Son yenilənmə tarixi: 29/04/2025
Green Card üçün müraciət qaydası – DV 2026 məqaləmdə istərdim ki, həm bu proqram, həm də qaydalar haqqında məlumatları paylaşım. Green Card proqramı hər il təxminən 55.000-ə qədər insana Amerika Birləşmiş Ştatlarına immiqrasiya və orada işləmək imkanı verir. Proqram ABŞ Dövlət Departamenti tərəfindən həyata keçirilir.
İlin 2026 yazılması o deməkdir ki, qalib şəxslər Amerikaya yalnız 2026-cı ilin yanvar ayından başlayaraq miqrasiya edə bilərlər. Cavabların çıxmasına gəldikdə isə, növbəti qaliblərin adlarının açıqlanması 2025-ci ilin may ayına planlaşdırılır.
Qeyd
Green Card DV-2026 də üçün müraciət qaydasında əvvəlki dəyişiklik saxlanılıb. Yəni, xarici pasport tələbi yoxdur. Bu o deməkdir ki, xarici pasport olmasa belə, lotereyada iştirak etmək olar.
Kimlər müraciət edə bilər?
Green Card müraciəti üçün 18 yaşdan yuxarı və ən azı orta təhsil almış Azərbaycan (və ya proqrama düşən digər) vətəndaşları müraciət edə bilər. Orta təhsili olmayan vətəndaşlar isə müəyyən olunmuş sahələr üzrə ən azı 2 il iş təcrübəsinə (son 5 ildə) sahib olmalıdırlar.
Green card üçün zəruri sənədlər
Proqrama müraciət üçün saysız-hesabsız sənəd yığmaq tələb olunmur. Ən köhnə halda, 6 ay əvvəlcədən çəkilmiş şəkil kifayət edir. Şəkil 1:1 nisbətində və ən azı 600×600 piksel ölçüdə və JPEG formatda olmalıdır. Ailəli olan adamlar üçün həyat yoldaşının və övladlarının şəkilləri də tələb olunur. Şəkillər bu linkdə göstərilən qaydada çəkilməlidir.
Xarici pasport məsələsi ilə bir qədər qəlizdir. Yəni, bəzi ildən xarici pasport tələb olunsa, da bəzi müraciət ilində tələb olunmur. Məsələn, DV-2026 üçün (yəni, 2024-dəki müraciətlər zamanı) xarici pasport tələbi yoxdur.
Tarix və rüsum
Green Card proqramına müraciətlər, adətən, hər ilin oktyabrın 1-ci həftəsindən, noyabrın 1-ci həftəsi də daxil olmaqla yalnız https://dvprogram.state.gov/ rəsmi sayt üzərindən qəbul edilir. Proqrama müraciət üçün heç bir rüsum tələb olunmur. Cavablar normalda növbəti ilin may ayının (istisna hallarda, iyun) 1-ci həftəsində açıqlanır.
DV-2026 üçün müraciət tarixləri belədir: 2 oktyabr 2024 – 5 noyabr 2024.
Önəmli məqamlar
Ən önəmli məsələ sistem üzərində bütün məlumatları düzgün şəkildə qeyd etməkdir. Məsələn, deyək ki, son kursda oxuyan tələbə sistemi doldurarkən Some University Courses əvəzinə University Degree seçirsə, köhnə və qaydalara uyğun olmayan şəkillə müraciət edirsə, böyük ehtimalla, bu onun diskvalifikasiya olunmasına (hətta seçilsə belə) və ya vizadan imtina almasına səbəb olacaqdır.
Ailəli insanların hər biri (ər və arvad) ayrı-ayrılıqda müraciət edə bilər və həyat yoldaşının məlumatlarını (ad, soyad, doğum yeri, doğum tarixi və şəkil) daxil etməlidir. Hansısa biri qalib olduğu halda, digər həyat yoldaşı və övladları da ABŞ vizasına müraciət etmək hüququna malik olurlar.
Green Card qalibi olanlar viza üçün ABŞ-ın Gürcüstandakı səfirliyinə müraciət etməlidirlər. Adətən, viza alınması qalib olan zaman verilmiş Case number-dən asılı olaraq, hətta 1 ilə yaxın müddətə qədər də çəkə bilər. Viza alınması üçün bank hesabında (ölkə fərqi yoxdur) müəyyən məbləğdə pul göstərmək lazımdır ki, ilk aylarda ABŞ-dakı xərclərin qarşılana biləcəyini sübut etmək mümkün olsun.