Azərbaycanda mobil internet

Azərbaycanda mobil internet

Son yenilənmə tarixi: 29/04/2025

Azərbaycanda mobil internet xidmətləri inkişaf etmək istəyən və inkişafa açıq olan ölkələrlə, xüsusilə qiymət baxımından açıq-aşkar şəkildə rəqabətə uduzur. Bunun səbəbləri aydındır, yazının məqsədi bu olmadığı üçün səbəbləri barədə yazmayacam. Polşa haqqımda yazımda bildirmişdim ki, bu ölkədə daha ucuz qiymətə daha keyfiyyətli mobil xidmətlər görmək mümkündür. Təbii ki, hal-hazırda Azərbaycanda yaşadığım üçün 3 operatorun: Azercell, Bakcell və Azerfon (Nar) şirkətlərinin təklif etdiyi internet paketlərini müqayisə etmək və sonda öz fikirlərimi bölüşmək istərdim.

Azərbaycanda mobil internet qiymətləri

Aşağıdakı cədvəldə hər 3 yəni, AzercellBakcell  Nar operatorlarının təklif etdiyi mobil internet paketlərini bir araya yığmışam.

Həcm İstifadə müddəti Azercell Bakcell Nar
50 MB 15 gün 1 AZN
60 MB 15 gün 1 AZN 1 AZN
200 MB 20 gün 2 AZN
500 MB 30 gün 3 AZN 3 AZN
600 MB 30 gün 3 AZN
1 GB 30 gün 5 AZN 5 AZN
1,5 GB 30 gün 6 AZN
2GB 30 gün 8 AZN
5 GB 30 gün 10 AZN 10 AZN 10 AZN
7 GB* 30 gün 13 AZN
10 GB 30 gün 15 AZN 15 AZN
20 GB* 30 gün 25 AZN
30 GB 30 gün 25 AZN
40 GB* 30 gün 35
50 GB 30 gün 30 AZN

* Nar 00:00-07:59 arasında ulduzlu mobil internet paketləri daxilində limitsiz gecə istifadəsini də təklif edir.

Diqqət çəkən məqamlar

Ən çox diqqətimi çəkən məqam hər 3 operatorun aşağı-yuxarı eyni həcmdə olan mobil  internet paketini eyni qiymətə satmasıdır. Hətta aşağı həcmdə olan internet paketləri üçün nəzərdə tutulmuş müddət də demək olar ki, eynidir. Obyektivlik xatirinə demək olar ki, Nar internet trafikinin həcmində bir qədər daha humanist mövqedədir. Hər 3 operatoru birləşdirən ən gülməli və acınacaqlı cəhət isə 2020-ci ildə 50-60 MB (?!) internet trafikinin təklif olunmasıdır. Nəzərə alanda ki, hava-su kimi istifadə olunan Whatsapp proqramında səsli mesaj belə bəzən 0,5 MB həcmdə olur, bu şirkətlərin hesablamalarına görə abunəçi 200 səsli mesajı göndərib, daha sonra internetə yenidən 1 AZN xərcləməlidir. Görəsən, bu şirkətlərin başında duran şəxslər bu qədər absurd bir internet həcminin hansı əsaslarla hesablanıb verildiyini necə izah edə bilərlər?

Yekun

Azərbaycanda fəaliyyət göstərən hər 3 operatoru “eyni bezin qırağı” adlandırsaq, yanılmarıq. Əgər eyni bezin qırağı olmasaydılar, qiymətlər, internet trafikinin istifadə müddəti və internet üçün verilmiş həcm bu qədər bir-birinə yaxın olmazdı. 1 dəqiqə hesablanan danışıq intervalını, ödənişli xidmətlərə avtomatik qoşulmaqla baş tutan oğurluğu, müştəri xidmətlərinə olunan zəngin ödənişli olması və s. bu kimi faktları da əlavə etsək, niyə bu qənaətə gəldiyimi açıq-aydın anlamaq olar.

Scroll to Top