Latviya təhsil vizasının alınması qaydaları

Latviya təhsil vizasının alınması qaydaları

Son yenilənmə tarixi: 29/04/2025

Latviya təhsil vizasının alınması qaydaları adlı məqaləm həm prosedur, həm də hazır olunmalı sənədlər haqqında məlumatları özündə əks etdirir. İlk öncə istərdim ki, lazımi sənədlər, daha sonra isə prosedur və diqqət olunmalı bir məqama da aydınlıq gətirim. Latviya təhsil vizası 90 günlük verilir və daha sonra tələbə, Latviyada müvəqqəti yaşayış icazəsinə müraciət etməlidir.

Viza üçün tələb olunan sənədlər

Latviya səfirliyinə tələbə vizası üçün müraciət edən yoldaşlar, aşağıdakı sənədləri hazır etməlidirlər.

1. Viza müraciət anketi

Deməli, bu anket elektron şəkildə https://epak.pmlp.gov.lv/NVIS.EService001.WebSite/ linki üzərindən hazırlanmalıdır. Digər vizalarda qeyd etdiyim kimi, burada da primitiv sualları cavablandırmaq və sonda save application düyməsini klikləmək lazımdır. Sistemin verdiyi PDF faylı çap olunmalı və imzalanmalıdır.

Bax: sənədin nümunə forması

2. Universitetin dəvət və qarantiya məktubları

Latviya universitetləri viza üçün tələbəyə adətən 2 məktub göndərir. Invitation letter və Guarantee letter sənədlərini çap etmək və tələbə üçün nəzərdə tutulan yerdə imzalamaq lazımdır.

3. Maddi sübut

Tələbənin Latviyada yaşayış xərclərini qarşılamaq üçün istənilən bankda hesab açdırılmalı və minimal 8,500 avro (2024-cü il üçün tələb) məbləği həmin hesabda göstərməlidir.

4. Sığorta

Tələbələr adətən 90 günlük viza istədiyi üçün sığorta da həmin dövri əhatə etməlidir. Burada əsas məsələ budur ki, sığorta viza istənilən gündən sonuncu günə qədər bütün günləri əhatə etsin və sığorta məbləği 30.000 avro hesablansın.

5. Pasport və şəkil

Pasportun son istifadə müddəti viza və Latviyada alınacaq müvəqqəti yaşayış icazəsinin sonuncu günündən 90 gün daha çox olmalıdır. Məsələn, tələbə, avqust 2022-ə qədər viza və yaşayış icazəsi istəyirsə, pasportun son istifadə günü noyabrın sonuna qədər hesablanmalıdır. Eyni zamanda, pasportda ən azı 2 boş səhifə olmalıdır. Latviya vizası üçün şəkil tələbinə gəlincə isə, 3.5×4.5 sm ölçüdə 1 ədəd biometrik şəkil kifayət edir.

6. Bilet bron və yaşayacağınız yer

Bilet bronundakı uçuş günü çalışmaq lazımdır ki, vizanın cavabı çıxan gündən ən azı 2 gün sonraya hesablansın. Təktərəfli bilet bronu kifayət edir.

Latviyada yaşamaq üçün yer məsələsi isə fərdə görə dəyişə bilər. Bir sıra universitetlər tələbələrə öz yataqxanalarını təklif etdikləri üçün, universitet bu sənədi də tələbəyə göndərir. Yataqxanada yaşamaq istəməyən tələbələr isə otel bronunu və ya ev kirayəsi sənədini səfirliyə təqdim edə bilərlər.

7. Şəxsiyyət vəsiqəsi və təhsil sənədləri

Bu sənədlər, səfirlik tərəfindən tələb olunmasa belə, tələbələrimə hər zaman tövsiyə edirəm ki, şəxsiyyət vəsiqənizi və əvvəlki təhsil sənədlərinizin (məsələn, attestat, dil sertifikatı, bakalavr sənədləri) bir surətini də özünüzlə aparın. Çünki, bəzən tələb olunan sənədlərin tam siyahısını nə səfirliyin, nə də ki, viza mərkəzinin saytında tapmaq olmur. Bu baxımdan, əlavə sənədləri aparmaq işi daha da sığortalayır.

