Macarıstanın dövlət təqaüd proqramı

Macarıstanın dövlət təqaüd proqramı

Son yenilənmə tarixi: 29/04/2025

Macarıstanın dövlət təqaüd proqramı, Stipendium Hungaricum Visegrad ilə yanaşı Macarıstan üçün təklif olunan tam təqaüd proqramlarından biri hesab olunur. Visegraddan fərqli olaraq, Stipendium Hungaricum proqramı həm də bakalavriat təhsili almaq istəyən vətəndaşlarımız üçün nəzərdə tutulub. Nəticədə, bakalavr, magistratura və ya doktorantura təhsili almaq istəyən namizədlər bu proqrama müraciət edə bilər.

Təqüdün əhatəsi

Macarıstanın hökumətlərarası təqaüd proqramı 200 nəfərədək tələbəni ödənişsiz təhsil, universitetin yataqxanası, tibbi sığortaaylıq stipendiya ilə təmin edir. Bakalavr və magistratura tələbələrinə 43,700, doktorantura tələbələrinə isə təlim və tədqiqat dövründə 140,000, dissertasiya dövründə isə 180,000 macar forinti aylıq stipendiya (12 ay müddətində) veriləcəkdir. Əgər tələbə yataqxanada yer tapa bilmərsə və ya yataqxanada yaşamaq istəmərsə, bu zaman aylıq təqaüdə 40,000 forint əlavə ödəniş edilir. Universitetlərə müraciət rüsumları (Application fee) və səyahət xərcləri təqaüdə daxil deyil, yəni tələbələrin özləri tərəfindən qarşılanmalıdır.

Müraciət üçün kriteriyalar

Macarıstanın dövlət təqaüd proqramı, Stipendium Hungaricum proqramına müraciət üçün bir neçə önəmli nüansa aydınlıq gətirək.

Birinci nüans budur ki, ixtisaslara görə təqaüd alacaq tələbələrin sayında müəyyən məhdudiyyət tətbiq olunur. Aşağıdakı cədvələ nəzər salaq.

Təhsil pilləsi Sahə Təqaüd sayı
Tam bakalvriat və magistratura Mühəndislik, informasiya texnologiyaları, texnologiyalar 75
Tam bakalvriat və magistratura İqtisadiyyat, biznes və idarəetmə elmləri 50
Tam bakalvriat və magistratura Təbiət elmləri, davamlı inkişaf 20
Tam bakalvriat və magistratura Kənd təsərrüfatı, su idarəetməsi 10
Tam bakalvriat və magistratura Turizm 10
Tam bakalvriat və magistratura Səhiyyə elmləri 5
Tam bakalvriat və magistratura Beynəlxalq münasibətlər 5
Doktorantura İstənilən maraq dairəsi üzrə 25

Təqaüdə uyğun olan ixtisasları əvvəlcədən https://stipendiumhungaricum.hu/study-finder/ linki üzərindən tapmaq lazımdır. Çünki, ola bilər ki, tələbənin müraciət etmək istədiyi ixtisas (məsələn, hüquq, memarlıq kimi ixtisaslar) təqaüd proqramına düşməsin. Bu baxımdan, yuxarıda qeyd etdiyim saytda filterdən istifadə edib, təqaüdə uyğun ixtisaslardan seçim etmək lazımdır. Təqaüdə müraciət çərçivəsində yalnız 2 proqram seçilə bilər və tövsiyə olunur ki, magistratura və ya doktorantura proqramlarına müraciət edən namizədlər, gələcək ixtisaslarını əvvəlki ilə eyni və ya yaxın ixtisaslardan seçim etsinlər.

İkinci məsələ, sözsüz ki, tələblərlə bağlı olacaqdır. Deməli, əgər namizəd bakalavr üçün müraciət edirsə, bu zaman DİM imtahanında texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (baza ali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 400 digər sahələr üçün isə 510 bal toplamalıdırlar. DİM imtahanında iştirak etməyən namizədlər isə beynəlxalq imtahan (ən azı 75% nəticə ilə, məs., SAT-dan azı 1,200 bal) və/və ya olimpiada nəticələri ilə təqaüdə müraciət edə bilər. İstənilən halda, ümumi attestat (və ya məktəb qiymətlərinin) qiymətinin minimum 4 (5 ballıq şkala ilə) olması şərtdir.

Magistratura və ya doktorantura ixtisaslarına müraciət edən namizədlər isə əvvəlki təhsil pilləsindən azı 75 bal (100 ballıq ÜOMG şkalası ilə) toplamalıdırlar. Xarici dil biliyinə gəlincə isə, namizədlər IELTS 7,0 (və ya TOEFL IBT, Duolingo ekvivalenti) minimum sertifikat balına sahib olmalıdır. Duolingo Macarıstanda müraciət olunacaq universitet qəbul etdiyi halda, bizim qurum tərəfindən qəbul edilir. Bu baxımdan, ilk öncə, universitetlərin tələblərini dəqiq bilmək lazımdır.

