Son yenilənmə tarixi: 29/04/2025
İsveçdə tam təqaüdlə magistratura təhsili adlı məqaləm, İsveçdə təqaüdlə təhsil almaq istəyən tələbələrimiz üçün nəzərdə tutulub. Visby proqramı haqqında yazdığım məqaləmdə qeyd etdiyim kimi, 2022-ci ildən İsveçdə təqaüdlə təhsil almaq istəyən tələbələr, artıq Visby yox İsveç İnstitutu Qlobal Peşəkarlar üçün Təqaüdlər (Swedish Institute Scholarships for Global Professionals) yəni, SISGP proqramına müraciət etməlidirlər.
Təqüdün əhatəsi
Deməli, bu proqram Visby-də olduğu kimi demək olar ki, tələbənin bütün xərclərini qarşılayır və ona aşağıdakı imkanları təqdim edir:
Təhsil haqqının tam ödənişi hər semestrin əvvəlində İsveç İnstitutu tərəfindən birbaşa olaraq universitetin hesabına köçürülür. Yəni, tələbə təhsil haqqından tam azad olur və 11,000 İsveç kronu aylıq stipendiya, tibbi sığorta ilə təmin olunur, SI Network for Future Global Professionals və Sweden Alumni Network kimi prestijli platformalara qoşulur və birdəfəlik 11,000 İsveç kronu səyahət qrantı əldə edir. Təqaüd proqramı ailə üzvləri üçün çəkiləcək xərcləri və universitetlərə müraciət rüsumlarını (application fee) qarşılamır.
Təqaüdə müraciət üçün kriteriyalar
SISGP proqramına müraciət üçün müəyyən kriteriyalar tətbiq olunur. Təqaüdlə təhsil almaq istəyən tələbələr mütləq şəkildə bütün meyarlara cavab verməlidir. Əks halda, imtina cavabı qaçılmaz olacaqdır.
Uyğun proqramlar
SISGP istənilən magistratura proqramı üçün təqaüd vermir. Yəni, təqaüdə müraciət etmək üçün uyğun magistratura proqramlarından seçim olunmalıdır. Təqaüd proqramına müraciət üçün beynəlxalq sertifikat və ya yüksək GPA tələbi qoyulmasa da, universitetlərin özünə müraciət etmək üçün dil sertifikatı və/və ya yaxşı qiymətlər tələb oluna bilər.
İş təcrübəsi
Təqaüd proqramına müraciət zamanı işləmək tələb olunmasa (yəni, faktiki olaraq işsiz statuslu) 3,000 saatlıq iş təcrübəsinə sahib olmaq əsas şərtdir. İşləyən namizədlər isə bu tələbi 10 fevral 2023-cü il tarixinə qədər yerinə yetirməlidirlər. İş təcrübəsi tam-ştat (full time), yarım-ştat (part-time) və ya müstəqil (freelance) fəaliyyət ilə ola bilər. Əsas məsələ budur ki, maksimum 3 iş yeri göstərilə bilər. İsveç İnstitutu qeyd edir ki, Azərbaycandan olan namizədlərin iş təcrübəsi ekoloji və sosial davamlılıq, menecmentdə məsuliyyət, davamlı iqtisadi inkişaf sahələrini, xüsusilə vətəndaş cəmiyyəti və ya dövlət sektorunu əhatə edirsə, üstünlük həmin insanlara veriləcəkdir. İş təcrübəsini müəyyən sənədlərlə sübut etmək lazımdır. Bu barədə isə növbəti paraqraflarda məlumat verəcəm.
Liderlik təcrübəsi
Namizədlər üçün qoyulan tələblərdən biri isə liderlik təcrübəsi ilə bağlıdır. İsveç İnstitutu liderliklə bağlı bir ciddi tələb (vəzifə və ya iş saatı ilə bağlı) qoymasa da, qeyd edir ki, güclü və uyğun liderlik təcrübəsi olan şəxslərə üstünlük veriləcəkdir.
Tələb olunan sənədlər
Namizədin təqaüd proqramına müracəti üçün bu formada hazırlanmış CV, formaya uyğun 2 referans məktubu, qeyd olunan formatda iş və liderlik təcrübəsini sübutu, pasport və sistem üzərində yazılacaq motivasiya məktubu tələb olunur. CV 3 səhifəni keçməməli, referans məktublarından biri iş təcrübəsinə aid olmalı və referansı verən şəxs tərəfindən imzalanmalı və möhürlənməlidir. İkinci referans məktubunun iş təcrübəsindən kənar fəaliyyət ilə əlaqəli olması (məsələn, vətəndaş cəmiyyəti təşkilatları) arzuolunandır.
