Son yenilənmə tarixi: 29/04/2025
Birləşmiş Krallığın Chevening təqaüd proqramı Krallıqda təhsil almaq üçün ən yaxşı proqramlardan hesab olunur. Azərbaycan vətəndaşları da bu təqaüd proqramına müraciət üçün uyğun hesab olunduğu üçün, istərdim ki, prosedur, lazım olan sənədlər və diqqət olunası məqamları bir yerdə analiz edək.
Chevening təqaüd proqramına müraciət prosesi, ilk gündən sonuncu günə qədər təxminən 8 ay vaxt alır və yalnız magistratura proqramlarını əhatə edir.
Müraciət qaydaları, tələblər və tarixlər
Müraciət anketi
Müraciət anketi (Application form) https://www.chevening.org/apply/ linki üzərindən doldurulmalıdır. Anketi hazırlayan zaman bütün sualları düzgün və ən önəmlisi, şəffaf şəkildə cavablandırmaq lazımdır. Anketin bir parçası kimi 2 esse və niyə Birləşmiş Krallıqda oxumaqla bağlı motivasiya məktubu da sistemə əlavə olunmalıdır.
Onlayn sistem üzərindən təqaüd müraciətləri adətən avqust ayında açılır və noyabrın ilk günlərində bağlanır. Məsələn, 2022-ci ildə təhsilə başlayan namizədlər üçün ilk tarix 3 avqust 2021, son tarix isə 2 noyabr 2021-ci il olub.
Proqramların (ixtisaslar) seçilməsi
Chevening proqramı özü dil sertifikatı və ya yüksək GPA tələb etməsə də, nəzərə almaq lazımdır ki, ingilis universitetləri üçün dil sertifikatı tələb oluna bilər (adətən də olunur) və GPA universitetlərdən asılı olaraq qəbul prosesində ciddi rol oynaya bilər.
Amma, ən əsas məsələlərdən biri yuxarıda qeyd etdiyim sistem üzərində 3 magistr proqramının seçilməsi ilə bağlıdır. Proqramın seçilməsinə xüsusi diqqət ayrılmalıdır. Aşağıdakı prinsiplərə əməl etmək şərtdir:
- Hər ixtisas təqaüdə düşmədiyi üçün, proqramların seçimi üçün https://www.chevening.org/scholarships/find-a-course/ linki üzərindən aparılmalıdır;
- 3 proqram eyni universitetdən seçilərsə, müxtəlif proqramlar olmalıdır. 3 proqram fərqli universitetlərdən seçiləcəyi halda isə eyni ixtisaslar (və ya yaxın ixtisaslar) olmalıdır;
- Əyani və tam zamanlı (full-time) olmalı, 12 aydan çox olmamalı, sentyabr/oktyabr aylarında başlamalı, magistratura diplomu verməli və Birləşmiş Krallıqda tədris olunmalıdır;
- MBA proqramları illik təhsil haqqı kimi 22,000 funtu sterlinqini keçməməlidir (əks halda, artıq rəqəm qalib tərəfindən ödəniləcək);
- 22 iyul 2022-ci ilə qədər sistemdə seçilmiş 3 proqramın ən azı 1-dən tam qəbul sənədini (unconditional offer) sistemə yükləmək lazımdır. Bu tarixə qədər sistemə qəbul məktubu yüklənməzsə, təqaüd (namizəd, qalib olsa belə) ləğv olunacaqdır.
İş təcrübəsi
Chevening təqaüd proqramına uyğunluq üçün tələblərdən biri isə ən azı 2 illik (2,800 saat) iş təcrübəsinin olması ilə bağlıdır. Bu şərt mütləqdir. Eyni zamanda, 2,800 saatlıq iş təcrübəsi təqaüd proqramına müraciət edən günü tamam hesab olunmalıdır.
Komissiya qiymətləndirilməsi
Bu mərhələdə sistem üzərində yazılmış 2 esse müstəqil komissiya üzvləri tərəfindən oxunur və qiymətləndirilir. Komissiya üzvlərinin qiymətləndirilməsi adətən noyabrın ortalarından dekabra qədər baş tutur. Növbəti ilin fevralın ortalarına qədər isə müsahibə şansı qazanan namizədlər seçilir və bu barədə məlumat e-poçtla göndərilir.
