Son yenilənmə tarixi: 29/04/2025
Almaniya təhsil vizası üçün tələblər məqaləmdə istərdim ki, təhsil vizası zamanı tələb olunan sənədlərin siyahısı ilə tanış olaq və bu sənədləri düzgün qaydada hazırlamaq qaydalarına baxaq. Daha sonra isə Almaniya viza mərkəzində görüşün alınması üçün qaydalara və vizadan müsbət cavab almaq üçün nüanslara toxunmaq istərdim.
Tələb olunan sənədlər
Almaniya təhsil vizasına müraciət zamanı adətən aşağıda qeyd olunan sənədlər tələb olunur.
Əsas sənədlər
Qeyd olunan sənədlər viza mərkəzi tərəfindən mütləq şəkildə tələb olunur. Bu sənədlərin birində problem olarsa, viza mərkəzi müraciəti qəbul etməyə bilər.
- Pasport
- 2 boş səhifəsi olmalıdır;
- Sənədin əsli və şəkilli səhifənin (əgər varsa, şengen vizaları, ölkələrə giriş-çıxış möhürləri və qeydlər olan bütün səhifələrin) 2 ədəd surəti təqdim olunmalıdır.
- Şəxsiyyət vəsiqəsi
- Sənədin əsli və 2 ədəd surəti təqdim olunmalıdır.
- Milli viza üçün ərizə forması
- Ərizə forması https://videx-national.diplo.de/videx/visum-erfassung/#/videx-langfristiger-aufenthalt keçidi üzərindən doldurulmalıdır;
- Forma 2 ədəd hazırlanmalıdır;
- Alman dilində doldurulmalıdır;
- Ərizənin sonunda yer və tarix yazılmalı, şəxsən imzalanmalıdır;
- Bax: ərizənin nümunəsi.
- Ərizə üçün rəngli fotoşəkil
- 2 ədəd tələb olunur;
- Ölçüləri 3.5×4.5 sm, ağ fonda və biometrik olmalıdır;
- Ən köhnə halda 6 ay ərzində çəkilməlidir.
- Tibbi sığorta
- Sığorta məbləği 30.000 avro hesablanmalıdır;
- Müraciətçinin Almaniyada ilk 90 gününü əhatə etməlidir;
- Əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- Bütün Şengen ölkələri üçün (bax: Şengen zona) keçərli olmalıdır;
- Sığorta viza qərarı verildikdən sonra səfirliyə təqdim olunmalıdır.
- Maliyyə dəstəyinin sübutu
- Maliyyə sənədləri qeyd olunan variantların biri (və ya bir neçəsi) ilə sübut oluna bilər:
- Almaniyada bloklaşdırılmış bank hesabı (Fintiba, Expatrio və s.) və həmin hesaba minimal məbləği (2023-cü il üçün minimum 11.208 avro) mədaxil etməklə;
- Aylıq ən azı 934 avro təqaüd qazanılması barədə məktubla;
- “Almaniyada Yaşamaq haqqında Qanunun” 66-68-ci maddələrində qeyd olunmuş öhdəlik haqqında rəsmi bəyanatın əsli (6 aydan köhnə olmamaqla; öhdəlikdə səfərin məqsədi: təhsil göstərilməlidir və ödəmə qabiliyyəti sübut olunmalıdır);
- Sənədin əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- Qəbul məktubu
- Universitet tərəfindən göndərilmiş qəbul sənədi və ya universitetə müraciət olunması ilə bağlı sənəd;
- Sənədin əsli (və ya PDF forması) və 2 ədəd surəti hazırlanmalıdır.
- Dil biliyinin sübutu
- Beynəlxalq dil sertifikatının əsli və 2 ədəd surəti hazırlanmalıdır;
- Əvvəlki təhsilin ingiliscə alınması ilə bağlı arayışın əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- Əvvəlki təhsilin sənədləri
- Bakalavr üçün attestat, magistratura oxuyacaq tələbələr üçün isə bakalavr diplomu (və ya arayış) və diplom əlavəsi (və ya transkript) hazırlanmalıdır;
- İngilis və ya alman dilinə notarial tərcümə olunmalıdır;
- Əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- Motivasiya məktubu
- Təhsilə dair məlumatlar (ixtisas sahəsi, region və s.) qeyd olunaraq hazırlanmalıdır;
- Təhsil alınacağı (ingilis, alman və s.) dildə yazılmalıdır;
- Əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- Tərcümeyi-hal və ya CV
- Orta təhsil və peşə fəaliyyəti haqqında yazılmalıdır;
- Alman dilində hazırlanmalı və ya alman dilinə tərcümə olunmalıdır;
- Əsli və 2 ədəd surəti hazırlanmalıdır.
- 18 yaşına çatmamış tələbələr üçün
- Tələbənin doğum haqqında şəhadətnaməsi
- Alman dilinə notarial tərcümə olunmalıdır;
- 2 ədəd surəti çıxarılmalıdır.
