Son yenilənmə tarixi: 29/04/2025
İtaliya üçün milli təhsil vizasının alınması zamanı qarşılaşdığımıız çətinliklər göstərir ki, bu ölkənin səfirliyi öz qeyri-stabil viza verilməsi ilə məşhurlaşıb.
Əvvəlki yazıda birinci mərhələdə olan viza öncəsi prosedur (Pre-enrollment proseduru) haqqında yazmışdım. Bu ikinci yazı isə sırf vizanın alınması üçün lazım olan sənədlər və əlavə məlumatlardan ibarət olacaqdır. Bir illik milli vizanın alınması üçün sənədlərin siyahısına baxaq.
İtaliya milli təhsil vizası üçün sənədlər
1. Xarici pasport
Xarici pasportun bitmə tarixi mütləq vizanın sonuncu günündən 3 ay sonraya hesablanmalıdır və 2 boş səhifəsi olmalıdır. Xarici pasportun əsas səhifələri, ölkələrə giriş-çıxış möhürü və viza olan (əgər viza və giriş-çıxış möhürləri varsa) bütün səhifələrinin surətləri çıxarılmalıdır.
2. Milli viza üçün ərizə
Bu forma ingilis dilində yazılmalıdır. Boş ərizə forması buradan yükləmək olar.
3. Ərizə üçün rəngli fotoşəkil
Şəklin ölçüləri 3.5×4.5 sm, ağ fonda olmalıdır və ən köhnə halda 6 ay ərzində çəkilməlidir. Müraciət üçün 2 şəkil tələb olunur.
4. Tibbi sığorta
Buna bəzən səyahət sığortası da deyilir. Sığorta məbləği 30.000 euro hesablanmalıdır. Sığortaya bəzi hallarda əlavə olaraq 15 gün də hesablanır. İtaliya milli təhsil vizası üçün 1 aylıq sığorta kifayət etsə də, tövsiyə olunur ki, sığorta vizanın başladığı gündən axırıncı günə kimi bütün tarixləri əhatə etsin.
5. Bank hesabı
Əgər siz təqaüd proqramı ilə oxuyursunuzsa, o halda həmin sənəd viza mərkəzinə təqdim olunmalıdır. Əgər qəbul olmuş tələbə şəxsi hesabına təhsil alacaqsa, bu halda həmin şəxs istənilən yerli bankda cari hesab açdırmalı və minimum 6.000, ideal olaraq 8.000-10.000 avro civarında (yaxud bu dəyərdə digər valyuta ilə) məbləği öz hesabında göstərməlidir. Viza alındıqdan sonra bu pul hesabdan geri götürülə bilər.
İtaliya səfirliyi 2021-ci il viza müraciətləri üçün tələbənin adına bankdan arayış tələb etmir. Amma ki, ciddi şəkildə tövsiyə olunur ki, bank arayışı və mümkün olduğu halda son 6 ayın çıxarışı təqdim olunsun. Bank arayışı təqdim etmək istəyən tələbələr Yapıkredi bankına bu forma ilə müraciət edib, hesab açdıra bilərlər. Sadəcə olaraq, Yapıkredi bankında açılan hesabdakı məbləğə 90 günlük blok qoyulacaqdır.
6. Dil biliyinin sertifikatı
Əvvəlki illərdə şərt kimi tələb olunmasa da, bu il dil biliyini göstərən beynəlxalq sertifikat vizaya müraciət zamanı tələb olunur. Əgər tələbə əvvəlki təhsilini ingiliscə alıbsa, bu zaman universitetdən arayış təqdim oluna bilər. Sertifikat və ya arayış olmasa belə, səfirlik sənədləri qəbul edəcəkdir.
7. Doğum haqqında şəhadətnamə
Şəhadətnamə sadəcə ingiliscəyə tərcümə və notarial təsdiq edilməli, surəti səfirliyə təqdim olunmalıdır.
8. pre-enrollment arayışı
Universitaly portalından qeydiyyat sənədi çap olunmalı və imzalanmalıdır.
9. Əvvəlki təhsilin sənədləri
Attestat, bakalavr diplom və əlavəsi (və ya məzun arayışı və transkript) Xarici İşlər Nazirliyi tərəfindən apostil olunmalı, göy blankda italyan dilinə tərcümə və notarial təsdiqdən sonra Ədliyyə Nazirliyi tərəfindən leqallaşmalıdır. Bu sənədlərin bir surəti çıxarılmalıdır. Vizaya müraciət zamanı sənədlərin əslinə baxılır, surəti götürülür.
10. Ailə tərkibi haqqında arayış
Mütləq şəkildə ASAN xidmət mərkəzindən alınmalıdır və ailə tərkibi haqqında arayış sadəcə ingiliscəyə tərcümə və təsdiq olunsa, kifayət edir.
11. Ailənin maddi durumu barədə bəyannamə
Bu tələb 2021-ci ildə yeni tələblərdən biri sayılır. Vizaya müraciət edən tələbə bu formanı doldurub, səfirliyə təqdim etməlidir. Forma 2 nüsxədə hazırlanmalıdır və qısa olaraq ailənin maddi durumu barədə tələbənin özü tərəfindən verilmiş hesabat xarakteri daşıyır.
