Çində hökumətlərarası təqaüd proqramı ilə təhsil

Son yenilənmə tarixi: 07/05/2025

Çində hökumətlərarası təqaüd proqramı ilə təhsil almaq istəyən tələbələrimiz üçün çalışacağam ki, təqaüd proqramı haqqında bir çox məqamlara toxuna bilim. Bu təqaüd proqramı hökumətlərarası hesab olunduğu üçün həm Elm və Təhsil Nazirliyinin, həm də Çin Təqaüd Şurasının (The China Scholarship Council) tələbləri əsas götürülməlidir.

Təqaüdün əhatəsi

Təqaüd proqramı çərçivəsində tələbələr təhsil müssəsisələrində qeydiyyat, təhsil haqqından, laboratoriya, təcrübə, tədris materialları kimi xərclərdən azad olunurlar. Ödənişsiz yataqxana ilə təmin olunmaqla yanaşı, bakalavr tələbələri 2500 Çin yuanı, magistraura tələbələri 3000 Çin yuanı, doktorantura tələbələri isə 3500 Çin yuanı olmaqla aylıq stipendiya ilə təmin olunurlar. Bundan əlavə, tələbələr illik 800 Çin yuanına qədər tibbi sığorta da əldə edirlər. Son olaraq isə təhsil ili ərzində tələbələrin Çinə gediş və Azərbaycana dönüş biletləri (hər il üçün gediş-qayıdış biletləri) də təqaüd proqramı çərçivəsində təmin olunur.

Təqaüd üçün kriteriyalar

Qarışıqlıq yaranmasın deyə kriteriyaları dərəcələr üzrə aydınlaşdırmağa çalışmışam.

Bakalavr üçün

  1. Namizədin psixoloji və fiziki sağlam olması tələb olunur;
  2. Bakalavr üçün yaş həddi 25-dir;
  3. Bakalavr təhsilini təqaüdlə almaq istəyən tələbələr yalnız Çin dilində tədris almalıdırlar;
  4. Bakalavr üçün təqaüdə müraciət edən tələbənin ən azı HSK 3 sertifikat balı olmalıdır və bu halda tələbə yalnız Çin dilində əlavə hazırlıq proqramına başlaya bilər;
  5. Çin dilində əlavə hazırlıq kursu keçmək istəməyən tələbələr qəbul üçün minimal keçid balına sahib olmalıdırlar ki, bu da adətən HSK 4+ səviyyəsində olur;
  6. DİM imtahanlarında iştirak edən namizədlər texniki və texnoloji, təbiət, kənd təsərrüfatı, səhiyyə, rifah və xidmət, əsas (bazaali) tibb təhsili və xüsusi təyinatlı ixtisas qrupları üzrə yekun olaraq ən azı 350, digər sahələr üzrə ən azı 450 bal toplamalıdırlar;
  7. DİM imtahanlarında iştirak etməyən namizədlər akademik göstəricilərini sübut edən digər göstəricilərdən (məsələn, olimpiada nəticələri və s.) və ya beynəxlaq imtahan nəticələrindən (minimum 70%, məsələn, SAT üçün minimum 1100 bal) istifadə edə bilərlər;
  8. Aşağıda qeyd olunan beynəlxalq təhsil proqramları üzrə təhsil alan tələbələrdən DİM və ya SAT kimi nəticələri tələb olunmur:
    1. Beynəlxalq Bakalavriat Diplom Proqramı (IB Diploma Programme): minimum 25-35;
    2. Təhsil haqqında ümumi sertifikatın yüksək səviyyəsi (Advanced Level of General Certificate of Education): minimum C və ya B (müvafiq üç imtahan fənni üzrə);
    3. Yüksək yerləşdirmə (Advanced Placement): minimum 3 və ya 4 (müvafiq üç imtahan fənni üzrə).
  9. Attestat qiymətlərinin orta göstəricisi istənilən halda 5 üzərindən minimum 4 olmalıdır;

Magistratura və doktorantura üçün

Hər iki təhsil pilləsi üzrə kriteriyalar demək olar ki, eyni olduğu üçün bu tələbləri bir başlıq ilə paylaşıram.