Referans məktubları və təhsil sənədləri
Deməli, sistem üzərindən müraciətin son tarixinə qədər (yəni, noyabr 2, 2021) referans məktublarının özünü sistemə yükləməyə ehtiyac yoxdur. Sadəcə, namizəd, 2 şəxsin adını yazsa, kifayət edir. Növbəti mərhələyə (yəni, müsahibə) keçə bilən namizədlər isə, 22 fevral 2022-ci il tarixinə qədər referans məktublarını sistemə yükləməlidirlər.
Adətən, fevralın sonundan aprelin sonuna qədər isə namizəd, əvvəlki təhsil sənədlərini də (Bakalavr diplomu və əlavəsi) sistemə yükləməlidir.
Müsahibə
Bu mərhələ adətən fevralın sonundan aprelin sonuna qədər planlaşdırılır və dəqiq tarix seçiləcəyi halda namizədin e-poçt ünvanına göndərilir. Müsahibə, referans və təhsil sənədlərinin sistemə yüklənilməsi ilə eyni ayları əhatə etməsinə baxmayaraq, müsahibə ən sonuncu mərhələ sayılır.
Nəticələrin elanı
Qaliblərlərin adları, iş təcrübəsi, əvvəlki təhsil nəticələri, yazdıqları esselər və müsahibə nəticələri əsasında qiymətləndirilərək, adətən iyun ayında elan olunur. Yuxarıda qeyd etdiyim kimi, iyulun ortalarına qədər isə seçilmiş 3 ixtisasdan birindən tam qəbul sənədini sistemə yükləmək lazımdır.
Təqüd nəyi əhatə edir?
Chevening təqaüd proqramının maliyyə dəstəyi aşağıda qeyd olunanları əhatə edir:
- 1 illik tam təhsil haqqını;
- Aylıq yaşayış xərcləri (qidalanma və yaşayış yeri); Təqaüdün miqdarı London və ya kənar şəhər olmaqla müəyyənləşdirilir və aylıq təqaüd miqdarı nəticələr elan olunduqda hər qalibə fərdi şəkildə bildirilir.
- Birləşmiş Krallığa getmək və qayıtmaq üçün ekonom bilet xərci;
- Viza xərcləri;
- Birləşmiş Krallığa ilk gəldikdə və proqramın sonunda birdəfəlik maddi yardım;
- Proqram müddətində Chevening tərəfindən təşkil olunan görüşlərdə/layihələrdə iştirak üçün maddi dəstək;
- Tələb olunarsa, 75 funt sterlinqə qədər tuberkuloz (vərəm) testinin xərci.
Səhvlər haqqında
Birləşmiş Krallığın Chevening təqaüd proqramı öz rəsmi səhifəsində qeyd edir ki, namizədlər adətən bir neçə məsələdə səhvə yol verirlər. Ən çox buraxılan səhvlərə sistem üzərində şəxsi məlumatların düzgün yazılmaması, 2,800 iş saatının tam ödənməməsi, 3 eyni və ya yaxın magistr proqramının bir universitetdən seçilməsi, esselərdə eyni fikirlərin (nailiyyətlərin, nəticələrin) yazılması, plagiat məzmundan istifadə (Diplom işinin yazılma qaydaları haqqındakı məqaləmi oxuyun) və zəif ingiliscə yazılmış esse və/və ya motivasiya hissəsi aiddir.
Bu baxımdan, sistem üzərində anketi dolduran zaman maksimum diqqət ayrılmalı və hər bir şəxsi nailiyyət tam şəffaflıqla yazılmalıdır. Qeyri-dəqiq verilmiş istənilən məlumat (məsələn, 2 illik iş təcrübəsi olmadığı halda, sistemdə varmış kimi qeyd etmək) aşkara çıxarsa, heç bir şərt olmadan, təqaüd müraciəti ləğv olunacaqdır.