Burada qeyd olunan sənədlərdə çatışmazlıq və ya qoyulan tələblərə uyğunsuzluq (məsələn, 4 səhifəlik CV və ya 1 referans məktubu) olarsa, müraciət avtomatik olaraq imtina ilə nəticələnəcəkdir.
Müraciət qaydası və tarixlər
İsveçdə tam təqaüdlə magistratura təhsili almaq istəyən namizədlər, proseduru 2 mərhələdə aparmalı və hər mərhələ üçün qoyulmuş son tarixləri də nəzərə almalıdır.
Birinci mərhələ budur ki, namizəd https://www.universityadmissions.se/intl/start linki üzərindən yuxarıda qeyd etdiyim uyğun proqramlardan seçim etməli və 16 oktyabr 2023-cü ildən 15 yanvar 2024-cü ilə qədər universitetlərə müraciətini tamamlamalıdır. İsveçin universitetlərinə müraciət zamanı nəzərdə tutulan müraciət rüsumu (application fee) və bütün sənədləşmə işləri isə 1 fevral 2024-cü il tarixinə qədər yekunlaşmalıdır. 4 uyğun magistratura proqramına müraciət etməyə icazə verilsə də, təqaüd üçün yalnız 1 proqram seçilməlidir.
İkinci mərhələdə isə namizədlərdən SI portalı üzərindən artıq təqaüdə müraciət etmələri tələb olunur. Portal 12-28 fevral 2024-cil tarixləri arasında açıq olacaqdır və müraciətləri qəbul edəcəkdir. Ciddi şəkildə tövsiyə olunur ki, həm universitetlərə, həm də təqaüdə müraciət məsələsi son günə saxlanılmasın.
Daha sonrakı mərhələlərdə isə tələbənin bir o qədər edə biləcəyi bir şeylər olmasa da, bunlar haqqında da məlumat vermək istərdim.
29 fevral-20 mart 2024-cü il tarixləri arasında İsveç İnstitutu təqaüdə müraciət edən namizədlərin sənədlərini yoxlayır və təqaüd üçün uyğun olmayan namizədlər kənarlaşdırır. İsveç İnstitutu 21 mart 2024-cü ilə qədər isə namizədlərin birinci mərhələdəki (yəni universitetlərə müraciət) nəticələrini əldə edir. Namizəd bu vaxta qədər müraciət etdiyi magistratura proqramlarının ən azı birindən tam və ya şərti qəbul almalıdır. Universitetlərdən qəbul almayan və ya rezerv siyahıya düşən namizədlərin təqaüd üçün müraciəti də keçərli hesab olunmur.
Ən son mərhələdə isə həm təqaüd üçün, həm də universitetdən qəbul alan namizədlər barədə 21 mart-25 aprel 2024-cü il tarixləri arasında yekun qərar verilir və elə 25 aprel tarixində https://si.se/en/news/ linki qaliblərin siyahısı elan olunur. Adətən, aprelin sonu, mayın əvvəli isə nəticələr (yalnız qaliblər) barədə rəsmi e-poçt əldə olunur.
Yekun fikirlər
İsveç Avropa və dünyanın ən yaxşı ölkələrindən hesab olunur. Elə buna görədir ki, dünyanın bir çox ölkələrindən (xüsusilə, Asiya və Afrika) olan insanlar həm təhsil, həm də karyera baxımından İsveçi əsas hədəf ölkə hesab edirlər. Bu proqramın 350 tələbəni tam təqaüdlə təmin edəcəyinə baxmayaraq, bu o demək deyil ki, şanslar hər adam üçün yüksəkdir. Yuxarıda qeyd olunan tələblərdən əlavə, namizədin şəxsi inkişafı və təcrübəsi (liderlik istiqamətində), sosiallaşması və xüsusilə, vətəndaş cəmiyyətləri ilə bağlı göstərdiyi fəaliyyət ciddi şəkildə tövsiyə olunur. Bundan başqa, Birləşmiş Millətlər Təşkilatının Davamlı İnkişaf Gündəliyi barədə məlumatlı olmaq, davamlı inkişaf istiqamətində karyera və ixtisas seçimi etməyi nəzərdə saxlamaq və təcrübə qazanılmış sahəni təqaüd proqramı üçün əsaslandırmağa çox ciddi yanaşmaq lazımdır.