Son yenilənmə tarixi: 04/05/2025
İtaliyada MAECI ilə magistratura və doktorantura təhsili başlığı altında yazdığım məqalə təqaüd proqramı ilə təhsil almaq istəyən tələbələr üçün nəzərdə tutulub. Bu, İtaliyada təhsil almaq üçün təklif olunan əsas 4 təqaüd proqramından biridir. 4 təqaüd proqramından söz açmışkən qeyd edim ki, bunlardan ən çox yayılanı və daha rahat veriləni regional təqaüd proqramı, digərləri isə Invest Your Talent in Italy və universitetlərin öz daxili təqaüd proqramlarıdır. Sözü uzatmadan keçək MAECI proqramı haqqındakı yazımıza.
Müraciət üçün əsas kriteriyalar
MAECI proqramı ilə İtaliyada təqaüdlə təhsil almaq istəyən namizədlər aşağıdakı elanda qeyd olunan istiqamətlərin birindən seçim etməlidirlər və təqaüdün verilə biləcəyi müddəti və digər əsas tələbləri də nəzərdə saxlamalıdır.
Magistratura üzrə
Magistratura proqramları üzrə təqaüd 9 aylıq müddətə verilir. Əgər ki, tələbənin seçdiyi ixtisas qabiliyyət imtahanı tələb edirsə və qəbul qərarı yalnız bu imtahandan sonra bilinərsə, o zaman https://www.universitaly.it/ saytı üzərindən Pre-enrollment sənədi mütləq əldə olunmalıdır. Sənədi almaq üçün müraciət qaydalarını isə bu məqaləmdə öyrənə bilərsiniz.
Magistratura proqramları üzrə müraciət edən namizədlərin son müraciət tarixinə qədər 28 yaşı tamam olmalı deyil. İngilis və ya italyanca təhsil almaq seçimi sərbəst olsa da, ən azı B2 səviyyədə olan dil biliyini göstərən sertifikata sahib olmaq mütləqdir. Yeganə istisna odur ki, əvvəlki təhsili ingiliscə və ya italyanca olan namizədlər sertifikat əvəzinə arayış ilə müraciət edə bilərlər.
Doktorantura və tədqiqat layihələri üzrə
Doktorantura proqramları və tədqiqat layihələr üzrə təqaüd də 9 aylıq müddətə verilir. Namizədin doktoranturaya qəbul olmaqla bağlı sənədinin olması əsas şərtdir. Tədqiqat layihəsinə müraciət etmiş namizədlər, elmi rəhbərin adı və əlaqə vasitələri də (e-poçt ünvanı) qeyd olunan tədqiqat layihəsini və universitetin dəvət məktubunu hazır etməlidirlər. Bu istiqamət üzrə (doktorantura və tədqiqat üçün) müraciət edən namizədlərdən dil biliyini göstərən sertifikat tələb olunmur. Doktorantura proqramları üzrə yaş limit 30 və tədqiqat layihələri üzrə isə 40-dır, yəni son müraciət tarixinə qədər yaş göstəriciləri tamam olmalı deyil.
İtalyan dili və mədəniyyəti üzrə təkmilləşdirmə kursları
Bu qrantlar yalnız universitetdə və ya İtaliya Mədəniyyət İnstitutunda italyan dili kursuna getmək istəyən tələbələrə 3 ay müddətinə verilir. Namizəddən italyan dilini ən azı A2 səviyyəsində bildiyini göstərən bir sertifikat təqdim etməsi tələb olunur. Magistratura proqramında olduğu kimi namizədlərin yaşı son müraciət tarixinə qədər 29 olmalı deyil.
Tələb olunan sənədlər
Namizədlərdən bir o qədər çox sayda sənəd toplamaq kimi tələb yoxdur, düzü. Əsas sənədlərə aiddir: xarici pasport, diplom və əlavəsi, dil biliyini göstərən sertifikat, CV və motivasiya məktubu. Bu standart sənədlərə əlavə olaraq, yuxarıda qeyd etdiyim kimi, qabiliyyət imtahanı tələb edən magistratura ixtisasları üçün Pre-enrollment sənədi və İtaliayda tədqiqat layihəsi üçün isə elmi rəhbərin adı və əlaqə vasitələri də (e-poçt ünvanı) qeyd olunan tədqiqat planı (və ya layihəsi) və universitetin dəvət məktubu da əlavə olunmalıdır.
Təqaüdün maliyyə əhatəsi
MAECI təqaüd proqramı tələbəni 9000 avro stipendiya (İtalyan dili kursların üzrə 3000 avro), sağlamlıq və tibbi sığorta ilə təmin edir. 9000 avro 3 hissəyə bölünərək (noyabrdan 4500 avro, 2026-nın fevralından 2500 avro, 2026-nın iyunundan 2000 avro) tələbənin italyan bank hesabına köçürülür. Bunun üçün tələbə italyan bank hesabını və vergi kodunu əks etdirən bəyannaməni doldurmalı və müvafiq quruma göndərməlidir. Bu təqaüd formasında tələbə təhsil haqqından azad ola bilər (universitetin qərarından asılıdır), amma ki, regional rüsumlar mütləq tələbə tərəfindən ödənilməlidir.
MAECI İtaliyanın digər dövlət, eləcə də, regional təqaüd proqramları ilə uyğun deyil. Yəni, MAECI-ni qazanan tələbə, regional təqaüd proqramına müraciət edə bilməz. Erasmus və Erasmus+ kimi proqramlarla uyğunluq olsa da, tələbə İtaliyada olmadığı müddətdə təqaüdü ala bilməz.
Müraciət qaydası və tarix
Bütün sənədləri tam hazırlayan namizədlər https://studyinitaly.esteri.it/en/login linki üzərindən hesab açmalı, şəxsi və təhsil alacağı universitet, şəhər və ixtisas barədə məlumatları sistemdə qeyd etməlidir. Daha sonra isə tələb olunan sənədlər sistemə yüklənməli və müraciət təsdiq olunmalıdır. 2025-ci ildə təhsilini təqaüdlə almaq istəyən namizədlər 16 may 2025-ci ilə qədər müraciətlərini yekunlaşdırmalıdırlar.
Qaliblərin siyahısı və mümkün olduğu halda rezervə düşən namizədlərin siyahısı İtaliyanın Azərbaycandakı səfirliyinin rəsmi saytında elan olunacaqdır. Eyni zamanda, yalnız qaliblər yuxarıdakı müraciət portalında bu barədə məlumat əldə edəcəklər.
İstinadlar
Elan: https://www.esteri.it/wp-content/uploads/2025/04/Call-for-Applications-25-26.pdf
İtaliyanın Azərbaycandakı səfirliyi: https://ambbaku.esteri.it/ambasciata_baku/az/