Son yenilənmə tarixi: 27/04/2025
Polşada işləyənlər üçün yaşamaq icazəsi barədə yazını oxumamışdan öncə qeyd etmək istərdim ki, bu yazı sadəcə prosedur haqqında məlumat verir və iş imkanları barədə hər hansı bir imkanları özündə cəmləşdirmir. Ümumən qeyd edim ki, Avropa Statistika Komitəsinin (EUROSTAT) rəsmi statistikalarına əsasən Polşa iş imkanlarına görə Birliyin ilk 5-liyinə düşən ölkələrdəndir.
Yerli və əcnəbi işçi
Polşanın (eləcə də, bir çox Avropa ölkələrinin) qanunlarına əsasən şirkət yerli işçi, bizim nümunəmizdə isə polyak axtarmalıdır. Şirkət yerli əmək idarələrindən (Powiatowy Urząd Pracy) tələblərə cavab verə bilən birini tapa bilmədiyi halda, xarici bir vətəndaşla müqavilə imzalaya bilər. Yuxarıdakı idarədən alınan bir sənəd həmin şirkətə icazə verir ki, o xarici vətəndaşla əmək müqaviləsi imzalaya bilsin. İstənilən halda bu sənədi sizi işə götürəcək hüquqi şəxs almalıdır, yəni bu etapda sizin həll edə biləcəyiniz hər hansı bir məsələ olmayacaq.
Polşada iş icazəsi
Zezwolenie na pracę cudzoziemca na terytorium Rzeczypospolitej Polskiej
Şirkət xarici bir vətəndaşla müqavilə bağlamaq hüququ əldə etsə belə, bundan sonra isə siz özünüz Polşada işləmək barədə icazə sənədi almalısınız. Yəni bu sənəd imkan verir ki, işləmək icazəsi ilə yanaşı siz hər hansı bir şirkət və yaxud da kompaniya ilə müqavilə bağlayasınız. Çünki iş icazəsi sənədi olmadan heç bir şirkət yaxud da kompaniya sizinlə müqavilə bağlaya bilməz. İşləmək üçün icazə sənədi təxmini bir ay müddətinə alınır. Bu sənədin alınması üçün sizə xarici passport lazım olacaq. Sənədin rüsumu isə 50-100 PLN (Polyak zlotu) arasında dəyişir: əgər iş icazəniz 3 ay və ondan azdırsa 50 PLN, 3 aydan çoxdursa 100 PLN ödənməlidir. (1 PLN ≈ 0.41 AZN)
Əmək müqaviləsi
Umowa o pracę
Əmək müqaviləsi sizin iş icazənizlə üst-üstə düşməlidir. Deyək ki, əgər sizin iş icazəniz (2-ci punktdakı sənəd) 2 illikdirsə, əmək müqaviləniz həmin müddətdən artıq ola bilməz. İş icazəsi əsas göstərici sayılır. Əmək müqaviləniz iş icazənizdən qısa yaxud da eyni müddətlik ola bilər, amma daha uzun ola bilməz. Polşanın qanunlarına əsasən birinci dəfə iş üçün yaşamaq icazəsini 3 illik müddətdən çox ala bilmərsiniz. Bu səbəbdən də, iş icazəsi, əmək müqaviləsinin müddəti və yaşamaq icazəsi kartının keçərlilik tarixi üst-üstə düşməlidir.
Sağlamlıq barədə sənəd
Polşada hər adam istədiyi hər bir işdə işləyə bilməz (iddia etmirəm ki, işləmirlər). Sizin sağlamlığınız imkan verdiyi bir işlə məşğul olmağınız üçün ilk öncə sağlamlıq barədə sənəd almalısınız. Formal olaraq həkim sizi müayinə edir və rəy verir ki, siz filan işdə işləyə bilərsiniz. Yaşadığım şəhərin hospitalından mən həmin sənədi təxmini 1 həftəyə aldım. Rüsum kimi isə 38 PLN ödənildi. Bu sənəd sizə əmək müqaviləsi üçün lazımdır, yəni oturum izni almaq üçün bu sənədə ehtiyac yoxdur.
Sosial tibbi sığorta
Zakład Ubezpieczeń Społecznych
Sosial tibbi sığorta sizə işi təklif edən kompaniya yaxud da şirkət tərəfindən alınır. Bu sizə imkan verir ki, sağlamlığınızda çıxa biləcək hər hansı problem zamanı xərcsiz müalicə olunasınız. Yadınızda saxlayın ki, sosial sığortanın aylıq ödənişinin sizin maaşınıza dəxli yoxdur. Əgər hər hansı bir şirkət sizin maaşınızdan kəsib sosial sığortaya ödəniş edəcəyini deyəcəksə, bu tam qanunsuz olacaqdır.
