Son yenilənmə tarixi: 29/04/2025
Mobil operatorlarımızın fırıldaqçılıq mexanizmi haqqında yazmağı çoxdandır ki, planlaşdırırdım. Demək olar ki, hamımız mobil telefon işlədirik və 3 operatordan birini seçməliyik. Elə, yazımın məqsədi də bu 3, yəni Azercell, Bakcell və Nar operatorlarının hansı yollar ilə vətəndaşları aldatması ilə bağlıdır.
Mobil operatorların “limitsiz” fırıldağı
Son dəfə belə fırıldaq eradan əvvəl IV əsrdə Makedoniyalı İsgəndərin dövründə baş vermişdir. İsgəndərin Telekommunikasiya naziri öz şirkətini quraraq ölkədə bir mobil operator açır. Rəqabəti olmayan həmin şirkət isə “limitsiz danışıq və internet” reklamları ilə vətəndaşları soymağa başlayır. Zarafat edirəm, amma ki, burada əsas mesajı vermək istərdim. Yəni, inkişaf etmiş və etməkdə olan operatorlar nəinki abunəçini aldadır, hətta limit məsələlərini yığışdırmağa qərar veriblər. Bizdə isə əksinə. İndi baxaq ki, Azercell, Bakcell və Nar hansı xidmətlərində bizi limitsiz adı ilə aldadır.

Deməli, Azercellin “Limitsiz internet paketləri” adı altında satdığı internet tarifləri var. İlk baxışdan hər şey əla görünür. Abunəçi də bu ada aldanıb, paketi sifariş edir. Bir qədər sonra sürətində problemi hiss edən abunəçi Azercellə zəng edir və məlum olur ki, sürətə limit tətbiq olunub. Hər bir paketin səhifəsinin “Əlavə məlumat” hissəsində “İstifadəçilər saniyədə 2 Mbit-ə qədər sürət əldə edirlər.” kimi bir məlumat qeyd olunub. Yəni, ad limitsiz, təklif olunan xidmət isə limitli olması açıq-aşkar yox, gizlincə saytda qeyd olunub.

Bakcell-in variantı isə daha kreativdir: “Gecədən səhərə limitsiz İnternet” tarifi. Heç nəyə fikir verməsəm, elə başa düşəcəm ki, söhbət sensuzaradan keçməyən və Bakcellin sponsorluq etdiyi filmdən gedir. Bakcell bu kreativliyini tarifin səhifəsində olan “Qeyd” hissədə də davam etdirir. Diqqət etsək, görəcəyik ki, bu tarifdə internetin sürəti 2 Mbps təşkil edir və interneti paylaşmaq da mümkün deyil. 25 manat ödəyib limitsiz adı ilə internet alırsan, 2 dəfə də sürprizlə qarşılaşırsan. Bir sözlə, mükəmməl.

Nar operatoru isə möhtəşəmliyin pikindədir. Narın Limitsiz tarifinin səhifəsini açan kimi 400 dəqiqə və 100 SMS limiti adamı 3 saniyədən artıq sevinməyə qoymur. Azercell və Bakcell ilə müqayisədə Nar bir qədər humanist mövqedə dayanıb, yəni deyirlər ki, “ay vətəndaş, limitsiz sözünün altında o boyda yazmışıq ki, limit var”. Amma gizlin qeydlər bu operatorda da özünü göstərir. Narın İnternet paketlərində qeyd olunan limitsiz sözünün arxasında isə 2 məsələ var: sürət limiti 2 Mbps və interneti paylaşa bilməmək.
60 saniyə fırıldağı
“Bala, hardasan?”. “Çatıram, 10-15 dəqiqəyə evdəyəm”. “Gələndə, çörək alarsan”. “Yaxşı”.
Bu və bu kimi digər dialoqlardan gündəlik istifadə edirik. Əgər, bir cümləni bir dəfə desək və hər iki tərəfə hər şey aydın olsa, belə bir dialoqun müddəti 15 saniyədən çox çəkməz. Bəs, Azercell, Bakcell və Nar bu dialoqu 15 saniyə kimi görürmü? Məncə, yox. Gəlin, bir yerdə baxaq.

Azercellin yenilənmiş Sərbəst tarifinin şərtlərinə baxıram. Axırdan ikinci şərt kimi, hesablama intervalını 60 saniyə kimi qeyd ediblər. Bu azmış kimi, bütün “Sərbəst” tariflərində isə 1 GB internet Faebook və WhatsApp üçün verilsə də, yalnız yazılı (?!) mesajlara aid edilir. Bu yerdə, adamın fikri 60 saniyədən daha çox 1 GB internetin niyə ancaq yazı üçün verilməsində qalır. 1 GB yazı üçün hardasa 130,000 (yüz otuz min) səhifə yazmaq lazımdır, özü də 30 gün içində. XXI əsrdə bu ideyanı irəli sürən və qərar verən adam(-ları) kreativ addımlarına görə səmimi qəlbdən təbrik etmək istərdim.

Bakcellin təklif etdiyi Klass 10 tarifi isə digərindən seçilmir. Bakcell də eyni qaydada 1-60 saniyə arasındakı rəqəmləri görməzdən gələrək, hamısını 60 kimi görür. WhatsApp istifadəsi üçün nəzərdə tutulan “PULSUZ” məsələsi də abunəçilərlər şirin zarafat etmək üçündür. Pulsuz deyilsə də, ancaq yazılı mesajlara aid edilir. Yəni, birdən internetin bitdi, səs göndərdinsə, vəssalam.

Narın təklif etdiyi Full 9 tarifində də yeni heç nə görə bilmirik. Eyni şeyləri uzun-uzadı nəyə görə yazıb, özümü də, sizi də bezdirim ki.
Arada elə bilirəm ki, bu operatorlar abunəçilərlə zarafat edirlər. Amma, doğurdan da ciddi-ciddi hər üçündə də hesablama intervalı 60 saniyədən az deyil. Fikir verməsək, əladır. Amma ki, mənim kimi bir qədər araşdırma etsək, 300-350 dəqiqə kimi reklamların real nəticə ilə düz olmadığını görəcəyik. Məsələn, bir abunəçi orta hesabla 20 saniyə danışırsa (evə çörək almaq, necə dəqiqəyə çatacağını demək, ya da bir dostum kimi salam-sağol etmək və s.), hər dəqiqədə 40 saniyə itirir. Bu rəqəm isə 300 dəqiqənin əslində 100 dəqiqə olması deməkdir. Yəni, 200 dəqiqə konkret olaraq, operatorlar tərəfində oğurlanır, birmənalı şəkildə.
Yekun
Reklam haqqında qanunun 7-ci maddəsi Azərbaycanda qeyri-dəqiq reklamı qadağan edir. Eyni qanunun 4-cü maddəsi isə deyir ki, reklam isehlakçını aldatmamalı və çaşqınlıq hiss yaratmamalıdır. Yuxarıda sadaladığım məsələlərdə isə Qanunun hər iki tələbi pozulur. İnanıram ki, bir gün böyük, kiçik, kimə bağlı olmasından asılı olmayaraq bütün şirkətlər qanunları pozmaqdan və vətəndaşları aldatmaqdan çəkinəcəklər.