Son yenilənmə tarixi: 29/04/2025
Polşada işə yararlı saytlar yazısının məqsədi Polşada işinizə yarayacaq bir neçə internet saytını bir araya yığmaqdan ibarətdir. Səyahətə aid əvvəlki yazılarımda Polşa haqqında geniş məlumat verməyə çalışmışam, bu yazı isə daha çox rəqəmsal xidmətlərdən istifadə edən yoldaşlar üçün nəzərdə tutulub. Polşaya yeni gələn və ya gəlmək istəyən azərbaycanlılar üçün ümidvaram ki, nə zamansa lazım olacaq.
Allegro Polşanın ən məşhur alış-veriş saytıdır. Müqayisə üçün deyə bilərəm ki, sayt eBay və ya Aliexpress kimi beynəlxalq platformalarla oxşarlıq təşkil edir. Bir fərq burdadır ki, Allegro yalnız polyak dilindədir və hər hansı bir beynəlxalq dilə tərcümə olunmayıb. Burada işlənmiş, xarab və ya yeni mallar axtarıb, tapıb və ala bilərsiniz. Allegro sizi fırıldaqçılardan da qoruyur, amma ki, 100 % geri ödənişlə təmin etmir (sizə kimsə aldığınızı göndərmirsə və s.). Allegroda malı alırsınız, sifarişin çatdırılma metodu və adresinizi yazırsınız və kartla ödəniş etdikdən sonra sifariş sizə göndərilir.
OLX Azərbaycanda məşhur olan tap.az saytının tamamilə oxşar polyak versiyasıdır. Allegrodan fərqi budur ki, OLX-də siz normal olaraq satıcı ilə görüşüb, almaq istədiyiniz mala baxıb, ödəniş edirsiniz. Burada eyni-zamanda kirayə evlər də tapmaq mümkündür.
Əvvəlki yazılarımın birində bildirmişdim ki, Polşada avronu ən ucuz hava limanlarında alırlar. Hava limanlarında qəti olaraq xarici valyutanızı polyak zlotuna dəyişməyin. Banklar isə bir qədər yaxşı qiymətə alırlar. Daha yaxşı qiymətə isə siz “Kantor” adlanan yerdə dəyişə bilərsiniz. Amma ən gözəl variantı sizə Conotoxia platforması təklif edir. Belə ki, bunun üçün sizin hər hansı polyak bankında hesabınız olmalıdır. Hesab açarkən, zlot və sizdə olan valyutaların hesabını (USD və ya Euro) da açmağı unutmayın. Daha sonra isə öz hesabınızdan Conotoxia hesabınıza həmin xarici valyutanı köçürürsünüz və Conotoxia ilə daha yaxşı qiymətə onu zlota dəyişdirib, yenidən zlot hesabınıza qaytarırsınız. Ən gözəli isə bunların hamısı ödənişsizdir. Nə bank, nə də Conotoxia sizə Polşadaxili transfer üçün heç bir faiz tutmur.
Polşada avtomobil almaq fikriniz varsa, mütləq bu sayta baxın. Sayt haqqında ətraflı məlumat verə bilmirəm, çünki bir o qədər avtomobil həvəskarı deyiləm.
Heç nə hazırlayıb yeməyə həvəsiniz və ya vaxtınız yoxdursa, bu saytdan istifadə edə bilərsiniz. Pysznedə əsasən “fast food” tipli yeməklər olur (ən çox da pizza), ev yeməklərinə rast gəlmək çətindir. Ödənişi isə kartla və ya nəğd də edə bilərsiniz. Platforma eyni zamanda xarici ölkələrin bank kartlarını da qəbul edir.
Ceneoda müxtəlif malların qiymətlərini müqayisəsini görə bilərsiniz. Məsələn, deyək ki, sizə Huawei P10 telefonu lazımdır və sayt sizə hardan və neçəyə ala biləcəyinizi göstərir. Beləcə, ən ucuz satılan yeri müəyyən etmiş olursunuz. Eyni zamanda həmin məhsullar haqqında alıcıların fikirlərini də görə bilərsiniz.
Mənası “rəy” və ya “fikir” deməkdir. Polşada məşhur olan firmalar, onların satdığı məhsulların keyfiyyəti, poçt ilə çatdırılma vaxtı və müştəri xidmətlərini qiymətləndirilməsi haqqında saytda asanlıqla məlumat almaq olar. Əgər internetdə hər hansı bir digər saytda bir məhsul görüb almaq istəyirsinizsə, çalışın Opineo-da o şirkət haqqında fikirlər və qiymətləndirmə ilə tanış olasınız.