- Tələbənin Almaniyada yaşaması üçün razılıq ərizəsi
- Tələbənin Almaniyada yaşaması üçün razılıq ərizəsi hər iki valideyn tərəfindən notarial qaydada verilməlidir;
- Alman dilinə notarial tərcümə olunmalıdır;
- 1 ədəd sadə surəti çıxarılmalıdır.
Dəstəkləyici sənədlər
Dəstəkləyici sənədləri tələbələrimiz hər zaman ona görə tövsiyə edirəm ki, bəzən səfirlik və ya viza mərkəzi tələb olunan sənədlərə əlavələr edir və bu məlumatı əvvəlcədən paylaşmır. Belə olduğu halda əlavə sənədləri aparmaq bizə heç zaman ziyan gətirməz. Keçək, siyahıya.
- Uçuş biletinin bronu
- Təktərəfli təyyarə bilet bronu;
- Sənədin əsli (və ya PDF forması) və 2 ədəd surəti hazırlanmalıdır.
- Yaşayış yeri barədə sənəd
- Yataqxana, kirayə ev və ya otel bron sənədi;
- Sənədin əsli (və ya PDF forması) və 2 ədəd surəti hazırlanmalıdır.
- İxtisaslaşmaya dair sənədlər
- İş yerindən arayış və s. alman dilinə notarial tərcümə olunmalıdır;
- Sənədin əsli və 2 ədəd surəti hazırlanmalıdır.
Görüş gününün götürülməsi və rüsumlar
Görüş günün götürülməsi üçün https://az-appointment.visametric.com/az keçidi üzərindən qeydiyyatdan keçmək və uyğun gün və saatı seçərək təsdiqləmək lazımdır. Qeyd edim ki, viza müraciəti zamanı Almaniyanın viza mərkəzi hesab olunan VisaMetric şirkətində şəxsi iştirak tələb olunur.
Viza rüsumları VisaMetric şirkətində nağd şəkildə ödənilir. Rüsumlara gəlincə isə, 2023-cü il üçün aşağıdakı rüsumlar keçərlidir:
- Səfirliyin rüsumu 138 AZN-dir;
- VisaMetric şirkətinin rüsumu 51 AZN-dir;
Əlavə qeydlər
Ən sonda isə bir neçə qeydimi sizinlə bölüşmək istərdim.
- Milli viza üçün müraciətə dair ümumi məlumatlar və məlumat vərəqəsi ilə tanış olun;
- Səfirlik əlavə sənədləri tələb etmək hüququnu özündə saxlayır;
- Vizanın cavablandırılması üçün müddət 4-8 həftədir;
- Səfirlik viza qərarı verilənədək pasportu özündə saxlayır;
- Viza müraciəti üçün sənədlərin tam şəkildə təqdimatı vizanın müsbət qərarlandırılacağına zəmanət vermir;
- Səfirliyin rüsumu istənilən halda geri qaytarılmır.
Vizadan müsbət cavab üçün nüanslar
Ümumiyyətlə, nəinki Almaniya eləcə də, digər viza tələb edən ölkələrin viza cavablarında imtina riski hər zaman vardır. Polşa üçün təhsil vizası və Viza müraciətinə imtina almamaq üçün tövsiyələr haqqındakı məqalələrimdə imtina riskini azaltmaq üçün bir sıra məqamlara toxunmuşdum. Burada da eyni nüanslar haqqında danışa bilərik. Çalışmaq lazımdır ki, universitet ən azı orta keyfiyyətə malik olsun. İkinci məsələ odur ki, magistratura oxumaq istəyən şəxs bacardığı qədər öz ixtisasına yaxın (alman dövlət universitetləri yaxın ixtisasa çox ciddi diqqət edirlər) bir ixtisas oxusun. 3-cü məsələ isə sırf maddi tərəflə bağlıdır. Almaniyada qohumları işləyən şəxslər sponsorluq sənədini təqdim edəndə, bir qədər baş ağrısı yaşaya bilərlər. Bu baxımdan, ciddi şəkildə tövsiyə edirəm ki, tələbə bloklaşdırılmış bank hesabına üstünlük versin.
Səfirlik açıq şəkildə bildirməsə də, az da olsa, alman dil biliyi üstünlük sayılır. Vizadan imtina riskləri varsa, məsələn, yaşı bir qədər çox olan, amma ikinci bakalavr təhsili almaq istəyən tələbələr, buna daha çox diqqət etməlidirlər. Almaniyaya gedənə qədər viza tələb etməyən ölkələrə səyahət etmək də müsbət hal kimi qeydə alınır. Əlbəttə ki, bu kimi məsələlərin hamısını tam yerinə yetirmək yüz faiz müsbət nəticə deyil. Sadəcə olaraq, ziyanı yoxdur ki, daha çox xeyri var.
Ünvan və əlaqə vasitələri
Viza mərkəzinin məlumatları aşağıdakı kimidir:
Ünvan: D.Əliyeva küçəsi 106, Winter Park Plaza, 1-ci mərtəbə, Bakı, Azərbaycan
Əlaqə nömrəsi: +994 12 599 88 12
Veb səhifə: https://www.visametric.com/Azerbaijan/Germany/az