Son yenilənmə tarixi: 29/04/2025
IELTS olmadan xaricdə təhsil yazısını yazma səbəbim, bu məsələdə müəyyən yanlış fikirlərin olması ilə bağlıdır. İlk öncə qeyd edim ki, IELTS sertifikatı olmadan qəbul prosesinə insanlar daha çox neqativ yanaşırlar və keyfiyyətli təhsil alacaqlarından çəkinirlər. Halbuki, bir qədər analiz etsək, ortaya başqa bir mənzərə çıxacaqdır.
IELTS və ingilis dil biliyi
Bu hissədə qəsd olunan məna “İngilis dilini IELTS olmadan da bilmək olarmı ya yox?” sualıdır. Əlbəttə ki, IELTS sertifikatını əldə etməyən çoxlu sayda adam var ki, ingilis dilində səlis danışır. Yəni, bu sertifikat hər şey demək deyil. Məsələ budur ki, universitetlərin əksəriyyəti IELTS/TOEFL və ya digər beynəlxalq sertifikatları öz işlərini yüngülləşdirmək və sığortalamaq üçün tələb edirlər. Yüngülləşdirmək ona görə ki, universitet əlavə zaman itirib, hər bir müraciət edən tələbəni onlayn qaydada müsahibə etmək istəmir.
Sertifikat olmamasının minusları
IELTS/TOEFL sertifikatının olmamasının mənfi cəhətlərini aşağıda qeyd etdiyim bir neçə məqamla aydınlaşdırmaq istərdim. Beləki, sertifikatın olmaması:
- universitetlərin seçim sayına ciddi şəkildə mənfi təsir göstərir. Yəni, sertifikat seçim imkanlarını genişləndirir. Eyni zamanda yadda saxlamaq lazımdır ki, IELTS/TOEFL balı da həlledici təsirə malikdir. Məsələn, Avropada magistratura təhsili üçün adətən IELTS 6.0+ tələb olunur.
- təqaüd imkanlarına da öz neqativ təsirini göstərir. Müəyyən təqaüd proqramları sertifikat tələb edir və ya təqaüd proqramı universitetin nüfuzunu da nəzərə alır. Nüfuzlu universitetlərin əksəriyyəti üçün isə sertifikat önəmlidir. Dolayısı ilə təqaüd və sertifikat arasında sıx bir bağlılıq var.
- tələbəni daha çox təhsil haqqı ödəmək məcburiyyətində qoyur. Məsələn, Polşada IELTS 6.0 ilə İqtisadiyyat sahəsində 2,000-2,500 avro (illik təhsil haqqı) ödəməklə yaxşı bir universitetdə oxumaq mümkündür. Amma sertifikatın yoxluğu bu kimi imkanları da əldən almış olur.
Son olaraq sertifikatın olmasını və yüksək sertifikat balını belə düşünün: Təsəvvür edin ki, məktəbi bitirib 600+ bal yığırsınız və Azərbaycanda bakalavr təhsili almaq istəyirsiniz.
IELTS olmadan təhsil almağın 4 yolu
Gələk sözümün canına. IELTS olmadan əsasən 4 variantla universitetə qəbul almaq olar.
- Birinci variant əvvəlki təhsilin tamamən ingiliscə keçirilməsi ilə bağlıdır. Yəni, bakalavr üçün məktəbi, magistratura üçün isə bakalavriatı ingiliscə bitirmək şərtdir. Belə olan halda tələbə olmaq istəyən şəxs məktəb və ya universitetdən təhsilin tamamən ingiliscə olması ilə bağlı arayış alır və dil biliyini göstərən sertifikat əvəzi həmin arayışı universitetə təqdim edir.
- Müraciət edən şəxsin ingilis dil biliyi ən azı B2 səviyyəsində (yəni, IELTS 5.5) olur və universitetin qəbul komandası ilə onlayn müsahibəyə dəvət olunur. Onlayn müsahibədən uğurla keçən namizəd daha sonra müraciət etdiyi ixtisas üzrə qəbul sənədini əldə edir.
