İsveçin Visby təqaüd proqramı

İsveçin Visby təqaüd proqramı

Son yenilənmə tarixi: 29/04/2025

İsveçin Visby təqaüd proqramı üçün nə lazımdır? Bu təqaüd proqramı üçün əsas şərt nədir və prosedur nədən ibarətdir? Çalışacağam ki, bu suallara müəyyən qədər aydınlıq gətirə bilim. İlk öncə, ümumi bir məlumat vermək istərdim.

Yenilənmə:

Visby proqramı 2022-ci il qəbulları üçün açılmayacaq və Azərbaycan vətəndaşları SISGP proqramına müraciət edə bilərlər. İsveç təqaüdü üçün (SISGP) yazdığım yeni məqaləmi isə bu linkdən oxuya bilərsiniz.

Ümumi məlumat

İsveç İnstitutu ölkə haqqında məlumatı xarici ölkələrdə yaymaq üçün məsuliyyət daşıyan İsveçin hökumət agentliklərindən biridir. Visby proqramı isə adıçəkilən agentliyin xarici tələbələr üçün təklif etdiyi təqaüd proqramlarından biri hesab olunur. Azərbaycan vətəndaşları İsveç İnstitutunun yalnız Visby proqramına müraciət edə bilərlər, yəni SISGP bizim vətəndaşlar üçün uyğun deyil. Bu yazıda yazılan tarixlər və digər rəqəmlər 2020-ci il üçün nəzərdə tutulan şərtlərdir. Yəni, 2021-ci il üçün fərqli rəqəmlər və tarixlərin olması mümkündür.

Visby təqaüd proqramının tələb olunan sənədləri

Motivasiya məktubu

Tələbənin şəxsi motivasiyası çox önəmlidir. Yəni əsas məqam budur ki, tələbə seçdiyi ixtisası özünün təcrübəsi və təhsili ilə açıq-aydın əlaqələndirməli və magistratura təhsilinin özü və digərləri üçün nə kimi müsbət nəticələr verəcəyini proqnozlaşdıra bilməlidir. Visby üçün hazır forma 2020-ci ilin yanvarın sonu üçün yazının sonunda qeyd olunan saytda  dərc olunacaqdır.

CV

Visby təqaüdü üçün sistemə CV yüklənilməli və maksimal şəkildə 3 səhifədən ibarət olmalıdır. Visby üçün CV özlərinin tələb etdiyi şablon formada hazırlanmalıdır.

Referans məktub(-ları)

Digər bir məsələ isə tələbə haqqında yazılacaq referans (reference) məktublarıdır. Bu məktublar yaxşı olar ki, tələbəni birbaşa tanıya bilən şəxslər, ideal olaraq müəllimləri tərəfindən yazılsın. Referans məktubunun məzmunu tarifnamə olmalı deyil. Məntiqi şəkildə izah olunmalıdır ki, ixtisas və təqaüd bu tələbəyə nəyə görə lazımdır. Məktub maksimum 2 səhifə, imzalı və möhürlü şəkildə yazılmalı və Visby-nin tələb etdiyi formada təqdim olunmalıdır.

İş və ya liderlik təcrübəsinin sübutu

Burada ən mühüm məsələ müraciət edən şəxsin iş təcrübəsi ilə bağlıdır. İş təcrübəsi dedikdə buraya tamştat və yarımştat əmək fəaliyyəti, ödənişli və ya ödənişsiz təcrübə proqramları, könüllü xidmətlər, tələbə birliyi və təşkilatlarında aparıcı vəzifələr də daxildir. Visby iş təcrübəsinin müddəti ilə bağlı hər hansı bir məhdudiyyət qoymur. Hazır forma əvvəlcə çap olunmalı, daha sonra rəhbərlik tərəfindən doldurulmalı, imzalanmalı və möhürlənməlidir. Daha sonra isə PDF fayl formasında sistemə yüklənməlidir.

Pasport

Pasportun skan versiyasında şəxsi məlumatlar (şəkil olan hissə) aydın şəkildə görünməlidir. Pasportun surəti CV ilə birlikdə sonuncu, yəni dördüncü (əgər CV 3 səhifə olacaqsa) səhifə olaraq daxil edilməlidir.

