Son yenilənmə tarixi: 29/04/2025
İtaliyada regional təqaüdlə təhsil adlı məqaləm təhsil haqqından azad olunma və stipendiya proseduru barədə olacaqdır. Bu yazıda qeyd olunan şərtlər Emiliya-Romanya regionunun bütün universitetləri üçün nəzərdə tutulub. Regional agentliklərin təqaüd üçün şərtləri regionlara görə dəyişsə də, tələb olunan sənədlər və prosedur demək olar ki, eyni olacaqdır.
Giriş
Emiliya-Romanyada yerləşən universitetlərdə təqaüdlə təhsil almaq istəyən tələbə ER.GO regional agentliyinə müraciət etməlidir. Bu regional agentlik tələbənin ailəsinin maddi durumunu nəzərə alaraq, onun üçün təqaüdün məbləğini və şərtlərini müəyyənləşdirir. İlkin addımdan sonuncu addıma qədər prosedur bundan ibarət olacaqdır.
Lazımi sənədlər
ER.GO-ya üçün müraciət etməmişdən öncə tələbə bu sənədləri hazır etməlidir:
1. Daşınmaz əmlak barədə arayışı bütün ailə üzvləri Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən əldə etməlidir. Əgər ailə üzvlərinin adına əmlak yoxdursa, arayışda göstəriləcək ki, həmin şəxslər heç bir daşınmaz əmlaka sahib deyil. Mümkün olacağı halda, bir sənəddə bütün ailə üzvlərinin adı yazıla bilər.
2. Evin sahəsi (yaşadığı) barədə arayışı həm Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətindən (qeydiyyat varsa), həm də müvafiq icra hakimiyyətinin ərazi dairəsi üzrə nümayəndəliyindən əldə etmək olar. Əgər deyək ki, tələbənin yaşadığı ev kirayədirsə, bu halda ev sahibi həmin sənədi alıb tələbəyə verməlidir. Tələbə is öz növbəsində kirayə barədə müqavilə ya da müvəqqəti qeydiyyat barədə sənədi ER.GO-ya təqdim etməlidir.
Sənəd nümunəsinə bax (Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti)
Sənəd nümunəsinə bax (İcra hakimiyyəti)
3. Ailə tərkibi haqqında arayışı alarkən, o sənəddə bütün məlumatları qeyd etdirmək tövsiyə olunur. Məsələn, ailədə kim tələbədir, kim işləmir və s. Bu arayış da tələbənin öz adına yazılmalı və ER-GO agentliyinə təqdim olunması üçün verilməlidir.
4. Ailə gəlirləri haqqında sənədlər adətən aşağıdakılardan ibarət olur:
4.1 Ailədə işləyən hər kəs iş yerindən arayış almalı və gəlirlərini keçən ilin illik gəlirləri ilə hesablatdırmalıdır. Deyək ki, tələbə 2020-cı ilin sentyabr ayında təhsilə başlayır və təqaüdə müraciət edir. Bu halda o, ailə gəlirlərini 2019-cu il üçün hesablatdırmalıdır. Eyni zamanda, ailədə işləyən hər kəs iş yerindən arayış alarkən keçən il üçün orta aylıq əmək haqqını və 6 aydan çox və ya az işlədiyi barədə məlumatı sənəddə göstərməlidir. Əlavə olaraq bildirim ki, aylıq gəlirlər sənəddə manat ilə göstərilə bilər, lakin ərizə formasında avro ekvivalenti ilə qeyd olunmalıdır.
Sənəd nümunəsinə bax (pensiya alınması ilə bağlı)
4.2 Ailədə işləməyən hər kəs isə qeydiyyatda olduğu rayonun Baş Məşğulluq İdarəsindən işsizliklə bağlı sənəd almalıdır. Bir sənəddə bütün ailə üzvlərinin adı yazıla bilər.
4.3 Ailədə tələbə varsa, həmin adam da tələbə olması ilə bağlı təhsil mərkəzindən (universitet, institut ya kollec) ER.GO-ya təqdim olunması üçün arayış almalıdır.
