Litva üçün müvəqqəti yaşayış kartı

Litva üçün müvəqqəti yaşayış kartı

Son yenilənmə tarixi: 29/04/2025

Litva üçün müvəqqəti yaşayış kartı məqaləmdə (Leidimas gyventi) Litvada təhsil almaq istəyən tələbələr üçün bir sıra önəmli məqamlara toxunmaq istərdim.

2023-cü ilin 1 iyul tarixindən etibarən Litvada təhsil almaq istəyən tələbələr artıq milli vizaya yox, birbaşa müvəqqəti yaşayış kartına müraciət etməlidirlər. Halbuki, bu tarixə qədər əvvəlcə milli viza, daha sonra isə müvəqqəti yaşayış kartı əldə olunmalı idi.

Lazım olan sənədlər

Litvada təhsil almaq istəyən tələbələr, kart üçün aşağıdakı sənədləri hazır etməlidirlər:

  1. Pasport;
  2. Vasitəçilik məktubunun nömrəsi (Universitet tərəfindən verilir);
  3. Litvada yaşamaq üçün kifayət qədər vəsait olduğunu təsdiqləyən (2024-cü il üçün minimal 6500 avro vəasit) bank arayışı (ingiliscə və ya ingiliscəyə notarial tərcümə ilə);
    1. 18 yaşından kiçik tələbələr üçün maddi öhdəlik, ölkə ərazisinə sərbəst səyahət və ölkə ərazisində yaşamaqla bağlı ərizə forması (ingiliscəyə notarial tərcümə ilə).
      1. Bax: sənədin nümunə forması.
  4. Məhkumluğun olub-olmaması haqqında arayış (apostil və ingiliscəyə notarial tərcümə ilə);
  5. Tibbi sığorta (1 illik, 30000 avro);
  6. Yaşayış yeri haqqında sənəd (əgər varsa);
  7. Digər xarici ölkələrdə yaşamaq və səyahət olunması ilə bağlı sənəd (əgər tələbə səyahə edibsə/yaşayıbsa).

Müraciət qaydası

Müraciət 3 mərhələli şəkildə davam edir. Birici mərhələdə Litva Miqrasiya Məlumat Sistemi (MIGRIS) üzərindən ilkin müraciət, ikinci mərhələdə VFS Global şirkətində sənədlərin təqdim olunması, üçüncü mərhələdə isə onlayn müsahibə nəzərdə tutulur. Növbə ilə mərhələlər barədə şərtlərlə tanış olaq.

MIGRIS portalı

Tələbə qeyd olunan bütün bu sənədləri hazır etdikdən sonra Litva Miqrasiya Məlumat Sistemi (MIGRIS) platformasından qeydiyyatdan keçməli və tələbə üçün yaşamaq icazəsinə müraciət etməlidir. Sistemdə ilkin müraciət zamanı tələbə haqqında şəxsi məlumatları və oxuyacağı universitet barədə bir sıra detalları qeyd etmək tələb olunur.

Xüsusi qeyd

Yataqxana işlərini başlamamış və ya Litvaya getdikdən sonra qalacağı yeri müəyyənləşdirməyi hədəfləyən tələbələr, qalacağı yer barədə məlumatı daha sonra deklarasiya edəcəyini seçməlidirlər.

Sistemdə seçilməlidir: “You will declare your place of residence in an eldership or municipality within 1 month from the date of collecting the issued residence document and do hereby undertake to declare your place of residence at the residential premises where the living space per every adult person having declared his/her place of residence amounts to not less than 7 square meters”.

VSF Global şirkətində sənədlərin təqdim olunması

MIGRIS portalında yüklənmiş bütün sənədlər qaydasında olarsa, təxminən 5 iş günü ərzində sənədlərin fiziki şəkildə VFS Global təqdim olunması üçün e-poçt və ya sistemdə bildiriş (status “Your application has been transmitted to the external service provider” kimi dəyişilir) göndərilir.  Sənədlərin xarici provayderə yönləndirilməsi ilə bağlı e-poçt alındıqdan sonra https://visa.vfsglobal.com/aze/en/ltp/login keçidi üzərindən qeydiyyat aparmaq və uyğun günü/saatı seçib, original sənədlərin təqdimatı üçün VFS Global mərkəzinə yaxınlaşmaq lazımdır.

Qeyd: 2024-cü ildəki dəyişiklikdən belə görünür ki, VFS Globalın əməkdaşları tələbəyə zəng edərək və ya e-poçt yazaraq tələbəyə özü gün təyin edir.

Onlayn müsahibə

Sənədlər fiziki şəkildə VFS Global şirkətində təqdim olunduqdan sonra isə Litvanın miqrasiya xidmətinin əməkdaşı ilə onlayn müsahibə təşkil olunur. Onlayn müsahibə zamanı tələbə özü, təhsili və gələcək planları barədə bir sıra sualları cavablandırır. Bu son mərhələdə də tələbə müsbət təəssürat bağışlayarsa, kartın hazırlanması üçün müddət (təxminən 1-2 ay) başlayır. Kart hazır olunduqdan sonra tələbə Litva üçün müvəqqəti yaşayış kartını VFS Global şirkətindən əldə edir.

Qey: Bəzi hallarda miqrasiya xidmətinin əməkdaşları tələbə ilə onlayn müsahibə təşkil etməyə də bilər, yəni kartın hazırlanmasına birbaşa keçid də edə bilərlər.

Kart üçün rüsum

Müvəqqəti yaşayış icazəsi üçün müraciət rüsumu 80 avro, bankın rüsumu 35 avro, VFS Globalın rüsumu isə 75 manatdır.

Əlavə məlumat

Litva Respublikasının Daxili İşlər Nazirliyi yanında Miqrasiya İdarəsinin rəsmi saytı: https://www.migracija.lt/en/home

VFS Global şirkətinin rəsmi saytı: https://visa.vfsglobal.com/aze/az/ltu

Scroll to Top