8. Universitetlə bağlanılmış müqavilə

Tələbələr, Latviyaya getməmişdən öncə, universitet tələbəyə təhsil qaydaları ilə tanış olub, imzalamaq və geri göndərmək üçün bir elektron (adətən, PDF) sənəd, yəni müqavilə göndərir. Həmin, bu sənəd imzalandıqdan sonra bir nüsxədə səfirliyə təqdim olunmalıdır. Sənədin əslinə ehtiyac yoxdur, yəni sadə printer variantı kifayət edir.

18 yaşına çatmamış tələbələr üçün

Gələk indi, işin ən ağrılı və acı tərəfinə, yəni yetkinlik yaşına çatmayan tələbələr üçün tələblərə. Deməli, burada 4 əsas məsələyə diqqət olunmalıdır.

1. Qəyyumluq ərizəsi

Latviya vətəndaşı və ya Latviyada yaşayış icazə kartı əcnəbir hər hansı bir şəxs (18 yaşdan yuxarı olması şərtdir) həmin tələbə üçün qəyyumluğu öz üzərinə götürməli və bunu sənədlə təsdiq etməlidir. Qəyyumluq üçün isə tələbənin valideynləri notarial ərizə verməlidir ki. Qəyyumluq üçün razılıq ərizəsinin özü apostil olunmalı, ingilis dilinə notarial tərcümə edilməli və daha sonra bir daha (tərcüməsi) apostil olunmalıdır.

2. Doğum haqqında şəhadətnamə

Doğum haqqında şəhadətnamənin əsli apostil olunmalı, ingilis dilinə notarial tərcümə edilməli və daha sonra bir daha (tərcüməsi) apostil olunmalıdır.

3. Ölkə sərhəddinin sərbəst keçidi üçün ərizə

Hər iki valideyn övladının xarici ölkəyə sərbəst çıxışına notarial qaydada icazə verməli və həmin ərizəni Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə yazdırmalıdır. Bəzən səfirlik bu sənədi tələb etməsə də, sərhədi keçərkən (pasport nəzarət hissəni) mütləq lazım olacaqdır.

4. Viza anketinin imzalanması

Viza anketi hər iki valideyn tərəfindən ad və soyad yazılmaqla imzalanmalıdır.

Vizaya müraciət qaydası

Latviya təhsil vizasına müraciət üçün sənədlərin birbaşa səfirliyə təqdim olunmasına ehtiyac yoxdur. Sənədlər tam hazır olandan sonra https://pieraksts.mfa.gov.lv/en/azerbaijan linki üzərindən görüş gününü təyin etmək lazımdır. Daha sonra isə təyin olunan vaxtda original sənədlər VFS Global şirkətinə təqdim olunmalıdır. Latviya səfirliyi sənədlərdə problem olmadığı halda, adətən 2 həftəyə qədər vizanı verir.

18 yaşına çatmamış tələbələr vizaya müraciət edərkən valideynlərdən biri və ya hüquqi qəyyum tələb olunur. Əks halda, şirkət viza sənədlərini qəbul etməyəcəkdir.

Diqqət olunası məqamlar

Əsas məsələlərdən biri budur ki, bank, məhkumluq barədə arayış, bilet və otel bronları və şəkil köhnə olmasın. Düzdür, səfirlik qeyd edir ki, şəkil və məhkumluq barədə arayış ən köhnə variantda 6 ay əvvələ qədər əldə oluna bilər. Amma, tələbələri sığorta etmək naminə hər zaman tövsiyə edirəm ki, bu sənədlər viza üçün təqdim olunan gündən 1 həftə əvvəlcədən hazırlansa, daha yaxşıdır.

Viza anketini dolduran zaman vizanın hansı tarixdən istənilməsinə diqqət etməyi və digər sənədləri də bu tarixə uyğun hazırlamağı tövsiyə edirəm. Deyək ki, tələbə, vizanın istənildiyi günü yanvarın 15-i olaraq seçir və anketdə də bu tarixi qeyd edir. Bilet, otel bronu (yataqxana olmadığı halda) və sığortanın başladığı gün də bu tarixə uyğun hesablanmalıdır ki, səfirlik tarix uyğunsuzluğunu əsas gətirərək sənədləri yeniləməyi tələb etməsin.

Scroll to Top