Visby təqaüd proqramının proseduru

İsveç universitetlərinə müraciət

Birinci məsələ universitetə müraciət ilə başlayır. Tələbə olmaq istəyən şəxs universityadmissions.se saytında qeydiyyatdan keçərək öz sahəsinə uyğun ixtisas və ya ixtisaslara müraciət edir. Visby təqaüdü yalnız bu siyahıda yer olan ixtisaslara verilir, yəni ixtisas və universitet seçimi önəmli məsələdir. Eyni zamanda, Visby rəsmi olaraq qeyd edir ki, ekoloji və sosial davamlılıq, idarəetmədə yenilik və məsuliyyət və ya davamlı iqtisadi inkişafla bağlı ixtisaslara daha çox önəm verilir. Visby üçün universitetlərə müraciət oktyabrın 16-sı açılır və növbəti ilin yanvar ayının 15-nə kimi davam edir. Tələbə, bu tarixlər arası universitetə müraciət etməli və fevralın 3-nə qədər “application fee”, yəni tələbənin müraciətinə baxılması üçün tələb olunan rüsum ödənməlidir.

Visby təqaüd proqramına müraciət

Universitet sizin müraciətinizi qiymətləndirib, sizin qəbul almağınızı müsbət qarşıladıqdan sonra növbəti etap Visby təqaüd proqramının özünə müraciət etməkdir. Müraciətlərin qəbul olunması üçün sistem 10 fevral tarixindən 20 fevral tarixinə qədər aktiv olur. Bu müddət ərzində tələbə tələb olunan sənədləri sistemə yükləyir və 24 aprelə qədər gözləyir. 24-28 aprel tarixləri arasında isə Visby təqaüd proqramının qaliblərinin adları e-poçt vasitəsilə açıqlanır. Əgər son tarixə qədər hər hansı bir e-poçt almamısınızsa, bu o deməkdir ki, qaliblər sırasında deyilsiniz.

Visby təqaüd proqramı nəyi əhatə edir?

Visby təqaüd proqramı bütün təhsil xərclərini qarşılayır. Eyni zamanda aylıq 10,000 isveç kronu (təxminən 1720 azn) məbləğində təqaüd verir. Təhsil xərclərinə və aylıq təqaüdə əlavə olaraq, hər akademik il üçün 5,000 isveç kronu (təxmini 860 azn) məbləğində isə səyahət qrantı ayrılır və tələbə tibbi sığorta ilə təmin olunur. Stipendiya aylıq olaraq ödənilir. 1 illik magistratura proqramını bitirən tələbələr, 1 ildən sonra ödənişsiz təcrübə proqramına qəbul ala bilsələr, 5 aya qədər aylıq 10,000 isveç kronu məbləğində təqaüd əldə edə bilərlər.

Visby üçün önəmli tarixlər

2020-ci ili üçün Visby təqaüd proqramında nəzərdə tutulan önəmli tarixlər belədir:

  • Universitetlərə müraciət: 16 oktyabr 2019 – 15 yanvar 2020
  • Visby təqaüd proqramına müraciət: 10-20 fevral 2020

Digər tarixlər

  • Universitetə müraciət üçün “application fee”-nin ödənilməsi üçün son tarix: 3 fevral 2020
  • İş təcrübəsinin hesablanması üçün son tarix: 9 fevral 2020
  • Universitetdən qəbul məktubunun alınması üçün son tarix: 3 aprel 2020
  • Visby təqaüd proqramının cavablarının açıqlanması üçün tarix: 24-28 Aprel 2020

Visby təqaüd proqramı haqqında yekun fikirlər

İsveçdə təhsil və İsveçin təhsil sistemi, təqaüdün təhsil haqqı, aylıq yaşam xərcləri, tibbi sığortanı və müəyyən qədər səyahət xərclərini əhatə etməsinə görə, Visby təqaüd proqramına tələbat yüksəkdir. Məsələn, keçən ilin statistikasına görə 826 müraciətdən cəmi 65 namizədə üçün təqaüd ayrılıb, bu da 10 faizdən aşağıdır. 2019-cu ildə Azərbaycandan 232 nəfər müraciət edib və yalnız 12 nəfər təqaüd ala bilib. Bu baxımdan, yuxarıda yazılan şərtlərə qeyri-ciddi yanaşmaq lazım deyil və hərtərəfli şəkildə öz imkanlarınızı düzgün qiymətləndirməkdə fayda var.

Əlavə məlumat: https://si.se/en/apply/scholarships/visby-programme-masters/

Scroll to Top