Son yenilənmə tarixi: 27/04/2025
Litva üçün yararlı məlumatlar yazısında çalışmışam ki, ən lazımlı detalları yığcam şəkildə sizinlə bölüşə bilim. Bu mənim uzunmüddətə nəzərdə tutduğum ilk səyahətim idi. Baxmayaraq ki, Litvaya ilk dəfə gələcəkdim, bu ölkə, insanları və s. şeyləri haqqında heç bir kiçik məlumatım belə yox idi. Demək olar ki, tam hazırlıqsız idim. Amma istəməzdim ki, Litvaya tələbəlik üçün gedən həmyerlilərimiz bu çətinliyi və hazırsızlığı vaxt və pul itirərək öyrənsinlər. Başlayaq elə ilk vacib olan bir məlumatdan.
Vilnüsün hava limanından şəhər mərkəzinə
Vilnüsün hava limanı (Vilniaus Oro Uostas) şəhərə çox yaxındır (4 km), yəni şəhər mərkəzinə gəlmək vaxtınızı çox almayacaq. Hava limanından çıxan kimi, çıxışın sol tərəfində ekspress mini avtobuslar olur ki, bu avtobuslarla siz Vilnüsün avtobus vağzalına (Vilniaus autobusų stotis) cəmi 1 2 avroya gələ bilərsiniz. Yol sizin maksimum 15 dəqiqə vaxtınızı alacaq. Vilnüsün avtobus vağzalından isə Litvanın bütün şəhərlərinə rahat getmək olur. Əgər sizin gəliş vaxtınız avtobus vaxtları ilə tamamən üst-üstə düşmürsə, bu halda avtobus vağzalından dəmiryol vağzalına (Vilniaus geležinkelio stotis) piyada gedə bilərsiniz ki, cəmi 5-10 dəqiqə vaxt sərf etmiş olarsınız. Vilnüsün dəmiryol vağzalıdan da eyni zamanda Litvanın demək olar ki, bütün şəhərlərinə qatarla çox rahat getmək mümkündür. Aşağıdakı linklərdən siz hava limanından şəhərə, Vilnüsdən digər şəhərlərə gedən avtobus və qatar vaxtlarının cədvəlinə baxa bilərsiniz:
Ekspress hava limanı avtobusu: https://toks.lt/en/
Avtobus marşurtlarının cədvəli: https://www.autobusubilietai.lt/?lang=0
Dəmiryol vağzalının cədvəli: https://www.traukiniobilietas.lt/portal/en
Vilnüs və Kaunasda şəhərdaxili nəqliyyat
Şəhərdaxili nəqliyyat Vilnüs və Kaunasda çox rahatdır. Çünki avtobuslar və traleybuslar vaxtlı-vaxtında hərəkət edir, dayanacaqdan kənarda saxlamırlar. Yerli (Azərbaycan) nəqliyyat sistemindən fərqli olaraq, siz biletinizi sürücüdən almalısınız, yaxud da aylıq kart ala bilərsiniz. Şəhərdaxili avtobus, taksi-avtobusları və traleybusların trayektoriyaları və vaxtları haqqında məlumatı Trafi saytında əldə edə bilərsiniz. Bu saytda siz olduğunuz və gedəcəyiniz ünvanı yazırsınız və sayt sizə ən optimal variantları göstərir: avtobus/traleybusların vaxtlarını, dayanacaqları və s. Litvaya getməmişdən öncə hazırlıqlı olun və aşağıdakı linklərdən istifadə etməklə Trafi saytının Android və IOs üçün proqramlarını da yükləyin.
Android üçün:
iOS üçün: http://apple.co/28WghyU
Avtobus və traleybuslardan çox istifadə edəcəksinizsə, çalışın nəqliyyat kartı alın ki, bu sizə daha çox sərf etmiş olacaq. Kartları siz istənilən kioskdan (Lietuvos spauda) ala bilərsiniz. Bu kartların balansını öz planlarınıza uyğun qura bilərsiniz. Məsələn, həftəiçi gediş və yaxud da yalnız həftəsonları istifadə etmək üçün nəzərdə tutulmuş karta ala bilərsiniz. Məsələn, mən öz kartıma həftəiçi (Şənbə və Bazar günləri istisna olmaqla) və 3 aylıq balans qoymuşdum ki, bu da mənim gediş-gəlişimlə tam üst-üstə düşürdü.
Kaunasda restoranlar və mağazalar
Kaunas şəhərindəki Akropolis ticarət mərkəzi orada yaşayan bütün azərbaycanlı tələbələrə çox tanışdır. Ticarət mərkəzinin içərisində texnikadan tutmuş ərzağa kimi cürbəcür dükanlar fəaliyyət göstərir. Haqqında danışacağım isə Maxima adında ərzaq dükanı olacaqdır. Çalışın ilk getdiyiniz gündən həmin dükanın Bonus kartını (Maxima Ačiū) əldə edəsiniz. Hər zaman bu dükandan alış-veriş etdiyinizdə sizin kartınıza bonus yığılır ki, bunu da 1 il ərzində istifadə etməlisiniz. Kartın qiyməti dəyişməyibsə əgər, 1 avro olaraq qalmalıdır.
Restoranların içərisində şəhər mərkəzindəki Bella İtalia çox dadlı yeməkləri ilə seçilir. Burada siz italiyan mətbəxi və xüsusilə dadlı pizza yeyə bilərsiniz. Bella İtaliada qiymətlər baha deyil, servis lazımınca sürətli və keyfiyyətlidir. Hətta, sizə yeməkdən sonra kiçik desert və yaxud içki də hədiyyə olunur. İkinci ən xoşuma gələn restoran isə Viva Kaunasdır. Bu restoranda dadlı kabablar yeyə bilərsiniz, amma ki, şəhər mərkəzindən bir qədər uzaqdadır. Əgər pizzanı adresə sifariş etmək istəyirinizsə, Ekspress Pizza-dan ucuz qiymətlərlə sifariş edə bilərsiniz. Çünki, bəzi hallarda Bella İtalia sifarişi gecikdirir yaxud da dadında fərqi (restoranda və sifarişdəki) hiss etmək olur.
Litvada onlayn ticarət
Litvada onlayn ticarət rahat və sürətli işləyir. Onlayn mağazadan aldığınız istənilən bir şey bir çox hallarda həm daha ucuz başa gəlir, həm də qısa zaman ərzində sizə çatdırılır. Litvanın ən məşhur 3 saytı var ki, bu saytlardan texniki avadanlıqlar, geyimlər, parfümlər və s. lazımı şeyləri rahatlıqla tapıb ala bilərsiniz. Bu saytlar: Pigu, RDE və Varle-dir. Bu saytlardan daha çox mən texniki avadanlıqlar alırdım və adi dükanlardan daha ucuz başa gəlirdi. Mən hər zaman ən ucuz başa gələn və daha tez çatdırılan vasitələrdən biri olduğun görə Omniva poçtamatı ilə göndərilmədən istifadə etmişəm. Təbii ki, bəzən havayı ödəmə də rastınıza çıxa bilər, çünki onlayn kompaniyalar çox zaman müştəri cəlb etmək üçün belə endirimlər edirlər.
Vilnüsün hava limanına getməyi göstərən videoçarx