Son yenilənmə tarixi: 29/04/2025
Almaniyada bakalavr və studienkolleg haqqında yazının məqsədi bu ölkənin bakalavr təhsil sistemini aydın anlamaqdan ibarətdir. Çünki Azərbaycan və Almaniya təhsil sistemləri arasındakı fərq, orta məktəbi bitirən yoldaşların birbaşa Almaniyada bakalavr təhsilinə başlamağına maneə olur.
Almaniyada bakalavr şərti
İlk öncə istərdim ki, bakalavr təhsilinə başlamaq üçün əsas şərtlərə toxunum. Almaniyanın təhsil sisteminə əsasən, bakalavra başlamaq üçün ilk şərt 12 illik orta məktəb təhsilidir. Sadələşdirilmiş formada desək, Azərbaycanın orta məktəb attestatı ilə birbaşa Almaniyada bakalavr təhsilinə başlamaq mümkün deyil. Belə olan halda nə etməli? İki variantla bu məsələni yoluna qoymaq olar:
- Məktəbi bitirən şəxs Azərbaycandakı bir universitetə qəbul olur və ilk kursu bitirdikdən sonra Almaniyada təhsilini davam etdirir. Amma Azərbaycandakı bir il Almaniyanın 12 illik orta məktəb təhsili (11 il orta məktəb+1-ci kurs) kimi qəbul olunur. Yəni birinci kursu bitirən tələbə bakalavr təhsilinə yenidən Almaniyada birinci kursdan başlayır.
- Digər bir variant isə, şagirdin Azərbaycanda orta məktəbi bitirib, Almaniyada “Studienkolleg” adlanan universitet öncəsi kollecə (Foundation kimi də adlandırmaq olar) qəbul olunması ilə baş tutur. Şagird orada bir illik təhsil aldıqdan sonra isə imtahan verir və alman universitetlərinə qəbul üçün şans qazanır. Bu baxımdan, studienkolleg-in nə olduğuna baxaq.
Studienkolleg
Studienkolleg nə deməkdir?
Bunu, universitetə qəbul üçün hazırlıq kimi də başa düşmək olar. Bəzi Avropa universitetlərində Foundation adlanan bu kimi hazırlıq kursu, məhz Almaniyada Studienkolleg adlanır. Bu 1 illik hazırlıq kursunun məqsədi alman təhsil sistemi ilə uyğun olmayan ölkələrin şagirdlərini bakalavr qəbulu üçün hazırlamaqdan ibarətdir. Yuxarıda yazıldığı kimi bir azərbaycanlı tələbə 11 illik orta məktəb təhsilindən sonra Almaniyada bakalavr oxumaq üçün “Studienkolleg” variantından istifadə edə bilər.
Almaniyada “Studienkolleg”-lərdə keçirilən fənnlər seçilmiş ixtisasla bağlıdır. Yəni, şagird kollecdə T, M, W, G və S kursları üzrə təhsil alır və bundan sonra həmin kursların fənlərinə uyğun olaraq imtahan verib, bakalavr üçün qəbul şansını qazanır. T texniki, M tibbi, W sosial elmlər, iqtisadiyyat və biznes, G humanitar, S isə filologiya sahəsində bakalavr təhsili almaq üçün nəzərdə tutulmuş kurs formalarıdır. Dolayısıyla, tələbə İqtisadiyyat üzrə bakalavr təhsili almaq üçün “Stuidenkolleg”-də W kursunu keçir, imtahan verir və uğurlu olacağı halda Almaniyada bakalavr təhsilinə başlayır.
Studienkolleg-ə qəbul şərtləri
Dövlət Studienkolleg-lərinə birbaşa qəbul olmaq mümkün deyil. Yəni, tələbə ilk öncə bakalavr təhsili almaq üçün ixtisasını seçərək universitetə müraciət edir və universitet həmin şagirdin sənədlərini (uyğun bildiyi halda), Studienkolleg-ə yönləndirir. Studienkolleg-ə qəbul üçün alman dilini minimum B1 səviyyəsində bilmək tələb olunur. Amma alman dilini B1 səviyyəsində bilmək qəbul şanslarına neqativ təsir edə bilər. Bu baxımdan, tövsiyə olunan alman dil biliyi səviyyəsi B2-dir. Şagirdin dil biliyini göstərən sertifikatı (TesDaF, DSH və s.) mütləq olmalıdır.
Dil biliyi sertifikatı olsa belə, studienkolleg-ə qəbul olmaq üçün alman dilindən mütləq imtahan vermək tələb olunur. Alman dilində savayı yuxarıda yazılan kursun növlərinə (T, M, W, G və S) görə də əlavə fənn üzrə imtahan verilir. Məsələn, T kursu üzrə studienkolleg oxumaq istəyən tələbə əlavə olaraq riyaziyyatdan da imtahan verməlidir. Studienkolleg-ə qəbul və bitirmək üçün verilən imtahanların demək olar ki, hamısı Almaniyada təşkil olunur.
Studienkolleg-ə qəbul olmaq üçün son müraciət tarixi Almaniyanın əyalətlərinə görə dəyişir. Məsələn, Münhen Kollecində dərslər hər ilin mart ayının 15-i və oktyabr ayının 1-i başladığı üçün son müraciət tarixi 15 yanvar (martın 15-i başlayan dərslər üçün) və 15 iyuldur (oktyabrın 1-i başlayan dərslər üçün).
Studienkolleg-in xərcləri
Əvvəlki Almaniyada ödənişsiz təhsil haqqında yazımda qeyd etmişdim ki, bu ölkədə dövlət universitetlərinin təhsil haqları Almaniyanın vilayətlərindən asılı olaraq, illik 3.300 avroya qədər ola bilir. Amma bu ödənişlər kolleclər üçün keçərli deyil. Bir qayda olaraq, kolleclərin illik xərcləri 100-400 avro arasında dəyişə bilər. Yekun olaraq, Studienkolleg-in xərcini dəqiqləşdirməkdən ötrü onun hansı vilayətdə yerləşdiyinə baxmaq lazımdır.
Digər diqqət tələb edən məqamlar
Almaniyada özəl Studienkolleg və ya Foundation kurslar var. Amma burada əsas məsələ odur ki, bu hazırlıq kursunu bitirən şagird Almaniyanın FSP imtahanına (Feststellungsprüfung, yəni universitetə qəbul üçün imtahan) giriş hüququ əldə etsin. Bütün bakalavra qədər hazırlıq kurslarında bu şans olmur. Bu baxımdan özəl studienkolleg və ya foundation kurslar seçərkən onların şərtləri ilə hərtərəfli tanış olmaq lazımdır.