İtaliya və çətinlikləri

Son yenilənmə tarixi: 29/04/2025

İtaliya və çətinlikləri haqqında uzun-uzadı bir yazı paylaşmaq olar. Bu yazıda isə çalışdım ki, daha yığcam və dolğun məlumatları sizinlə bölüşə bilim. İlk öncə qeyd etmək istərdim ki, önhazırlıq və bilgilər daha çox təhsil məqsədilə İtaliyaya gedən tələbələr üçün nəzərdə tutulub. Lakin bəzi nüanslar var ki, ümumi olaraq önhazırlıq üçün qeyd etmişəm. Öz təcrübəmə əsaslanaraq, İtaliyada qarşılaşdığım bir neçə çətinliklə sizləri tanış edəcəyəm.

İtaliyanın adı nə qədər gözqamaşdırıcı olsa da, elə bir o qədər də qəlizlikləri ilə seçilir. Birinci növbədə maddi durumunuzu nəzərə alın. Əgər maddi durumunuz bir o qədər də ürəkaçan deyilsə, bu halda İtaliyada gəzmək və ya təhsil almaq sizin üçün bir qədər çətinlik yarada bilər. Məsələn, təqaüdlə oxusanız belə, yenə də, ilk bir neçə ay üçün bütün xərcinizi öz hesabınıza ödəməlisiniz.

Yaşamaq icazəsinə müraciət

İlk öncə bildirmək istəyirəm ki, İtaliya polis idarəsi (Questura) sizə cəmi 8 gün vaxt verir ki, onlara oturum izni üçün (permesso di soggiorno per studio) müraciət edəsiniz. Bu 8 gün isə sizin pasportunuzda olan giriş möhürünün vurulduğu gündən hesablanır. İstər-istəməz 8 günü keçməyəyə çalışırsınız və ilk ilini İtaliyaya gələn üçün eyni zamanda ev axtarmaq, universitet sənədlərini qaydasına salmaq və oturum izni üçün müraciət etmək tələbləri yeni gələn tələbələri bir qədər həyəcan və çətinliyə salır.

Oturum izni üçün müraciət etməzdən əvvəl sizə vergi kodu (codice fiscale) lazımdır ki, bunu da Agenzia dell’Entrate adlı idarədən ala bilərsiniz. Bu idarə bütün şəhərlərdə var; bəxtiniz gətirsə, idarə sizin qaldığınız yerdən yaxın məsafədə olacaq. Vergi kodunu almadan siz kirayə ev üçün müqavilə imzalaya və ya oturum izni üçün müraciət edə bilmərsiniz. Vergi kodunu almaq üçün siz pasportla idarəyə yaxınlaşmalısınız. Kodun verilməsi üçün ödəniş tələb olunmur və yerindəcə həmin kodu ala bilirsiniz.

İtaliyada mobil operator seçimi

İtaliyaya gələn kimi, ilk öncə bir mobil nömrə almaq məsləhətdir. İki mobil operator daha məşhurdur: WIND TIM. Birinci operatorun internet və danışıq qiymətləri daha ucuzdur. WIND eyni zamanda tələbələrə uyğun aylıq paketlər (danışıq, sms və internet daxil olmaqlar) təklif edir ki, bu da istənilən halda digərlərindən daha çox sərfəlidir. Sərfəli olmağından əlavə, mobil nömrə sizə çox kömək olacaq: istər xəritədə haranısa axtarmaq barədə, istərsə də əlaqə saxlamaq barəsində. Hər yerə taksi ilə getmək sizə, sözsüz ki, baha başa gələcək. Çünki mən özüm də, ilk gələn kimi avtobus ya tramvaylardan istifadədə çətinlik çəkmişəm.

İnternet barəsində isə onu deyə bilərəm ki, internet xidməti İtaliyada çox aşağı səviyyədədir. Hər hansı bir yerdə ictimai (public) şifrəsiz wifi tapmaq qeyri-mümkündür. Yəni mobil internetiniz olmasa, demək olar ki, sizin internetə çıxışınız başqa halda olmayacaq. Hava limanında ödənişsiz qoşulma var ki, bundan da istifadə cəmi 15 dəqiqədir, sonra sizdən ödəniş tələb olunur.

İtaliyanın puldəyişmə problemi

Rimini şəhərində qarşılaşdığım ən qəribə şey bu oldu ki, bu şəhərdə valyuta dəyişmə məntəqəsi çox məhdud saydadır. Cəmi bir yerdə valyuta dəyişmə mümkündür ki, bu da turist agentliyidir. Bu agentlik isə məndən 300 ABŞ dollarına 225 avro təklif etdi. Habuki, real məzənnə 265 avro idi. Bu sahədə monopoliyanın olması İtaliyada qabarıq şəkildə özünü göstərir. Bu səbəbdən İtaliyaya gələrkən, pullarınızı hazır şəkildə avro ilə gətirin. İkinci problem isə bankomatların bəzən nasaz işləməyi ilə bağlıdır. İki dəfə bankomatdan pul çıxarmaq istəyərkən, pulu ala bilməmişəm, lakin həmin məbləğ mənim kartıma bloklaşdırılmışdı.

Non parlo inglese

İtaliya üçün xarici tələbələr bir o qədər önəmli deyil. Elə buna görədir ki, poçt və yaxud da digər dövlət orqanlarında ingiliscə bilən birini tapmaq çox çətindir. Məsələn, oturum izninə müraciət üçün poçta getməli və sənədləriniz poçtdan göndərməlisiniz. Poçta xarici tələbələrin gələ biləcəyini bilən idarəetmə sistemi yenə də tələbələrin rahatlığına vecsiz yanaşır.

İtaliyada ev tapmaq

Ev tapmaq üçün əvvəlcədən sizə uyğun ola biləcək evləri axtarmağa başlamalısınız. Bu saytdan siz evlərin qiyməti, müqavilə müddəti, komunal xərclər haqqında məlumat ala bilərsiniz. Qeyd edim ki, bəzən qoyulan reklamlarda komunal xərclər aylıq ödənişə daxildir yazılsa da, müqavilədə tamam başqa cür yazılır. Müqaviləni diqqətlə oxumanız lazımdır ki, sonradan hər hansı problemlə qarşılaşmayasınız.

Scroll to Top