Polşa təhsil vizasına müraciət qaydaları

Polşa təhsil vizasına müraciət qaydaları

Son yenilənmə tarixi: 29/04/2025

Polşa təhsil vizasına müraciət qaydaları məqaləmin məqsədi tələbələrin diqqətini bir neçə əsas məsələlərə yönəltməkdən ibarətdir. Burada universitet seçiminin viza nəticəsinə təsiri, sənədlərin yığılması, görüş gününün götürülməsi kimi məqamlara toxunacağıq.

Polşa üçün universitet seçimi

Birinci əsas məqam budur ki, seçdiyiniz universitetin prestijli olmasına çalışın. Çünki, xaricdə təhsilin axmaq biznes variantı çox tələbənin vizadan rədd cavabı almağı ilə nəticələnir. Səbəblər isə çox sadədir: şirkətlər və ya kəslər universitetlərin reytinqlərini, onların təhsil keyfiyyətlərini və hətta tədris dilini nəzərə almadan onlara müraciət edən insanları qəbul sənədi ilə təmin edirlər. Viza üçün rədd cavabı gəldikdən sonra isə məlum olur ki, qəbul polyak dilində olan ixtisas üçün nəzərdə tutulub. Və ya tələbə heç bir dil bilmədən aşağı nüfuzlu bir təhsil müəssisəsindən qəbul aldırır və viza görüşündə müəyyən olur ki, şəxsin hər hansı bir dil biliyi yoxdur və ingilis dilində primitiv suallara cavab verə bilmir. Bu şəxslərin əksəriyyəti Polşada təhsil almaq yox, işləməkdir deyə, səfirlik bunun qarşısını almaqda maraqlıdır (və maraqlı da olmalıdır). Yəni, Polşa haqqında eşitsəniz ki, vizadan çox adama rədd cavabı gəlir, bilin ki, həmin şəxslərin ya sənədlərində həqiqətən ciddi problem var, ya dil bilikləri yoxdur yaxud da çox aşağı səviyyədədir.

Polşa təhsil vizasına müraciət üçün sənələşmə

İndi isə keçək ikinci əsas məqama. Təhsil vizasına müraciət üçün hansı sənədlər lazımdır?

Əvvəlki vizaya aid məqalələrimdə qeyd etdiyim kimi sənədləşməni iki hissəyə ayırıram.

ƏSAS SƏNƏDLƏR

1. Pasport

  • Xarici pasportun bitmə tarixinə minimum 12 ay qalmalıdır;
  • 2 boş səhifəsi olmalıdır;
  • 1 ədəd surəti (əsas, vizalar, ölkələrə giriş-çıxış möhürləri olan səhifələr) çıxarılmalıdır.

2. Şəxsiyyət vəsiqəsi

  • 1 ədəd surəti çıxarılmalıdır.

3. Milli viza üçün ərizə forması

  • https://secure2.e-konsulat.gov.pl/ linki üzərindən doldurulmalıdır;
  • Forma 1 ədəd hazırlanmalıdır;
  • Ərizənin sonunda yer (Baku), tarix (görüşün baş tutduğu gün) yazılmalı və imza çəkilməlidir. 18 yaşından kiçik tələbələr (tələbənin əvəzinə) üçün hər iki valideyn ad, soyadlarını yazmalı və imzalamalıdır.

4. Ərizə üçün rəngli fotoşəkil

  • 1 ədəd tələb olunur;
  • Ölçüləri 3.5×4.5 sm, ağ fonda və biometrik olmalıdır;
  • Ən köhnə halda 6 ay ərzində çəkilməlidir.

5. Tibbi sığorta

  • Sığorta məbləği 30.000 avro hesablanmalıdır;
  • Bütün Şengen ölkələri üçün (bax: Şengen zona) keçərli olmalıdır.

6. Maliyyə dəstəyinin sübutu

  • Maliyyə sənədləri qeyd olunan variantların biri (və ya bir neçəsi) ilə sübut oluna bilər:
    • təqaüd qazanılması barədə məktubla;
    • sponsor tərəfindən verilmiş zəmanət məktubu ilə;
    • bank hesabı və həmin hesaba minimal məbləği (2024-cü il üçün minimum 4,500 avro) mədaxil etməklə;
    • müntəzəm gəlirləri sübut edən digər (məsələn, daşınmaz əmlak kirayəsi, səhm gəlirləri və s.) sənədlərlə.
  • İngilis dilinə notarial tərcümə olunmalıdır;
  • 1 ədəd surəti çıxarılmalıdır.