12. Ailənin maddi durumu barədə əlavə sənədlər
İtaliya səfirliyi tam əmin olmaq istəyir ki, tələbənin ailəsi onu İtaliyada maddi cəhətdən problemsiz oxutdurmağa hazırdır. Buna görə də, ailədə işləyənlərin (xüsusilə, valideynlərin) E-Gov portalından arayışı, əmək haqqı cədvəli göstərilməklə iş yerindən arayış və əmək haqqı kartından son 6 ayın çıxarışını da tələb edir. Ailə üzvləri şəxsi bizneslə məşğul olduğu halda, vergi ödənişləri, gəlirləri göstərən rəsmi sənədlər də səfirliyə təqdim oluna bilər. Azərbaycan dilində olan bütün sənədlər ingilis dilinə tərcümə daha sonra notarial təsdiq olunmalıdır.
13. Sponsorluq barədə arayış
2021-ci il üçün İtaliya səfirliyi valideynlərdən (və ya gəliri olan ailə üzvlərinin) tələbənin maddi öhdəliyi ilə bağlı arayış tələb edir. Yəni, valideyn övladının İtaliyada təhsil alması, yaşaması və səyahət etməsi zamanı maddi xərcləri öz üzərinə götürməyinə etiraz etməməyi ilə bağlı olaraq notarial qaydada səfirliyə sənəd təqdim etməlidir. Bu sənəd alınan kimi (adətən notariusdan) ingiliscəyə tərcümə olunmalı və notarial qaydada təsdiqlənməlidir.
Ailə üzvlərindən (ata, ana, qardaş və bacı) sponsorluq edən şəxslərin şəxsiyyət vəsiqələrinin surətləri, doğum haqqında şəhadətnamələri, iş yerlərindən arayışları (E-Gov portalından) və bank kartından son 6 ayın çıxarışları da viza sənədlərinə əlavə olunmalıdır. Şəxsiyyət vəsiqəsi istisna olmaqla, sənədlər ingiliscə və ya italyancaya tərcümə və notarial təsdiq olunmalıdır.
14. Şəxsiyyət vəsiqəsi
Valideynlərin və vizaya müraciət edən tələbənin şəxsiyyət vəsiqələrinin surətləri də müraciət sənədlərinə əlavə olunmalıdır.
15. Qalacağınız yer barədə sənəd
Tələbə yataqxana və ya ev kirayəsi haqqında müqaviləni səfirliyə təqdim etməkdə azaddır. Heç biri olmadığı halda, minimum 30 günlük otel bron edilməlidir.
16. Uçuş biletinin bronu
Viza alınması üçün uçuş planlaşdırılan tarixin bilet bronu təqdim edilməlidir. Bu sadəcə bron olmalıdır, biletin pulunu tam ödəyib almaq tələb olunmur.
17. Daşınmaz əmlakın qiymətləndirilməsi
İstəyə bağlı olaraq tələbə (və ya ailəs) əlavə 1 daşınmaz əmlaka sahibdirlərsə, daşınmaz əmlakın qiymətləndirilməsi arayışını da səfirliyə təqdim edə bilərlər. Məntiqi budur ki, tələbə üçün maddi çətinlik olarsa, belə bir əmlak satılıb tələbənin xərcləri qarşılana bilər.
Rüsum
Viza rüsumu 35 avrodur və səfirlikdə ödənilir.
Sənədlərin verilməsi üçün qeydiyyat
2021-ci ilin sentyabrında edilmiş dəyişiklərə əsasən, görüş üçün əvvəlki kimi Visametric şirkətinə yox, birbaşa səfirliyin özünə müraciət etmək lazımdır. Bunun görə tələbə, baku.visti@esteri.it adresinə VISA APPOINTMENT adı altında e-poçt yazmalı və aşağıdakı məlumatları göndərməlidir:
• vizanın növü;
• vizaya müraciət edənlərin sayı;
• nəzərdə tutulan uçuş tarixi;
• əlaqə nömrəsi.
Daha sonra isə səfirlik tərəfindən təsdiq e-poçtunu gözləmək lazımdır. Əks halda, tələbə səfirliyə buraxılmayacaqdır. Təsdiq e-poçtu gəldikdən sonra yuxarıd qeyd olunan sənədlərə əlavə olaraq ölkəyə giriş qaydaları haqqında bəyanat və İtaliyaya səyahət qaydaları və mümkün məhdudiyyətlərlə bağlı məlumat vərəqəsi hazırlanmalıdır. Hər iki sənəddən 2 nüsxə tələb olunur.
Əlavə məlumat üçün:
Əlaqə nömrəsi: +994-12-4975133/35 daxili 131/133
Ünvan: Xəqani küçəsi 77 AZ 1010 ünvanında, Landmark I iş mərkəzinin 5-ci mərtəbəsi
Rəsmi veb sayt: http://www.ambbaku.esteri.it/