4.4 Əgər ki, tələbənin ailə üzvlərindən banka borc varsa, bu zaman həmin sənədi də yuxarıdakılara əlavə etmək olar. Səbəb budur ki, ailə çox qazana bilər, amma bunun müəyyən hissəsi banka borc kimi ödəndiyinə görə, gəlir-borc nisbətini düzgün hesablamaq mümkün olsun.
Sənədləşmə barədə xüsusi qeydlər
Valideynlər boşanmışsa, biri və ya hər ikisi vəfat etmişsə və ya valideyn(-lərin)in yeri bilinmirsə və ya tələbəni kimsə qəyyumluğa götürübsə, bunların hamısı sənədlər isə təsdiq olunmalıdır. Ailədə 18 yaşından böyük bacı və ya qardaş evlidirsə, bu, ailə tərkibi haqqında arayışda qeyd olunmalı və ya nigah sənədi təqdim olunmalıdır.
ER.GO agentliyi yalnız 18 yaşından yuxarı ailə üzvlərinin sosial durumu ilə bağlı sənəd istəyir. Bu baxımdan, 18 yaşından kiçiklər üçün hər hansı bir xüsusi sənəd (məktəb və ya univeristet oxumağı ilə bağlı) tələb olunmur.
Leqallaşma və tərcümə
Toplanılan yuxarıdakı bütün sənədlər Xarici İşlər Nazirliyinin apostil möhürü ilə* təsdiq olunmalıdır. Daha sonra isə həmin sənədlər italyan dilinə və göy blankda notarial tərcümə-təsdiq edilməlidir. Son olaraq isə, bütün sənədlər Ədliyyə Nazirliyi tərəfindən apostil möhürü ilə leqallaşdırılmalıdır. Hər iki nazirliyə məxsus apostil möhürlərinin vurulması isə 5 saylı “ASAN xidmət” mərkəzində həyata keçirilir.
Qeyd:
*Ailə tərkibi haqqında arayış, nigah və ölüm haqqında şəhadətnamələrə yalnız Ədliyyə Nazirliyi 2 dəfə (əsli və tərcüməsinə) apostil möhürü vurur.
Onlayn müraciət
Üçüncü mərhələdə təqaüdə müraciət üçün tələbə mütləq saytda Ərizə formasını doldurmalı (Application form) və təsdiq etməlidir. Ərizə formasını doldurarkən sadə suallar cavab vermək lazım olacaqdır, məsələn: yaşadığınız ünvan, əlaqə vasitələri, ailə üzvləri və gəlirləri haqqında məlumat və s. Tələbə, ərizə formasını təsdiq etdikdən sonra ərizə forması PDF formatında e-mail ünvanına göndəriləcəkdir (yaxud da ER.GO-nun saytındakı hesabınızdan yükləmək olar).
Sənədlərin ER.GO-ya təqdim olunması
Artıq tələbənin bütün sənədləri təqaüd üçün hazırdır. Tələbə həmin sənədləri istəyə bağlı olaraq (adətən iyul-sentyabr aylarında), Azərbaycandan poçt vasitəsi ilə və yaxud da İtaliyaya getdikdən sonra ER.GO-nun nümayəndəsinə təqdim edə bilər. ER.GO-nun nümayəndələri həftənin müəyyən günü ya günləri universitetdə olurlar və sənədləri qəbul edirlər. Tələbə, ER.GO-ya sənəd təqdim edərkən eyni zamanda vergi kodunu (Codice Fiscale) da əlavə etməlidir. Bununla da prosedur tamamlanmış olur.
Müraciət vaxtı, cavablar və təqaüd miqdarı
ER.GO-ya təqaüd üçün müraciət vaxtında müəyyən özünəməxsus tarixlər var. Əgər tələbə, yalnız təhsil haqqından azad olmaq və stipendiya üçün müraciət edirsə, bu zaman 8 iyul-4 sentyabr (2020-ci il üçün) tarixləri arasında müraciət etməlidir. Əgər tələbə eyni zamanda yataqxana üçün də müraciət edirsə, bu zaman 8 iyul-7 avqust tarixləri (sırf yataqxana üçün) əsas götürülür. Tarixlər hər il dəyişə bildiyi üçün (köklü dəyişiklik olmasa da) regional agentliklərin həmin il üçün nəzərdə tutulacaq şərtləri və tarixləri diqqətlə oxumaq lazımdır.