- Üçüncü variant isə universitetin tələbə olmaq istəyən şəxsə şərti qəbul verməsi ilə baş tutur. Bu halda, müraciətçi universitetə şərti qəbul alır və viza aldıqdan sonra həmin universitetin “yerləşdirmə imtahanı”-da (ing.cə: placement test) iştirak edir. Uğurlu nəticə əldə olunacaqsa, tələbə dərsə başlayır.
- Əgər müraciət edən şəxs, nə onlayn müsahibə, nə də universitetin özündə keçiriləcək imtahanda uğurlu olursa, bu zaman 1 semestr və ya 1 illik hazırlıq kursuna yazılmalı olur. Bu hazırlıq kursu bitdikdən sonra isə, tələbə imtahan verir və öz dərəcəsinə uyğun (bakalavr və ya magistratura) tələb olunan dil biliyini göstərə bilirsə, bu zaman dərslərə başlaya bilir.
5-ci variant
Son variantın xarici ölkələrdə təhsili gözdən salan bir seçim olduğunu hesab edirəm. Səbəb budur ki, bəzi “universitet”-lər sırf maddi maraq üzərində fəaliyyət göstərdiyi (bəli, Avropada da) üçün onlar, heç bir göstəricini nəzərə almadan müraciətçiləri qəbul sənədi ilə təmin edirlər. Nəticədə, dil biliyi olmayan və ya zəif olan şəxs “universitet”-ə qəbul olur. Əlbəttə ki, müəyyən “təhsil” müddətindən sonra əldə hər hansı bir akademik nailiyyət də əldə olunmur. Eyni zamanda, bu kimi “universitet”-lərə görə həmin ölkədəki təhsil də (məsələn, Polşa və ya İtaliya) nüfuzdan düşmüş olur. Bütün nüansları (viza riski, Azərbaycanda diplom tanınma və s.) nəzərə alaraq, maksimum bu seçimdən uzaq durmağınızı tövsiyə edirəm.
Sertifikatsız yaxşı bir təhsil
IELTS olmadan xaricdə yaxşı bir təhsil almaq olarmı? Qısaca, desəm, mümkündür. Misal kimi öz təhsil aldığım Litvanın Vytautas Magnus Universitetini göstərə bilərəm. Universitet QS Şərqi Avropa və Mərkəzi Asiya reytinqində 200 universitet içərisində 61-ci yerdədir. Bu universitetə həm onlayn müsahibə, həm yerləşdirmə (placement) testi, həm də 1 semestr və ya 1 illik hazırlıq kursu ilə qəbul olmaq olar. Şəffaflıq xatirinə bir neçə universitet qeyd edə bilərəm ki, təhsili keyfiyyətlidir və IELTS/TOEFL olmadan və ya ingilis dili hazırlığı keçməklə qəbul almaq mümkündür: Kaunas Texniki Universiteti, Klaypeda Universiteti, Varşava Universiteti, Karl Universiteti və s.
Yekun
Yekun olaraq bildirmək istərdim ki, sertifikat olmadan qəbul məsələsinə birmənalı şəkildə neqativ yanaşmaq düzgün deyil. Sadəcə, ilk öncə universitetin ölkə və dünya sıralamasında tutduğu yeri, onun tədqiqat nəticələrini (ing.cə: research output), Facebook və ya Google kimi platformalarda yazılan rəyləri, orada oxuyan tələbələrin fikirlərini analiz etmək lazımdır. Daha sonra isə sertifikat olmadan qəbul şərtləri ilə tanış olmaq lazımdır. Əgər, təklif olunan universitet heç bir yoxlama keçirmədən müraciətçiyə qəbul sənədi verməyə hazırdırsa, bu zaman universitetin təhsil keyfiyyəti, tələbələrə qarşı olan digər münasibəti də ciddi şübhə altına düşmüş olur.