  1. Namizədin psixoloji və fiziki sağlam olması tələb olunur;
  2. Magistratura üçün maksimum yaş həddi 35, doktorantura üçün isə 40-dır;
  3. Hər iki tədris pilləsi üzrə həm çincə, həm də ingiliscə təqaüdlə təhsi almaq mümkündür;
  4. Hər iki tədris pilləsi üzrə çincə təhsil almaq istəyən namizədlər minimum HSK 4 sertifikat balına sahib olmalıdır və bu halda tələbə yalnız Çin dilində əlavə hazırlıq proqramına başlaya bilər;
  5. Çin dilində əlavə hazırlıq kursu keçmək istəməyən tələbələr qəbul üçün minimal keçid balına sahib olmalıdırlar ki, bu da adətən HSK 5+ səviyyəsində olur;
  6. Magistratura və ya doktorantura təhsil səviyyələrinə müraciət edən namizədlərin əvvəlki təhsil pillələri üzrə orta bal göstəricisi 100 ballıq şkala üzrə 69-dan aşağı olmamalıdır.

Sənədləşmə tələbləri

Gəlib, çıxdıq işin bir qədər qarışıq tərəfinə. Amma çalışacağam ki, bu tələbləri maksimum dərəcədə aydın şəkildə izah edə bilim. Əvvəlcədən qeyd edim ki, rəsmi sənədlər ya ingiliscəyə, ya da çincəyə notarial şəkildə tərcümə olunmalı, motivasiya məktubu, refereans məktubları, CV isə ingiliscə və ya çincə hazırlanmalıdır. İlkin etapda bütün sənədlərin skan olunmuş versiyası hazırlanmalıdır.

Ümumi sənədlər

Çində hökumətlərarası təqaüd proqramı ilə təhsil almaq istəyən namizədlər istənilən təhsil pilləsi üzrə aşağıdakı sənədləri mütləq şəkildə təqdim etməlidirlər:

  1. Təqaüd proqramında iştirak edən maksimum 3 təhsil müəssisəsinin (portalda maksimum 3 seçim seçilə bilər) ən azı birindən qəbul məktubu və ya qəbul olma imkanı barədə məktub (“pre-admission notice“, “proof of admission from tutor“);
    1. Ciddi şəkildə tövsiyə olunur ki, Çindəki təhsil ixtisasını əvvəlki ixtisaslara uyğun və ya maksimum yaxın olaraq seçilsin.
  2. CV və ya tərcümeyi-hal;
  3. Tövsiyə (referans) məktubları (2 ədəd ingilis dilində, möhürlü, imzalı və yeni tarixli);
  4. Sağlamlıq barədə xüsusi arayış;
  5. İngiliscəyə notarial təsdiqlə Məhkumluq haqqında arayış;
  6. Ümumvətəndaş (xarici) pasport;

Bakalavr üçün

  1. Attestat və ya məktəbin son sinfində oxumaqla (və məktəbin bitirilməsini gözlənilən tarixlə) bağlı arayış;
  2. Şagirdin faktiki qiymət cədvəli (transkripti);
  3. DİM və ya SAT (və ya yuxarıda qeyd olunan alternativlər) imtahan nəticəsi;
  4. Təhsil alınacaq ixtisasla bağlı məqsəd və gözləntilər barədə minimum 500 sözdən ibarət və ingiliscə yazılmış qısa xülasə (təhsil planı, motivasiya məktubu da adlandırıla bilər);
  5. Fəxri təltiflər, sertifikatlar, diplomlar və digər bu kimi sənədlər (mövcud olduğu təqdirdə);
  6. IELTS, TOEFL, HSK (mövcud olduğu təqdirdə) sertifikatları;

Xüsusi qeyd

18 yaşı tamam olmamış namizədlər Çindən qəyyumluq haqqında təqdim etməlidirlər. Eynilə, hər iki valideyn övladının Çində təhsil almasına dair razılığını bildirən notarial qaydada arayış verməli və həmin arayışı notarial qaydada ingilis dilinə tərcümə etdirməlidirlər.

Magistratura və doktorantura üçün

  1. Magistratura namizədləri üçün bakalavr diplomu və ya son kursda oxumaqla bağlı arayış (qəbul ili və məzun olunacaq tarix göstərilməklə);
  2. Magistratura namizədləri üçün bakalavr diplomunun əlavəsi və ya faktiki qiymət cədvəli (transkript);
  3. Doktorant namizədlər üçün bakalavr diplomu və əlavəsi;
  4. Dokorant namizədlər üçün magistratura diplomu və ya son kursda oxumaqla bağlı arayış (qəbul ili və məzun olunacaq tarix göstərilməklə);
  5. Doktorant namizədlər magistratura diplomunun əlavəsi və ya faktiki qiymət cədvəli (transkript);
  6. Təhsil alınacaq ixtisasla bağlı məqsəd və gözləntilər barədə minimum 800 sözdən ibarət və ingiliscə yazılmış qısa xülasə (təhsil planı, motivasiya məktubu da adlandırıla bilər);
  7. IELTS 6.0 sertifikat (və ya digər alternativ) balı.