Yaşayış yeri barədə sənəd
Umowa najmu
Məlum məsələdir ki, Polşada ola-ola ev tapmaq və müqavilə imzalamaq asandır. Əgər ev tapmaq istəsəniz bu halda OLX saytına nəzər yetirin. Bu sayt Polşanın ən məşhur saytlarından biridir və deməli ki, normal qiymətə ev tapmaq daha asan olacaqdır. Maksimum qədər maklerlərdən yaxud da ev alqı-satqı, kirayə işləri ilə məşğul olan şirkətlərdən uzaq olun. Müqavilənin şərtlərini diqqətlə oxuyun və lazım olarsa, ingilis (yaxud mümkün olan və bildiyiniz) dilinə tərcümə etdirin. Çünki qol çəkdiyiniz istənilən sənədə cavabdehsiniz.
Ərizə forması
Wniosek o udzielenie cudzoziemcowi zezwolenia na pobyt czasowy
Ərizə formasını Əyalət idarələrinin yerli nümayəndəliyindən (məs: Mazowiecki Urząd Wojewódzki – Delegatura w Siedlcach) əldə edə yaxud da bu linkdən yükləyə bilərsiniz. Ərizə formasının sualları və punktları polyak, ingilis, fransız və rus dillərində olur, yəni anlamaqda çətinlik olmayacaq. Əsas məsələ budur ki, ərizə formasını yalnız polyak dilində yazmalısınız. Sizi işə götürən şəxs bunu edə bilər, yəni Polşada heç zaman yaşamayıb dili bilməməyiniz belə bir problem deyil və anlaşıqlı qəbul oluna bilər. Ərizə formasını hazır edəndən sonra əlavə 2 üzünü də kopyalamaq lazımdır: ümumi 3 ərizə forması tələb olunur.
3.5 x 4.5 şəkil (4 ədəd)
Hər bir ərizə formasında olduğu kimi bu ərizə formaları üçün də 4 dənə ağ fonda, rəngli və ölçüləri 35 x 45 mm olan şəkil tələb olunur.
Dövlət rüsumu
Opłata za wydanie zezwolenia na pobyt czasowy i prace
Dövlət rüsumu sizin oturum izni müraciətinizə baxılması üçün ödənilir. Hal-hazırda bu rüsum 440 PLN-dir, amma ola bilsin ki, bu və yuxarıdakı rəqəmlər gələcək də müəyyən qədər dəyişdirilə bilsin. Siz bu rüsumu bankdan yaxud da bank hesabınızdan (internet bankinq) köçürə bilərsiniz. Daha sonra bu sənədi printerlə çıxarırsınız və sənədlərinizin üzərinə əlavə edirsiniz.
Xarici passportun üzü
Xarici passportunuzun əsas, viza və ştamp olan bütün səhifələrinin üzü çıxarılmalıdır. Kopya sayı isə 2 ədəd olacaqdır.
Vəssalam, bununla da sizin işləməklə oturum izninə müraciət etməyiniz üçün sənədləşmə tamamlanır. Sizə maksimum 6 ay lazım olacaq ki, idarədən oturum izninizin cavabını alasınız. Əgər sənədlərinizdə hər hansı bir çatışmazlıq və problem olacaqsa, sizi idarəyə çağıracaqlar. Hamısı qaydasında olsa belə, oturum izni qərarı çıxana qədər azı bir dəfə siz Varşavadakı əsas idarədə olub, barmaq izini verməlisiniz.
Şəxsən, mənim sənədimdə belə bir kiçik problem oldu. 440 zlotun ödənişini internet bankinq vasitəsilə etmişdim və verdiyim sənəd adi printerdən çıxarılmış bir sənəd idi. Məndən onun originalını və eyni zamanda əlavə olaraq xarici passportumun (3-cünü) bir üzünü istədilər. Bank sənədini bir daha printerdən çıxartdım. Daha sonra isə bank həmin sənədə möhür vurdu və originallığını təsdiqlədi. Varşavadakı idarədə ən böyük problem növbə oldu: 3 saat növbənin qurtarmasını gözlədim. Məsləhət budur ki, çalışın idarəyə tez gedib növbənizi ön sıralardan tuta biləsiniz.