Son yenilənmə tarixi: 29/04/2025
Aşağı IELTS balı ilə xaricdə təhsil almaq olarmı? Bu suala cavab verməzdən öncə qeyd edim ki, IELTS və ya TOEFL sertifikatları olmadan xarici universitetlərə müraciət etməyi ən yaxşı seçimlərdən hesab etmirəm. Qeyd olunan linkdə sertifikatın olmamasının mənfi tərəfləri barədə yazdığım üçün, bu yazıda daha çox çalışmışam ki, aşağı IELTS balı ilə müraciət mümkün olan universitetlər haqqında yazım. İlk öncə bildirmək istərdim ki, burada söhbət universitetə müraciət etməkdən gedir, yəni minimal bal qəbul olmaq anlamına gəlməməlidir.
Aşağı bal və keyfiyyətsiz təhsil
Aşağı IELTS balını qəbul edən universitet keyfiyyətsizdirmi? Qısaca olaraq demək olar ki, xeyr. Adını bu yazıda çəkdiyim və güvəndiyim universitetlərdəki təhsilin keyfiyyətli olmasına şübhəm yoxdur. Burada əsas məsələ budur ki, tələbə təhsil aldığı müddət ərzində öz üzərində işləyib, proqramın sonunda daha mükəmməl dil bilikləri və ixtisasyönümlü biliklərə sahib ola bilər. Təsəvvür edin ki, kimsə 650 balla Azərbaycanda prestijli universitet və ixtisasa qəbul olur, lakin 4 ilin sonunda güc-bəla ilə universiteti bitirir. Yəni, avtomatik olaraq 650 ballıq universitet və ixtisas “keyfiyyətli təhsil alacam” anlamına gəlmir. Eləcə də, 350-400 balla universitetə qəbul olan şəxs, gələcəkdə daha yaxşı karyera qura bilir. Yekun olaraq, minimal dil tələbini belə anlamaq lazımdır: Tələbə keçiriləcək dərsləri və materialları IELTS 5,5 ilə qavraya və universiteti bitirmək üçün minimal tapşırıqları yerinə yetirə bilər.
Qəbula 100 faiz zəmanət
Aşağı sertifikat balı qəbula 100% zəmanət verirmi? Suala cavab vermək üçün həmin ili həmin universitet və ixtisasa müraciətləri analiz etmək və tələbatı anlamağımız lazımdır. Deyək ki, Riqa Texniki Universiteti Kompüter sistemləri ixtisasına müraciət edən şəxsin sənədlərinə baxmaq üçün minimal olaraq IELTS 5,5/TOEFL 75 tələb edir. RTU bu ixtisas üzrə 30 yer açır. Həmin ixtisasa müraciət edən 45 namizədin isə hamısında IELTS 6,0 sertifikatı var. Bu ssenari üzrə düşünsək, avtomatik olaraq IELTS 5,5 müraciət üçün kifayət etsə də, qəbul üçün bəs etmir. Dolayısıyla, minimal dil sertifikatı balı qəbula zəmanət vermir.
Avropanın universitetlərinə müraciət
Avropanın hansı universitetlərinə müraciət edə bilərəm? IELTS 5,5/TOEFL 75 ilə müraciət oluna biləcək universitetləri QS Dünya Reytinqinə əsasən sıralamaq istərdim ki, subyektiv yanaşmadan uzaqlaşaraq şəffaflığı saxlayım. Universitetin qarşısında yazılmış rəqəm isə (məsələn, #650) onun dünya reytinqindəki yerini göstərir.
- Tartu Universiteti (#301)
- Varşava Universiteti (#349)
- Vilnüs Universiteti (#458)
- Vilnüs Gedimina Texniki Universiteti (#591-600)
- Kaunas Texniki Universiteti (#751-800)
- Tallinn Universiteti (#801-1000)
- Vytautas Magnus Universiteti (#801-1000)
Yekun
Aşağı IELTS balı ilə xaricdə təhsil yazısında yekun olaraq bildirmək istərdim ki, Avropanın çox az sayda da olsa, müəyyən yaxşı universitetləri vardır ki, buraya müraciət üçün IELTS 5,5/TOEFL 75 kifayət edir. Əlbəttə ki, işi bir qədər sığortalamaq üçün yaxşı olardı ki, bir qədər yüksək bal əldə olunsun (məsələn, IELTS 6,0+). IELTS 6,0 sertifikat balı həm müraciət edən şəxsi daha güclü namizədə çevirir, həm də daha çox universitetə müraciət şansı qazandırır. Çünki, Avropanın əksər universitetlərinə müraciət üçün minimal olaraq IELTS 6,0 balı tələb olunur.