Müraciət üçün tarix və qaydalar

Müraciət üçün tarixlərə nəzər yetitərkən bir məqam diqqətimi çəkir. Çin tərəfi adətən fevral ayına qədər müraciətləri qəbul etsə də, bizim Elm və Təhsil Nazirliyi nədənsə bu tarix məsələsində qeyri-stabildir. Məsələn, 2024-cü ildə son müraciət tarixi 31 yanvara qədər verilsə də, 2025-ci il üçün bu tarix 5 yanvar tarixinə çəkilmişdir. Yəni, 2025-ci ildə Çində hökumətlərarası təqaüd proqramı ilə təhsil almaq istəyən tələbələr qeyd olunan tarixə qədər sənədlərini hazırlamalı və müraciətlərini yekunlaşdırmalıdırlar.

Müraciət qaydalarına gəlincə isə, ilk növbədə tələbə Elm və Təhsil Nazirliyinin elektron portalı, yəni https://portal.edu.az/ saytında hesab yaratmalı və yuxarıda qeyd olunan sənədləri tam hazırladıqdan sonra onların skan olunmuş versiyalarını portala yükləyərək müraciətini tamamlamalıdır. İlkin etapı uğurla başa vurmuş namizədlər nazirliyin əməkdaşları tərəfindən müsahibə mərhələsinə dəvət olunacaqlar. Müsahibə mərhələsini də uğurla başa vurmuş tələbələrin sənədləri bizim nazirlik tərəfindən seçilmiş universitetlərə göndəriləcəkdir. Çin tərəfindən yekun qərar isə adətən cari ilin iyul ayı ərzində verilir.

Yekun fikirlər

Əvvəlki təqaüd proqramları aid yazılarımda bildirdiyim kimi burada da qeyd etmək istərdim ki, təqaüd hər zaman rəqabətlidir və yuxarıdakı minimal tələbləri ödəyə bilən və ortalığa çıxara biləcəyi digər bir nailiyyəti olmayan tələbənin təqaüd qazanma şansı həddin artıq zəifdir. Bu baxımdan, hər zamankı kimi tövsiyə edirəm ki, yüksək orta bal göstəricisi (GPA) və əla dil bilikləri ilə yanaşı tələbələr öz üzərində işləyərək öz sahələrinə uyğun beynəlxalq sertifikat əldə etməyə, reytinqli jurnallarda məqalə çapına, peşəkar təcrübə yığmağa çalışsınlar.

Digər tövsiyəm də budur ki, müsahibə mərhələsi bu tip təqaüd proqramında həlledici olur. Deyək ki, tələbənin işini hansısa bir şəxs və ya şirkət görərək onun sənədləşmə işlərini və bütün qəbul prosesini aparır, tələbə isə qıraqdan baxmaqla məşğul olur. Belə olan halda tələbə müsahibə zamanı verilə biləcək “Portalda qeyd etdiyiniz 1-ci universitet ilə 3-cü arasında hansı fərqlər var?”, “Siz nəyə görə sırf Çində təhsil almaq istəyirsiniz?”, “Çindəki təhsiliniz Azərbaycandakı hansı boşluqların doldurulmasına dəstək ola bilər?” kimi sualların qarşısında çıxılmaz vəziyyətə düşür. Bu baxımdan, prosesin aparılması başqa bir şəxs və ya şirkətə həvalə olunsa belə, tələbə bu kimi sualların cavablarını müstəqil şəkildə araşdırmalı və tutarlı cavablar hazırlamalıdır.

İstinad

İstinad olunan mənbələr:

1. Application Guide for Chinese Government Scholarship. Keçid: https://www.campuschina.org/content/details3_74776.html

2. Çin Xalq Respublikasında Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində təhsil. 2025/2026-cı tədris ili üçün. Keçid: https://htp.edu.az/uploads/fileuploads/2024/12/442da0940c184d38b8ee1c7bd7f2b50a.pdf

3. Hökumətlərarası Təqaüd Proqramları çərçivəsində Çin Xalq Respublikasında (ÇXR) təhsilə dair Mütəmadi Verilən Suallar. Keçid: https://htp.edu.az/uploads/fileuploads/2024/12/3821586344c34c518fe8367d3f124ac5.pdf

Scroll to Top