ER.GO agentliyi ilkin cavabları adətən müraciət olunan ilin sentyabr ayında elan edir. Yekun cavablar isə adətən noyabr-dekabr aylarından bilinir və təqaüdün birinci hissəsi dekabrın 31-nə qədər tələbənin hesabına köçürülür. Birinci il üçün təqaüdün pul formasında olan hissəsinin yalnız 40%-i verilir, daha sonra 20% və sonda isə 40% tələbənin bank hesabına transfer olunur. Deyək ki, xarici tələbəyə maksimum hesab olunan və pul qismində verilən 2.195,11 avro (2021-ci il üçün) təqaüd ayrılır. Tələbə dekabrda maksimum 878,04 avro təqaüd alır, digər hissələr isə mart və iyun-avqust aylarında hesaba köçürülür. ER.GO qeyd edir ki, xarici tələbələr üçün təqüdün ümumi miqdarı (buraya pul formasında verilən təqaüd ödənişi, qidalanma, yemək və idman xərcləri daxildir) 2.698,87-5.397,74 avro arasında dəyişir və bu rəqəm tələbənin və ailəsinin maddi durumuna görə müəyyənləşir.
Ailə gəlirləri və təqaüd cədvəli (avro ilə)
Ailə gəlirləri | Təqaüdün ümumi miqdarı |
0-15.333,33 | 5.397,74 |
15.333,34-16.866,66 | 3.778,42 |
16.866,67-19.152,97 | 2.860,80 |
19.152,98-23.000,00 | 2.698,87 |
Əgər təhsil müddəti iki və daha artıq illikdirsə, bu zaman sənədlər yenilənməli (fors-major halları istisna olmaqla), prosedur yenidən təkrar olunmalıdır.
Təqaüdün ləğv olunması və geri ödəniş
Sosial təqüdlərin əsas şərtlərindən biri isə təqaüdün ləğv olunması və bütün maddi dəstəyin geri ödənməsi ilə bağlıdır. Bu təqaüd proqramları tələbənin imtahanlardan uğurla keçməsini tələb edir. Məsələn, birinci ödəniş zamanı sırf maddi vəziyyət nəzərə alınırsa, ikinci və üçüncü ödənişin olunması üçün tələbə imtahanlardan müəyyən kredit yığmalıdır. Məsələn, ER.GO üçün mart ayında ikinci ödənişi əldə etmək üçün fevralın 28-nə qədər 9 kredit qazanmaq lazımdır. İyun-iyul aylarındakı (yəni üçüncü) verilən stipendiya üçün isə avqustun 10-na qədər 30 kredit əldə etmək tələb olunur. Birinci kursun sonunda isə, yəni həmin ilin noyabrında əlavə olaraq 20 kredit də qazanmaq lazımdır ki, tələbə, ödənişləri geri qaytarmasın. Ümumi olaraq, bir akademik il üçün 54 kredit tələb olunur. Bu göstəricilər verilmədiyi halda, tələbə, bütün təqaüd miqdarını (yataqxana, hesaba köçürülmüş vəsait, qidalanma dəstəyi və s.) tamamilə geri qaytarmalıdır.
Digər nüanslar
Məqaləmin əvvəlində qeyd etdiyim kimi İtaliyanın regional təqaüdlərinə müraciət zamanı demək olar ki, yuxarıda qeyd etdiyim sənədlər tələb olunur. Buna baxmayaraq, şərtlərdə də regiona görə müəyyən fərqlər ola bilər. Məsələn, Liquriya regionunda tələbə pul qismində olan təqaüd ödənişini növbəti ilin avqustunda ən azı 20 kredit verməklə əldə edə bilər və yataqxana üçün 210 avro da depozit ödəməli olur. Toskana regionunda isə onlayn sistem üzərindən müraciət etdikdən sonra, tələbə təqaüd sənədlərini elanda qeyd olunan tarixə qədər (adətən sentyabrın əvvəli) poçt ilə İtaliyaya göndərməlidir, əks halda, təqaüd üçün müraciət ləğv olunur. Bu baxımdan, təqaüdə müraciət edəcək tələbələrin universitetin hansı regiona aid olduğunu və regionun spesifik şərtlərini ciddi şəkildə araşdırmaları tövsiyə olunur.