universitetinin mümkün qəbul sənədi

2. Pasport

Əsas məsələ budur ki, vaxtı az qalmış pasportla müraciət etməyin. Çünki, bu, daha sonra viza və yaşamaq icazəsinə müraciət zamanı müəyyən çətinliklər törədir.

3. Diplom və diplom əlavəsi

Tələbə universiteti bitirməyibsə, bu zaman diplom əvəzinə son kursda oxumaqla bağlı arayış və diplom əlavəsinin yerinə son 7 semestrin transkriptini təqdim edə bilər. Arayışda isə tələbənin faktiki universitetini bitirəcəyi ilə bağlı planlaşdırılan tarix və qiymətlərinin orta balı (GPA) qeyd olunmalıdır.

4. Xarici dil sertifikatı

İngilis dilində təqaüdlə təhsil almaq istəyən tələbələr IELTS, TOEFL, PTE və s. bu kimi beynəlxalq sertifikatlarından biri ilə müraciət edə bilərlər. Tələb olunan minimum dil biliyi B2-dir, yəni IELTS ilə göstərməli olsaq, 5.5. Beynəlxalq sertifikatı olmayan, lakin bakalavriatı ingiliscə olan tələbələr universitetdən ingiliscə oxumaq bağlı aldığı arayışla da müraciət edə bilərlər.

Polyak dilində təhsil almaq istəyən tələbələr isə birbaşa magistratura oxuyacaqsa, minimum B2 sertifikatı, yox əgər ki, polyak dilində hazırlıq alacaqsa, minimum A2 sertifikatı ilə müraciət edə bilərlər.

5. Tövsiyə məktubu

Təqaüdə müraciət üçün 1 tövsiyə məktubu tələb olunur. Həmin məktub, tarixli və imzalı olmalıdır. Çalışmaq lazımdır ki, köhnə tövsiyə məktubu istifadə olunmasın. NAWA qeyd edir ki, bu məktub diplomatik və konsulluq nümayəndəliyi, qeyri-hökumət təşkilatı və ya universitet tərəfindən verilə bilər.

2024-cü ildə edilmiş dəyişikliyə əsasən tövsiyə məkubu yalnız Polşa səfirliyi (konsulluğu) tərəfindən verilmiş olarsa, o zaman nəzərə alınır. Yəni, tələbənin digər şəxslər (müəllim, dekan, rəhbər və s.) tərəfindən əldə etdiyi və portala yüklədiyi referans məktubu nəzərə alınmayacaqdır.

Təqaüdə müraciət qaydası

Tələbələr birinci növbədə https://programs.nawa.gov.pl/login saytı üzərindən qeydiyyatdan keçməli və şəxsi məlumatlarını doldurmalıdır. Sistemdə tələb olunan məlumatları həm ingiliscə, həm də polyakca doldurmaq olar. Son olaraq, yuxarıda qeyd olunan sənədləri də sistemə yükləmək lazımdır.

Təqaüdə müraciət adətən martın əvvəlində açılsa və sonunda bağlansa da, bir neçə ildə görürük ki, təqaüd üçün müraciət tarixləri bir qədər stabil deyil. Məsələn, 2021-ci il üçün müraciətlər may ayında başlamışdı. 2023-cü il üçün Stefan Banak təqaüdü ilə Polşada təhsil almaq istəyən tələbələr 2 fevral-31 mart 2023-cü il tarixləri arasında müraciətlərini yekunlaşdırmalı idilər. 2024-cü ildə isə müraciətlər iyunun əvvələrində açıldı və 27 iyun tarixinə qədər davam etdi.

Digər məqamlar

Bəzi məqamları bölüşürəm.

  1. NAWA, təqaüd alınması üçün 2 əsas məqama önəm verir. Birinci məqam tələbənin tövsiyə məktubu, hansı ki, nəticəyə 30%, ikinci məqam isə GPA-dır, hansı ki, nəticəyə 70% təsir edir;
  2. 2024-cü ildə edilmiş dəyişikliyə əsasən ölkələr qrupundan (Azərbaycan, Nigeriya, Efiopiya) yalnız 400 müraciət qəbul olunacaqdır;
  3. 2024-cü ildə edilmiş dəyişikliyə əsasən tələbə portalda iki ixtisas seçə bilər. Birinci ixtisas seçimi zamanı 1-ci bənddə qeyd olunan sənədlərdən birini portala yükləmək lazımdır. İkinci seçim üçün isə sənəd yükləmək tələb olunmur, yəni sadəcə universitetin adı və ixtisas qeyd olunmalıdır.
Scroll to Top