7. Qəbul məktubu

8. Təhsil haqqının ödəniş sənədi

  • Təhsil haqqının ödənişini sübut edən bank sənədinin əsli;
  • 1 ədəd surəti çıxarılmalıdır.

9. Əvvəlki təhsilin sənədləri

  • Bakalavr üçün attestat, magistratura oxuyacaq tələbələr üçün isə bakalavr diplomu (və ya arayış) və diplom əlavəsi (və ya transkript) hazırlanmalıdır;
  • Yalnız attestat, original diplom və original əlavəsi 5 saylı ASAN xidmət mərkəzində Xarici işlər nazirliyi (Konsulluq xidmətləri) tərəfindən apostil şəhadətnaməsi ilə təmin olunmalıdır;
  • İngilis dilinə notarial tərcümə olunmalıdır;
  • 1 ədəd surəti çıxarılmalıdır.

10. Attestatın nostrifikasiyası

  • Polşada bakalavr təhsili almağı planlaşdıran tələbələr üçün nəzərdə tutulur;
  • Nostrifikasiya sənədi Polşadan alınır;
  • Səfirliyə nostrifikasiya şəhadətnaməsi və ya müraciət haqqında sübut təqdim olunmalıdır.

11. Yaşayış yeri barədə sənəd

  • Yataqxana, kirayə ev və ya otel bron sənədi.

12. Uçuş biletinin bronu

  • Təktərəfli təyyarə biletinin bronu;
  • Bron görüşdən 1 gün əvvəl olunmalıdır;
  • 1 ədəd surəti çıxarılmalıdır.

13. 18 yaşına çatmamış tələbələr üçün

  • Tələbənin doğum haqqında şəhadətnaməsi
    • Əsli və 1 ədəd surəti təqdim olunmalıdır.
  • Maddi öhdəlik, ölkə ərazisinə sərbəst səyahət və ölkə ərazisində yaşamaqla bağlı ərizə
      • Hər iki valideyn tərəfindən notarial qaydada verilməlidir;
      • İngilis dilinə notarial tərcümə olunmalıdır;
      • 1 ədəd sadə surəti çıxarılmalıdır;
      • Bax: sənədin nümunə forması.
  • Valideynlərin şəxsiyyətlərini təsdiq edən sənəd
      • Valideynlərin şəxsiyyət vəsiqələrinin və ya pasportlarının əsli və 1 ədəd surəti təqdim olunmalıdır.

DƏSTƏKLƏYİCİ SƏNƏDLƏR

1. Dil biliyinin sübutu

  • Beynəlxalq dil sertifikatının əsli və surəti (əgər varsa);
  • Əvvəlki təhsilin ingiliscə alınması ilə bağlı arayışın əsli və surəti (əgər varsa).

Polşa səfirliyində viza görüşü

  1. https://secure2.e-konsulat.gov.pl/ saytı üzərindən görüş üçün müraciət olunur və səfirlik püşkatma ilə müraciət edən tələbələri viza sənədlərini təqdim etmək üçün səfirliyə çağırır;
  2. Görüş günü əvvəlcədən seçilmir və günlər yalnız püşkatma ilə təyin olunur;
  3. Görüş günü üçün bir dəfə müraciət kifayət edir və görüş günü təyin olunanadək gözlənilməlidir;
  4. Viza müraciəti zamanı Polşanın Azərbaycandakı səfirliyində şəxsi iştirak tələb olunur.

Rüsum və əlavə qeydlər

  • Viza müraciəti rüsumu 135 avrodur və səfirlikdə nağd şəkildə ödənilir;
  • Səfirlik əlavə sənədlər tələb etmək hüququnu özündə saxlayır;
  • Vizanın cavablandırılması üçün müddət 14 gündür;
  • Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır, yəni vizaya müraciət olunduqda, ərizəçi pasportunu geri götürə bilməz;
  • Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
  • Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.

Yekun

Bu və digər səbəbləri nəzərə alıb, Polşanın təhsil vizasından rədd cavabı almamaq üçün məsələyə kifayət qədər ciddi yanaşmaq lazımdır. Daha rahat olmağı naminə istərdim ki, viza müraciəti zamanı tez-tez verilə biləcək sualları da burada bölüşüm. Nəzərə alın ki, sualları burada qeyd olunanlar ilə məhdudlaşdırmaq düzgün deyil.

Scroll to Top