Polşa üçün səyahət məlumatları

Polşa üçün səyahət məlumatları

Son yenilənmə tarixi: 29/04/2025

Polşa üçün səyahət məlumatları əsasən Polşaya birinci dəfə gələnlərin daha da məlumatlı olmasına dəstək məqsədi ilə yazılmışdır. Bu baxımdan, Polşada 1 ildən çox işlədiyim və yaşadığım zamanda bildiklərimi sizinlə paylaşmaq istərdim. Ardıcıllıqla, calışacam ki, ən mühüm məsələlər aydınlıq gətirə bilim.

Varşava Şopen hava limanından şəhər mərkəzinə

Çox böyük ehtimalla siz Polşaya gələn zaman Varşavanın Şopen hava limanından istifadə edəcəksiniz. Hava limanından Varşavanın mərkəzinə isə qatar və yaxud da avtobusla gələ bilərsiniz. 175 nömrəli avtobusla 18-ci dayanacaqda düşməlisiniz, qatarla isə S2 xəttindən istifadə edib, Warszawa Śródmieście və ya Warszawa Centralna stansiyasında düşün. Avtobusla yarım saat, qatarla isə 20 dəqiqədən sonra Varşavanın mərkəzində olacaqsınız. Siz qatar və ya avtobus üçün bilet ödənişini plastik bank kartı (Azərbaycan bank kartı da olar) ilə də edə bilərsiniz.  Bilet üçün 4.4 zlot pul ödəməlisiniz. Əlavə məlumat üçün deyim ki, Jakdojade saytı sizə şəhərin içərisində nəqliyyatdan istifadə etməyə, və eyni zamanda da hava limanından şəhər mərkəzinə gəlməkdə çox kömək edəcək. Ümumiyyətlə, çalışın iOS və ya Android üçün hazırlanmış proqramdan istifadə edəsiniz.

Varşavadaxili və ölkəiçi nəqliyyat

1-ci paraqrafda adını yazdığım platforma (Jakdojade) sizə eyni zamanda şəhərdaxili nəqliyyatdan istifadə etməkdə də çox yararlı olacaq. Çünki, proqram şəhərin içərisində hərəkət etmək üçün bütün mümkün variantları sizə göstərir: avtobus, tramvay və metro. Sadəcə olaraq, olduğunuz və getmək istədiyiniz yeri göstərirsiniz, proqram sizə avtomatik hansı nəqliyyat vasitəsinin hardan və neçədə çıxdığını göstərir. Əgər siz Varşavadan başqa bir şəhərə getməyi planlaşdırırsınızsa, bu zaman qatardan və yaxud da avtobusdan istifadə edə bilərsiniz. Qatarların marşrut cədvəllərinə baxmaq üçün Rozklad-pkp saytına baxın. Əgər avtobusdan istifadə edəcəksinizsə, Polskibus yaxşı seçim ola bilər.

Polşada ödəniş, valyuta dəyişmə və bank haqqında

Ödəniş və valyuta dəyişmə

Polşada qüvvədə olan yeganə pul vahidi Polyak zlotudur (mənası “qızıl” deməkdir). Polşa, Avropa Birliyinin və Şengen zonanın üzvü olduğu, lakin Avrozonanın üzvü olmadığı üçün avro ödəniş vasitəsi kimi qəbul olunmur. Ümumiyyətlə, əgər hava limanında zlot almaq istəsəniz (şəhər mərkəzinə gəlmək üçün), çalışın ki, 10 avrodan artıq dəyişməyəsiniz. 10 avro sizə tamamən bəs edər ki, qatarla ya avtobusla şəhər mərkəzinə gələ biləsiniz. Hava limanında isə avronun satışı həddindən artıq baha, alışı isə inanılmaz dərəcədə ucuzdur (bu hava limanlarının tipik, monopolik siyasətidir). Əlinizdəki dolları və ya avronu harda dəyişmək məsələsinə gəldikdə isə, çalışın banklarda dəyişməyin. Banklar da hava limanı kimi, avronu sizdən ucuz alacaq. Polşada “Kantor” adlanan valyutadəyişmə məntəqələri var ki, burada xarici valyutanı daha yaxşı qiymətə alırlar və lazım olarsa, sizə daha ucuz qiymətə xarici valyuta da satırlar. Adi bir misal üçün deyim ki, bu gün üçün kantor sizdən avronu banka nisbətən 0.10 zlot fərq ilə (1 avro satanda) daha baha alır. Bu o deməkdir ki, siz 100 avroda 10 zlot, 1000 avronu dəyişəndə isə 100 zlot pul qazana bilərsiniz. 100 zlot Polşada az pul deyil: 1 nəfərin həftəlik ərzaq xərci ola bilər.

Bank

Hansı bank xidmətindən istifadə etmək daha yaxşıdı məsələsi isə bir qədər individual xarakter daşıyır. mBank məsələn, sizə şərt qoyur ki, ay ərzində kartınız ilə azı 300 zlotluq nəğd ödəniş etməlisiniz (hər hansı bir mağazada və s.), əks halda kart üçün aylıq ödəniş olunmalıdır. Ümumiyyətlə, polyak banklarında mənim üçün ən böyük mənfilik də elə budur. Heç bir bank sizə şərtsiz bank kartı vermir (NestBank istisna olmaqla. NestBankın isə AB vətəndaşı olmayanlarla işləmə təcrübəsi yoxdur) və eyni zamanda da siz müəyyən şərtlər daxilində ATM-lərdən istifadə edə bilərsiniz.

Polşada mobil operatorlardan istifadə

Polşanın 3 ən böyük mobil operatoru var: T-Mobile, OrangePlay. Orange operatorunun tarifləri qarışıq olduğu üçün, heç özüm də bu operatordan istifadə etmirəm. Rahat anlaşıqlı şərtləri olan 2 operatordan qısaca məlumat vermək istərdim. Əgər hər iki operatoru (T-Mobile və Play), ümumi fərqləndirsək, bir o qədər fərqli şərtlərlə xidmət göstərmədiyini görə bilərik. Məsələn, Play sizə aylığı 25 zlot olan bir tarif təklif edir ki, bu tariflə siz Polşadaxili mesaj və zəngdən limitsiz, internetdən isə 6 GB həcmində istifadə edə bilərsiniz. Play digər tarifləri haqqında əlavə məlumat üçün bu linkdən istifadə edin. Operatorlardan istifadə də, tamamilə şəxsi zövqə görə dəyişir. Məsələn, polyak dostum T-Mobile operatorunun eyni şərtlərlə olan tarifindən (hətta eyni aylıq ödənişlə) istifadə etdiyi halda, mənim Play-dən daha çox xoşum gəlir.

Scroll to Top