Üçüncü nüans (ən önəmli hesab etdiyim) isə tələb olunan sertifikat balı və GPA ilə bağlıdır. Deyək ki, tələbənin IELTS 7,0 sertifikatı və 75 GPA gösəricisi var və tətbiq olunan minimum tələblərə cavab verir. Lakin tələbə, araşdırma etmədən elə bir seçim edir ki, universitet ondan ən azı IELTS 7,5 serifikat balı tələb edir. Belə olan halda, yuxarıda qeyd olunan minimum tələblərə cavab verilsə də, universitetin keçid minimumu ödənilmədiyi üçün təqaüd məsələsində ciddi sıxıntı yaranır. Bu baxımdan, müraciət olunacaq universitet və ixtisasları əldə olan göstəricilərə görə əvvəlcədən düzgün seçmək lazımdır.

Tələb olunan sənədlər

Təqaüd proqramına müraciət üçün tələb olunan sənədlər isə aşağıdakı qaydada hər iki sistemə yüklənilməlidir:

  1. Europass formatında hazırlanmış şəkilli və təhsil alacağı dildə hazırlanmış CV;
  2. Times New Roman 12 şrifti ilə yazılmış, ixtisas və Macarıstanla bağlı gözləntiləri əks etdirən macar və ya ingiliscə yazılmış Motivasiya məktubu;
  3. IELTS, TOEFL və ya universitet qəbul etdiyi halda Duolingo kimi xarici dil sertifikatı;
  4. Təhsil sənədləri dedikdə bakalvriat üçün attestatt, magistratura üçün bakalavr diplomu və əlavəsi, doktorantura üçün bakalavr və magistratura diplomları və əlavələri nəzərdə tutulur. Son sinifdə və ya son kursda oxuyan tələbələr hazırda təhsil aldığına dair arayış təqdim etməlidirlər;
  5. 15 aprel 2025-ci ilə qədər QİÇS, Hepatit A, B, C və ya başqa yoluxucu xəstəliklərin olmamasına dair tibbi arayış;
  6. Yeni tarixli, imzalı və möhürlü 2 ədəd tövsiyə məktubu.
  7. Hərbi bilet və ya hərbi xidmətdən möhlət haqqında sənədi (ASAN xidmətdən alınan arayış və yalnız kişi namizədlər üçün). 7-ci şərt hazırda Azərbaycanda təhsil alan tələbələrə şamil edilmir;
  8. Doktorantura təhsil pilləsinə müraciət edən namizədlərdən 2,000 sözdən az olmamaq şərtilə azərbaycan dilində tədqiqat planını, xarici elmi jurnallarda nəşr olunmuş məqalələrinin linki (əgər varsa) və elmi rəhbərin razılıq arayışı.

Bütün bu sənədlər hazırlandıqdan sonra aşağıdan qeyd olunan qaydada müraciət olunmalıdır.

Müraciət forması və tarixlər

Macarıstanın dövlət təqaüd proqramı iki dövlət arasındakı Memoranduma əsasən təşkil olunduğu üçün, hər iki dövlətin tələb etdiyi sistem üzərindən qeydiyyat keçmək və müraciəti tamamlamaq tələb olunur. Birinci növbədə, https://apply.stipendiumhungaricum.hu/ sistemində qeydiyyatdan keçmək, tamamlamaq və təsdiq etmək tələb olunur. İkinci növbədə isə, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin elektron ərizə sistemi, yəni https://portal.edu.az/ linkində qeydiyyatı tamamlamaq lazımdır. Hər hansı bir sistem üzərində qeydiyyat tamamlanmasa və ya təsdiqlənməsə, bu zaman təqaüd müraciəti ləğv olunacaqdır.

Macarıstanın dövlət təqaüdünə müraciətlər adətən noyabr ayının ortalarından növbəti ilin yanvar ayının ortalarına qədər davam edir. 2025-ci ildə təhsilinə başlamaq istəyən tələbələr isə 5 yanvar 2025-ci ilə (gün sonuna) qədər müraciətlərini tamamlamalı olacaqlar.

Hər iki sistem üzərində müraciətlərini tam yekunlaşdırmış və şərtlərə uyğun olan namizədlər Azərbaycan Respublikası Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin keçirdiyi müsahibəyə dəvət olunurlar və 10-15 dəqiqə çəkən müsahibədən sonra uğurlu namizədlərin sənədləri Macarıstan tərəfinə təqdim olunur. Adətən, iyun-iyul aylarında təqaüdü qazanmış tələbələrin adları məlum olur və qaliblərə bu barədə rəsmi e-poçt göndərilir.

Yekun fikirlər

Macarıstanın dövlət təqaüdünə müraciət üçün namizədin 18 yaşı ən gec halda 31 avqust 2025-ci ilə qədər tamam olmalıdır. Sənədlərin tam  hazırlanması üçün nazirliyin checklist-nə və sual-cavab səhifəsinə diqqət ayırmaqda da fayda olacaqdır.

Yekun olaraq bildirim ki, təqaüd üçün ümumi olaraq 200 yer ayrılmasına baxmayaraq, rəqabət aşağı deyil. Reallıq budur ki, nazirliyin qoyduğu minimum tələblərlə (məsələn, IELTS 7,0 sertifkatı və 75 GPA) müraciət edən namizədlərin təqaüdü qazanma şansı çox azdır. Bu baxımdan, bu kimi təqaüd proqramlarını hədəfləyən yoldaşlar dərslərində, dil biliyində yüksək nəticələr əldə etməli, mümkün olduğu halda, real iş mühitində təcrübəli olmağa meyilli olmalıdırlar.

Scroll to Top