Son yenilənmə tarixi: 29/04/2025
Çin üçün təhsil vizasının şərtləri məsələsinə nəzər saldıqda, görünən budur ki, Çin vizası üçün şərtlər sərt deyil. İlk öncə, bir neçə əsas məqamı qeyd etmək istərdim.
Çin vizası üçün önəmli məqamlar
Birinci növbədə, universitet qəbul sənədinin və xarici tələbələrin viza müraciət formasının (JW202) original versiyalarını sizə göndərməlidir. Yəni sənədlər real olaraq əlinizdə olmalıdır. Eyni zamanda, bu sənədlər elektron formada səfirliyin elektron poçt ünvanına da göndərilməlidir.
İkinci məsələ sığorta ilə bağlıdır. Çin vizası üçün Azərbaycanda səyahət sığortası almaq tələb olunmur. Sığorta Çinə getdikdən sonra alınmalıdır. Sığorta alınmamışdan öncə isə sağlamlıq haqqında arayışınız olmalıdır. Bu baxımdan, həkim müayinəsindən də Çində keçmək lazımdır.
Çin vizası üçün tələb olunan sənədlər
Çin vizası üçün tələb olunan sənədlər aşağıdakılardır:
- 1 ədəd 3.5×4.5 ağ fonlu fotoşəkil.
- Pasportun əsli və surəti.
- Şəxsiyyət vəsiqəsinin əsli və surəti.
- Universitetin original qəbul sənədinin əsli və surəti.
- Xarici tələbələrin viza müraciət formasının (JW202) əsli və surəti.
- Bank hesabı arayışı (minimum 2500 ABŞ dolları).
- Birtərəfli bilet bronu.
- X1 vizası üçün müraciət forması. Formanı doldurmaq üçün link: https://cova.cs.mfa.gov.cn/
Görüş üçün qeydiyyat
Çin üçün təhsil vizasının şərtləri yerinə yetirildikdən sonra Çin səfirliyində sənədlərin təqdim olunmasına görə görüş üçün vaxtı seçirsiniz və təsdiqləyirsiniz. Bundan sonra isə saytda avtomatik olaraq həm müraciət forması, həm də görüş üçün vaxtı təsdiqləyən iki sənəd hazır olur. Bu iki sənədi kompüterə endirib, çap etməyiniz lazımdır. Vəssalam, bundan sonra yuxarıdakı sənədlərlə birlikdə səfirliyə yaxınlaşıb, viza üçün sənədləriniz təqdim edirsiniz. Çin vizasının alınması üçün təxmini 1 həftə, 10 gün müddətində vaxt tələb olunur. İstisna hallarda daha az müddətə də Çin vizasını əldə etmək olar.
Əlavə qeyd:
Çin səfirliyi Bakı şəhəri, Xəqani küçəsi 67 ünvanında yerləşir.
Vizanın əldə olunması üçün sənədləri həftənin 2-ci və 4-cü günləri saat 10:00-11:30 arası təqdim etmək olar. Çin səfirliyinin əlaqə nömrəsi 012 498 62 57 və 012 498-19-51 nömrələridir. Qeyd edim ki, telefonda viza məlumatı verilmir.