Son yenilənmə tarixi: 29/04/2025
Polşa haqqında pozitiv nüanslar yazısında Polşada mobil danışıq və internet qiymətləri, fiber optik internet, ərzaq, ev və transport qiymətləri barədə məlumat vermək istərdim. Polşaya aid yazdığım əvvəlki yazımda əsasən neqativ məsələlərə toxunmuşam.
Polşada mobil danışıq və internet qiymətləri
Müsbət cəhətlərə gəlincə isə bir çox şeyi xırdalamaq olar. Nümunə üçün, Polşada Azərbaycandakı kimi internet və mobil xidmətlər monopoliya ilə idarə olunmur. Və bu səbəbdəndir ki, mobil və internet operatorlar qiymətləri azad bazar şəraitinə görə uyğunlaşdırırlar. Azad bazar isə qiyməti salır və keyfiyyəti yüksəldir. Məsələn, Polşada siz aylıq cəmi 25 zlot ödəməklə limitsiz danışıq, mesaj və 10 GB internet paketi əldə edə bilərsiniz. Azərbaycan manatı ilə bu qiymət təxmini 12 manatdır. Hətta mobil operatorlar tez-tez sizə ödənişsiz, yəni bonus kimi internet trafiki verirlər. Məsələn, Play mobil operatoru 2017-ci ilin yay ayları üçün hər ay 3 GB olmaqla istifadəçilərə bonus verib. İstənilən halda bonus almasanız belə, məncə, 12 manatlıq paket dəyərində yuxarıda sadalananlara sahiblik gözəl hissdir.
Polşada fiber optik internet
İnternet xidmətlərinə gəlincə isə fiber optik qoşulma Polşada çox məşhurdur və aylığı 35 zlot olmaqla siz 35 mb/san sürətlə internetə qoşula bilərsiniz. Fiber optik qoşulma ili sizi təmin edə biləcək kompaniyaların adını tam siyahi ilə yaza bilməyəcəm, çünki bu qaldığınız regiona görə dəyişə bilər. Məsələn, Torun şəhərində Multimedia şirkəti sizi yüksək sürətli internet ilə təmin etsə də, əvvəl yaşadığım Şedlçe şəhərindəki eynifunksiyalı şirkət Domtel Telecom idi.
Polşada ərzaq, ev və transport qiymətləri
Ərzaq
Polşada ərzaq qiymətləri Azərbaycanla müqayisədə bahadır. Məsələn, siz 50 qroşa (polyak qəpiyi, təxmini 25 qəpik) balaca bir bulkaya oxşar çörək ala bilərsiniz. Bir litrlik Koka Kola isə 4 zlot ( təxmini 2 azn) civarındadır. Əgər evdə yemək bişirirsinizsə, normal qidalanmaq üçün günə 30 zlot bəs edə bilər. Bu 30 zlotun içində ət məhsullarını, çörək, tərəvəz və meyvələri də daxil edə bilərik. Polşada yaxşı cəhət odur ki, ən bahalı şəhərlə ən ucuz yaşamalı şəhər arasındakı ərzaq qiymətlərində fərq olmur.
Ev kirayəsi
Ev məsələsi isə qida qiymətləri ilə müqayisədə qəlizdir. Evin qiyməti şəhərdən, mərkəzə yaxınlıqdan və tək (yə kiminlərsə yaşamaqdan) asılı olaraq kəskin surətdə dəyişilə bilər. Məsələn, Torunda mənim yaşadığım ev 2 otaqlı, orta şəraitli və mərkəzdən piyada 15-20 dəqiqəlik məsafədə yerləşirdi. Aylığı üçün isə 1200 zlot (ev, administrativ haqq və kommunal ödənişlər daxil) ödəniş edirdim. Eyni ödənişlə (1200 zlot) isə Varşavada yalnız kiminləsə yaşa bilərsiniz. Yəni sizə cəmi bir şəxsi otaq verilə bilər.
Transport
Transporta gəlincə isə. Polşada metro yalnız Varşavadadır. Qiymət isə gediş müddətindən və zonadan asılı olaraq dəyişir. Eyni məntiq digər transport sistemləri üçün də keçərlidir. Avtobus, tralleybusun qiymətləri isə şəhərdən asılıdır. Əgər siz tələbə kimi yaşayırsınızsa və yaşınız 26 və ondan aşağıdırsa, bu zaman bütün kütləvi nəqliyyat vasitələri üçün (Polşadaxili qatar da daxil olmaqla) 50 faiz endirim əldə etmiş olursunuz. Amma mütləq tələbə vəsiqəniz üzərinizdə olmalıdır.
Yekun
Ümumiyyətlə Polşada digər Avropa ölkələri ilə müqayisədə daha az pulla rahat yaşamaq olar. Təbii ki, bu rahat yaşamaq məsələsi nisbidir və şəxsə görə dəyişə bilər. Ucuzluqla aşağı maaş isə bəzən sizin maddi vəziyyətinizi yaxşılaşdırmağa imkan vermir. Yəni çox vaxt təklif edilən işlər yüksək maaşla təklif olunmur (çünki ucuzluqdur) və bu səbəbdən də öz işinizi öz maliyyəniz ilə qurmaq çətinləşir.