Son yenilənmə tarixi: 29/04/2025
Estoniyada təhsil və təqaüd imkanları məqaləsinin məqsədi Estoniyada təhsilin üstün tərəfləri və təqaüd imkanları ilə bağlı yığcam və dolğun məlumat verməkdən ibarətdir. Məlumat üçün qeyd edim ki, Estoniya Baltikyanı ölkələr içərisində ərazicə ən kiçik və əhali sayına görə ən azsaylı ölkədir. Buna baxmayaraq ölkənin 3 ən böyük universiteti hesab olunan Tartu, Tallinn Texnologiya və Tallinn universitetləri QS Dünya reytinqində yer alır və Estoniyada təhsilində ciddi müsbət təsirə malikdirlər.
Estoniyada təhsilin üstün tərəfləri
Ölkənin üstün tərəflərini paraqraflarla qeyd edirəm, çünki hər bir xırda paraqrafda bir üstünlük barədə qısa məlumat vermişəm.
- Estoniyanın təhsil sistemi Bolonya formatı üzərində qurulub. Yəni, bakalavr 3, magistratura 2, doktorantura isə 4 illikdir. Sistemin digər bir üstün tərəfi budur ki, Azərbaycanın 11 illik orta məktəb attestatı Estoniyada birbaşa bakalavr proqramına başlamaq üçün bəs edir. Yəni, bir illik bakalavr öncəsi hazırlıq (İtaliya, Almaniya və s. ölkələrdəki kimi) tələb olunmur.
- Digər bir üstünlük isə təklif olunan ixtisasların əmək bazarına uyğun formalaşdırılmasıdır. Yəni, tələbə universiteti bitirdikdən sonra karyera məsələlərində bir o qədər sıxıntı yaşamır, çünki təhsil sistemi tələb-təklif prinsiplərinə uyğun olaraq düzgün qurulub.
- Estoniyada tələbə kimi işləmək mümkündür. Avropanın bir sıra ölkələrindəki kimi tələbənin iş saatlarına məhdudiyyət qoyulmur. Yəni, bir eston leqal olaraq neçə saat işləyə bilirsə, xarici tələbə də həmin saat qədər işləyə bilər. Burada əsas məsələ budur ki, iş saatları akademik nəticələrə neqativ təsir etməsin. Təhsil bitdikdən sonra isə məzun olan şəxs Estoniyada 9 ay əlavə yaşaya və iş axtara bilər.
- Tallinndə oxuyan xarici tələbələr belə ictimai nəqliyyat vasitəsindən ödənişsiz istifadə edə bilərlər. Digər bir məqam isə Estoniyanın Şengen zonasına üzv olmasıdır, yəni vizasız qeyd olunan ölkələrə səyahət etmək mümkündür.
- Estoniyada doktorantura (PhD) təhsili tamamilə ödənişsizdir. Bundan əlavə, universitetlərdə kiçik elmi işçi vakansiyasına qəbul olunan tələbənin maddi ehtiyacları qarşılanır və həmin tələbələr 1450-1700 avro aylıq maaş alırlar (bax: https://ut.ee/en/content/status-and-funding-doctoral-students və https://www.tlu.ee/en/doctoral-admission-2024-spring-semester)
Estoniyada təqaüd imkanları
Əvvəl qeyd etdiyim kimi kiçik ölkə olmasına baxmayaraq təqaüd imkanları məhdud deyil. Estoniya Polşa, Çexiya, Latviya və Litva ilə müqayisədə bir qədər bahalı təhsil haqlarına malikdir. Amma akademik nailiyyətləri yüksək olan tələbələri də təhsil haqqından azad edə bilir.
Təhsil haqqından tam azad olmaq
Estoniyanın yuxarıda qeyd etdiyim ən populyar və reytinqli 3 böyük universiteti təhsil haqqından tam azad olmaq üçün ayrıca bir müraciət tələb etmir. Yəni, müraciət zamanı tələbə olmaq istəyən şəxs avtomatik olaraq təhsil haqqından azad olmaq üçün də müraciət etmiş olur. Əgər universitet uyğun bilərsə, bu zaman tələbəni təhsil haqqından tam azad olmuş olur. Stipendiya, yəni aylıq təqaüd üçün isə tələbə bir neçə təqaüd proqramına (daxili və xarici) müraciət edə bilər.
Nəzərə almaq lazımdır ki, tələbənin təhsil haqqından tam azad olmaq şansı ildən ilə, universitetdən universitetə və ixtisasdan ixtisasa dəyişir. Dolayısıyla, ola bilsin ki, 2022-ci ildə hər hansı bir ixtisasda təhsil haqqından azad olmaq imkanı olmayıb, lakin 2023-cü ildə olub və ya əksinə.
Əlavə məlumat üçün:
Tallin Texnologiya Universiteti: https://taltech.ee/en/scholarships və https://taltech.ee/en/student/scholarships
Tartu Universiteti: https://ut.ee/en/content/scholarship-information
Tallinn Universiteti: https://www.tlu.ee/en/scholarships
Dora Plus təqaüdü 2.1
Dora Plus 2.1 Avropa Regional İnkişaf Fondu və Estoniya Respublikası tərəfindən maliyyələşdirilən xarici tələbələrin Estoniyada təhsil almağı üçün təklif olunan təqaüd proqramlarından biridir. Təqaüdə müraciət etmək üçün mütləq şəkildə qəbul alınmalıdır. Təqaüdə birinci (yəni yeni qəbul olanlar) müraciət 1 iyun tarixindən 10 sentyabr tarixinə qədər davam edir. Təqaüdün cavabı isə 17 sentyabr tarixində müəyyən olunur. Təqaüd aylıq 350 avro olmaqla bütün akademik ili, yəni 10 ayı əhatə edir. Artıq universitetdə oxuyan tələbələr isə ikinci il üçün də müraciət edə bilərlər. İkinci il üçün son müraciət tarixi 30 iyundur.
Ətraflı məlumat üçün: https://www.tlu.ee/en/dora-plus-scholarships/dora-plus-scholarship-foreign-masters-students
Təəssüf ki, Dora Plus təqaüd proqramına müraciət 2022-ci ildən bəri bağlıdır.
Estoniya İnkişaf Əməkdaşlıq təqaüdü
Tallinn Texnologiya Universitetinin təklif etdiyi “E-governance Technologies and Services” magistratura proqramı üçün nəzərdə tutulub. Təqaüdə müraciət 1 yanvar tarixindən 1 may tarixinə qədər davam edir və aylıq 400 avro stipendiya nəzərdə tutulur. Təqaüd üçün qalib namizədlər CV, motivasiya məktubu və əvvəlki təhsilin nəticələrinə görə seçilirlər.
Ətraflı məlumat üçün: https://egov.ee/msc-egov-technologies-services/
Nailiyyət təqaüdü (Tartu Universiteti)
Tartu Universitetinin daxili təqaüd (aylıq stipendiya) proqramıdır. Yeni qəbul olan tələbələr yalnız ikinci semestrə görə müraciət edə bilər. Payız semestri (sentyabr-yanvar) üçün müraciət 1-30 sentyabr tarixləri arasında, yaz semestri (fevral-iyun) üçün isə 1-28/29 fevral tarixləri arasında olmalıdır. Nailiyyət stipendiyası bakalavr və magistratura tələbələri üçün nəzərdə tutulub və aylıq 100 avro olur.
Əlavə məlumat: https://ut.ee/en/stipends-allowances